Həyatını xalqın maariflənməsinə, gələcəyimiz olan uşaqların tərbiyəsinə həsr edən, qəlbi hər zaman vətən və elm sevgisi ilə döyünən fədakar bir müəllimin 42 illik pedaqoji fəaliyyəti arxada qaldı. Bu yol sadə bir yol deyil; o, çətinliklərdən, köçkünlük ağrılarından keçən, lakin heç bir zaman sınmayan, əyilməyən, öz müqəddəs missiyasına sadiq qalan bir ziyalının ömür yoludur.
Bu şərəfli yolun yolçusu müsahibimiz Sevil xanım Əlişovadır. Sevil Əlişova — əslən Kəlbəcər rayonundan olan keçmiş məcburi köçkün, müəllimə və ictimai fəaldır. O, uzun illər məcburi köçkünlük dövründə Mingəçevir şəhərində məskunlaşıb və burada yaşayıb. Mingəçevirdə keçirilən müxtəlif dövlət tədbirlərində, xüsusilə YAP Kəlbəcər rayon təşkilatının yığıncaqlarında və 31 Mart Soyqırımı qurbanlarının anım mərasimlərində Kəlbəcər ziyalısı və müəlliməsi kimi aktiv çıxışlar edərək tanınıb.
Sevil xanım 1956-cı ildə Kəlbəcər rayonunun Zülfüqarlı kəndində anadan olub, ilk addımlarını Kəlbəcərin uca dağları qoynunda, o saf və təmiz mühitdə atmışdı. 1975-ci ildə Gəncə Dövlət Pedoqoji Universitetinin Azərbaycan dili və Ədəbiyyat fakultəsini fərqlənmə diplomu ilə bitirib.1979-cu ildə Kəlbəcər rayonu Zülfüqarlı kəndinə ixtisası üzrə müəllim təyin olunub. Sənətini-peşəsini sevən Sevil xanım Kəlbəcər məktəblərində şagirdlərinə ilk hərfləri, doğma vətəni sevməyi öyrədən müəllim, taleyin acı sınağı ilə yurdundan-yuvasından didərgin düşəndə də öz peşəsinə xəyanət etmədi. İşığını, elmi özü ilə bərabər Mingəçevirə gətirdi. Nur şəhəri olan Mingəçevirdə də eyni sevgi, eyni coşğu və yüksək məsuliyyətlə pedaqoji fəaliyyətini davam etdirdi.42 il ərzində neçə-neçə nəsil onun xeyir-duası ilə həyata atıldı, yüzlərlə şagirdi həkim, mühəndis, hərbçi və ən əsası, vətənə layiqli vətəndaş kimi yetişdi.
Müəllim əməyi elə bir toxumdur ki, o, zaman keçdikcə cücərir, bəhrə verir. Bu gün təqaüdə çıxan dəyərli müəllimimizin ən böyük mükafatı da məhz yetişdirdiyi o gənclərin uğurları, ona olan sonsuz hörmət və sevgidir.Əziz Müəllim! Sizin qazandığınız ən böyük rütbə xalqın, şagirdlərinizin qəlbində ucaltdığınız o uca zirvədir. 42 illik fədakar əməyiniz, dözümünüz və ziyalılığınız qarşısında baş əyirik. Sizin işığınız hər zaman bizimlədir! Müəllim əməyi ilə yüksələn ömür: 42 illik şərəfli və fədakar bir müəllim ömrü…
Kəlbəcərin dağ məktəblərindən başlayıb Mingəçevirə qədər uzanan, minlərlə qəlbə işıq salan bir elm və ziyalılıq yolu. Bu, sadəcə bir peşə fəaliyyəti deyil, bütöv bir nəslin formalaşmasında müstəsna xidmətləri olan əsl fədakarlıq dastanıdır. Həyat sən nə qəribəsən…
1993-cü il aprel ayının əvvəllərində qəfildən əsən qara yellər Sevil xanımı-onun ailə üzvülərini də yaxaladı.Əslində qədimdən türk məskənləri olan Göyçə,Zəngəzur,Zəngibasar və Dərələyəzdən üzü bəri yol gələn bu qara yel erməni qiyafəsinə bürünərək həmin vaxta kimi çoxlarını dədə-baba yurdundan didərgin salmışdı.Dağ ürəkli Kəlbəcər camaatı beş il ərzində daşnak həmlələrini dəf etməyə özlərində güc tapsalar da sonda erməni-rus hərbi birləşmələrinin qarşısında duruş gətirə bilmədilər.Dəlidağdan,Keytidən,Ceyran bulağından üzü aşağı baş alıb gedən köçkün bir bölümü Mingəçevirdə bənd aldı.
Doğma od-ocaq ocaqlarından perik düşənlərin sırasında Mingəçevirə pənah gətirən Sevil xanım illər boyu dağların o üzündə qalan Kəlbəcəri,dünyaya göz açdığı Zülfüqarlını ürəyinin dərinliklərində nalı çəkən ağılara,bayatılara qatıb özü ilə gəzdirdi. Qürurlu bir insan kimi kiminsə himayəsinə sığınmağı heç ağlına belə gətirməyən bu xanım təzədən özünün çörək ağacının müəllimlik peşəsinin kölgəsinə üz tutdu.
Mingəçevirdəki 18 saylı orta məktəbdə 33 il qabaq ədəbiyyat müəllimi kimi yenidən uşaqların qarşısına çıxan Sevil Əlişovanın kövrək qadın ürəyində el şairi Sücayətin yurd nisgili bir deyimi misra-misra sızladı:
Sınmayadı qanadlarım,
Quş yerinə mən olaydım.
Bir uçaydım Dəli dağa,
Kaş yerinə mən olaydım…
Sevil Əlişova 1979-cu ildən -2021-ci ilə qədər fasiləsiz pedoqoji fəaliyyət göstərib.24 noyabr 2014-cü ildə Mingəçevir şəhər Y.Muradov adına 11 saylı məktəbə direktor vəzifəsinə təyin olunb.20 sentyabr 2021-ci ildə çalışmanın yaş həddinə çatması ilə əlaqədar təqüdə çıxıb.
Sevil xanımın fədakar əməyi indiyə qədər bir sıra medal və Fəxri fərmanlarla təltif edilib. 1986-cı ildə “Əməkdə fəqrlənməyə görə”medalı,2008-ci ildə “Qabaqcıl təhsil işçisi”döş nişanı,2011-ci ildə “Tərəqqi medalı”ilə təltif olunub. Bəlkədə bu cür fenomen yaradıcı müəllim daha yüksək fəxri adlara layiq görülməli idi.
Sevil müəllimə deyir ki,o, əslində titul xatirinə işləməyib, sadəcə olaraq mənsub olduğu peşənin şərəfinə sığınıb. Söz ömrün yelkəniymiş… Hər şeyin-elə ən ağır dərdin özünün də zamana ehtiyacı vardır. Əgər yaşamağa bircə tikə ümid qalıbsa, insan səbrə-dözümə söykənərək növbəti addımlarını ata bilir. Sevil xanım təzə iş yerindəki həmkarlarına tez isinişsə də qəlbinin dərinliklərində haray çəkən yurd nisgilini ağır yük kimi yenə çiyinlərində daşıyırdı.
Günlərin birində qəfilədən 18 yaşlı yeganə övladını-illər uzunu boynunu oxşadığı oğlunun da faciəli ölümünün şahidi oldu… Ağır övlad dərdi onu sarsıtsa da, günlər keçdikcə ölümün haqdan gəldiyinə özünü inandırıb qəddini yavaş-yavaş dikəltdi. Özünün dediyi kimi dərs dediyi uşaqların hər birinin üz cizgilərində dünyadan nakam gedən oğlunun bir cizgisini-nişanəsini tapdı…
Elə əvvəldən də məktəbə, məsum baxışlı uşaqlara qəlbən bağlı olan bu fədakar qadın üzləşdiyi ağır olaylardan sonra Mingəçevirdə də qabaqcıl ədəbiyyat müəllimi kimi tanınmağa başladı. Əslində Sevil xanımı adicə bir müəllim hesab etmək insafsızlıqdır, o sözün həqiqi mənasında yüksək savada, fenomen yaradıcılıq qabiliyyətinə sahib olan bir ədəbiyyatşünasdır. Tədris etdiyi mövzuları uşaqlara dərindən mənimsədib, yaddaşına həkk olunan yüzlərlə şeiri ustalıqla ifa edib, gözəl aparıcılıq qabiliyyəti var idi. Təlimin müxtəlif üsullarından, texniki təlim vasitələrindən bacarıqla istifadə etmişdir. Ən başlıcası isə duyumlu, xeyirxah insandır. Köməyini heç kəsdən əsirgəyən deyil. Ən önəmlisi budur ki, yetirmələrinə ana dilimizi, ədəbiyyatımızı sevdirə bilib. Bir vaxtlar dərs dediyi uşaqların sorağı indi Rusiya Federasiyasının, Türkiyənin, bir sıra Avropa ölkələrinin ali məktəblərindən də gəlir…
Sevil xanım indiki uşaqların çox çevik, gözüaçıq olduğunu vurğulamaqla yanaşı, onların milli dəyərlərə bağlı olmasını da əsas şərtlərdən biri hesab edir. Və arzulayır ki, müəllimlər uşaqlara elə səviyyədə dərs keçsinlər ki, onların repetitorlara ehtiyacı olmasın. Bir də ən ülvi istəyi budur ki, uşaqlar bədii ədəbiyyat nümunələri ilə yetərincə tanış olsunlar…
Nur timsallı şəhərimizdə Sevil xanım kimi ziyalılarımız yaşayır. Artıq 30 ilə yaxın davam edən yurd həsrətinə son qoyulub və Azərbaycan xalqının rəşadəti sayəsində doğma torpaqlarımız, o cümlədən ulu Kəlbəcər azadlığına qovuşub. “Böyük Qayıdış” proqramı çərçivəsində Kəlbəcərə mərhələli şəkildə köç prosesi uğurla davam edir. Uzun illər ölkənin müxtəlif şəhərlərində, o cümlədən Mingəçevirdə məskunlaşmış Kəlbəcər sakinləri artıq böyük qürur və sevinclə öz əbədi və əzəli yurdlarına, yenidən qurulan müasir evlərinə qayıdırlar. Kəlbəcər şəhərində yeni yaşayış məhəllələri salınır, infrastruktur tamamilə bərpa olunur və qədim torpaqlarımız yenidən canlanır.
Esmira Hidayətova,
Mingəçevir