Ələmdar Cəfərov Kəlbəcərin mənəvi xəzinəsidir, vuran ürəyi, döyünən qəlbi, sevinc, fərəh bəxş edən səbəbkarıdlr. Onun həyat yolu, ömür səhifəsi hər zaman soydaşlarımızın qəlbində, yaddaşında özünə yer tapıb. Biz də hər şaman bu nurlu insanın fəaliyyətinə işıq tutmağı özümüzə borc bilmişik. Şükürlər olsun ki, illər keçsə də bizim tutduğumuz bu işıq insanların qəlbindən silinməyib. Bu xüsusda Gültəkin xanımın araşdırması, tədqiqatı, qəzetimizin səhifələrində Ələmdar həkim haqqında gedən yazılara işıq tutması redaksiya olaraq 90 illik bir tarix yaşamış qəzetimizə və bizə dəyəri kimi qiymətləndirərək öz təşəkkürümüzü bu xanıma bildirir, Ələmdar həkimə cansağlığı arzu edirik. Gültəkin xanımın araşdırmasını isə qəzetimizdə yenidən işıqlandırmağı özümüzə həm şərəf, həm də borc bilirik. Yəqin ki, çoxsaylı oxucularımızın da marağına səbəb olacaq.
Şərəflə, fədakarlıqla yaşanan həkim ömrü
AZAD KƏLBƏCƏRİN DƏYƏRLİ ÖVLADI ƏLƏMDAR CƏFƏROVUN HƏYAT VƏ FƏALİYYƏT YOLUNDAN SƏHİFƏLƏR
Şərəflə, fədakarlıqla yaşanan həkim ömrü
Yaşı insanlığın yaşı qədər olan həkimlik çətin və məsuliyyətli bir peşədir. Bu peşə insanın ən qiymətli sərvəti – onun sağlamlığı ilə bağlı olduğu üçün həm də şərəflidir. Pediatr olmaq isə, daha nəcib, daha müqəddəs bir peşədir. Dünyanın ən məsum varlığının, hələ dil açmamış körpələrin, müxtəlif yaşlı uşaqların sağlamlığı keşiyində dayanmaq, öz ürəyinin işığını, sevgisini onlara vermək, daim fövqəladə vəziyyətlərə hazır olmaq əsl qəhrəmanlıq tələb edir.
Varlığı ilə doğma elinə, torpağına bağlı olan bu nadir şəxsiyyət – dağlar oğlu Ələmdar Mədət oğlu Cəfərov doğma Kəlbəcəri düşmən əsarətindən azad etdiyi üçün, Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla, rəşadətli ordumuza sonsuz dərəcədə minnətdardır. Onun Kəlbəcərdə keçdiyi şərəfli həyat yoluna nəzər saldıqda bütün uğurlarına gecə-gündüz yorulmadan çalışaraq, öz gücü, dərin zəkası və peşəsinə olan vurğunluğu sayəsində nail olduğunu izləmək mümkündür.
1945-ci il mayın 2-də Kəlbəcər rayonunun Orta Qaraçanlı kəndində fəhlə ailəsində dünyaya göz açıb. 1941-1945-ci illər müharibəsinin ağrı-acıları, insanların çətin dolanışığı səbəbindən ailə Göyçə mahalına köçür. Orta məktəb təhsilini Göyçə mahalında başa vuran gənc Ələmdar 1965-ci ildə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsinə qəbul olur, 1971-ci ildə ali təhsilini bitirən kimi doğma Kəlbəcərə təyinat alır və rayonunun erməni silahlı birləşmələri tərəfindən işğalınadək (03.04.1993) yorulmadan Kəlbəcər şəhər Uşaq Xəstəxanasında baş həkim vəzifəsində çalışır.
Özünü təsdiq edən insanların ömrü onların əməlləri ilə ölçülür. 22 il (1971-1993) Kəlbəcər şəhəri Uşaq xəstəxanasının baş həkimi işləyən Ələmdar Cəfərov bütün bilik və bacarıqlarını gələcəyimiz olan gül balaların sağlamlığı yolunda sərf edərək gələcəyimizə nəhəng körpülər salıb. Onun keçdiyi bu şərəfli yolu ətraflı işıqlandırmaq üçün Kəlbəcər rayonunun rəsmi orqanı olan “Yenilik” qəzetinin materiallarına müraciət etdik (Bu qiymətli materialları qoruyub saxladıqları üçün Mərkəzi Kitabxananın bütün əməkdaşlarına təşəkkür edirik).
“Yenilik” qəzetinin 1971-1992-ci illərdə işıq üzü görmüş nüsxələrində dərc edilmiş materiallarda, qəzetin redaksiyasına ünvanlanmış məktublarda neçə-neçə ana və atanın Ələmdar həkim haqqında səmimi ürək sözləri, razılıq, minnətdarlıqla yanaşı onun qayğıkeşliyindən, bilik və bacarığından söhbət açılır. Bu yazılarda təmənnasız, gecə-gündüz dinclik bilmədən, bəzən ən çətin şəraitdə belə körpələrin sağlamlığı üçün, yorulmadan çalışan bir insanın şərəfli ömür yolunu izləmək mümkündür:
“Yenilik” qəzetinin əməkdaşı Qənifə Səmədova Tibb İnstitutunu yenicə bitirən, gənc oğlanın ürəyində şirin arzularla öz doğma rayonu Kəlbəcərə həkim işləməyə gəlməsi və elə həmin vaxtdan da Uşaq xəstəxanasına baş həkim vəzifəsinə təyin edilməsi haqda məlumat verərək yazır: “Həkim üçün əhalinin hörmətini qazanmaq hər şeydir. Şəfa verdiyi adamların minnətdarlıqla dolu baxışlarını, gülümsər çöhrələrini gördükdə həkimin necə sevindiyini adi sözlə ifadə etmək çətindir”. O, Ələmdar həkim haqqında iş yoldaşlarının razılıqla danışdığını, onun səmimiyyətindən, bacarığından fərəhlə söhbət açdıqlarını qeyd edərək onu “körpələrin sağlamlığı keşiyində sayıq dayanan, onların gülüşlərini, xoş təbəssümünü qoruyan gənc həkim” adlandırır (bax: Gülüşlərin keşiyində // “Yenilik” qəzeti, 18.06.1972, s.2.)
Kəlbəcər sakini Tamara Mirzəyeva övladları balaca Azər və Yeganəni ağır vəziyyətdə, iş vaxtı bitəndən sonra xəstəxanaya gətirərək Ələmdar həkimə müraciət etdiyini bildirir. Müalicə nəticəsində “bacarıqlı həkimin şəfalı əlləri körpələri həyata qaytardı, övladlarım öz sağlamlığına qovuşdu” – yazaraq qəzet redaksiyasından bacarıqlı və qayğıkeş həkimə sonsuz minnətdarlığını çatdırır (bax: Qayğıkeş həkim // “Yenilik” qəzeti, 09.09.1973, s. 4.)
Kəlbəcər qəsəbə sakini İsa Yusifov isə kiçik oğlu Rizvanı ağır vəziyyətdə, həyatda qalmasına ümidlərinin qalmadığı bir zamanda xəstəxanaya – Ələmdar həkimə çatdıra bildiyini, həkimin səbirlə, xoş təbəssümlə onlara ümid verdiyini, tez bir zamanda övladlarının ağır xəstəlikdən qurtarıb yenidən həyata qaytarmasından bəhs edərək, redaksiya vasitəsilə “təcrübəli, qayğıkeş, şəfalı əlləri neçə-neçə xəstə uşaqları ölümün pəncəsindən qurtarmış, neçə-neçə valideynə sevinc, fərəh bəxş etmiş həkimə” – Ələmdar Cəfərova dərin minnətdarlığının çatdırılmasını xahiş edir (bax: Həkimə minnətdaram // “Yenilik” qəzeti, 25.06.1974, s.4.)
“Öz sənətini dərindən bilmək həmişə adamın başını uca edir, onu şöhrətləndirir, səs-sorağını eldən-elə yayır. Öz işinə ürəklə, vurğunluqla yanaşan adamların adı həmişə ehtiramla çəkilir el içində. Axı birdəki sənət onu vurğunluqla sevənləri sevir. Rayon uşaq xəstəxanasında yüzlərlə ağır xəstəni həyata yenidən qaytaran, hər gün neçə-neçə ailəyə bir dünya şadlıq, bir ümman sevinc verən, bax elə öz ömrünü də sənətinin bəxş etdiyi bu gözəlliklərlə bəzəyən Ələmdar Cəfərov belələrindəndir” – bu cümlələri “Yenilik qəzetinin müxbiri M.Famil hələ 1976-cı ildə yazmışdı (bax: Nəbzlərdə döyünən ürək // “Yenilik” qəzeti, 18.09.1976, s. 4.)
Fatma Mikayılova oğlu Namiqi 40 dərəcə hərarətlə, taqətsiz halda Ələmdar həkimin yanına gətirdiklərini, həkimin onları hədsiz dərəcə mehribanlıq və səmimiyyətlə qarşıladığını, onlara ürək-dirək verərək dərhal müalicəyə başladığını və müalicədən sonra uşağın vəziyyətinin tamamilə düzəldiyini, əvvəlki xəstəlikdən heç bir əlamət qalmadığını yazaraq həkimə səmimi minnətdarlığını bildirirdi (bax: Ana minnətdarlığı // “Yenilik” qəzeti, 17.03.1977, s. 4.)
Kəlbəcər rayon sakini Solmaz Ağayeva körpəsi Anarın qəflətən zəhərləndiyini, ağır vəziyyətdə olan körpəni gecə xəstəxanaya gətirdiklərini və Ələmdar həkimin 3 saat uşağın yanında qalaraq onu müalicə etdiyini və “…nəhayət 10 günlük müalicə və eləcə də həkimin göstərdiyi qayğı nəticəsində ümidimizi kəsdiyimiz körpəmiz yenidən həyata qayıtdı” – yazaraq həkimə dərin ana minnətdarlığının çatdırılmasını xahiş edir (bax: Körpəmiz yenidən həyata qayıtdı // “Yenilik” qəzeti, 02.08.1977, s. 4.)
Keçiliqaya kənd səkkizillik məktəbinin müəllimi Yazgül Nəcəfova oğlu Elnurun qəfil xəstələnməsi, uşağın sağalmasına heç bir ümidlərinin qalmadığını, təlaş və həyəcandan özlərini itirdiklərini, bir ümid qığılcımı ilə uşağı gecə saat 12-də xəstəxanaya gətirdikləri və Ələmdar həkimin uşağı müayinə edərək onları sakitləşdirdiyini, qeyd edərək yazır: “Dörd gün tam ağır vəziyyətdə olan Elnur uzun müalicə əməliyyatlarından sonra ölümün pəncəsindən qurtardı. O, ilk dəfə gözlərini açanda həkim Ələmdarı gördü. Həkimin də gözlərində sanki bir dünya güldü. …Ələmdar həkim bizim gözümüzün işığını yenidən bizə qaytardı” (bax: Övlad gözün işığıdır // “Yenilik” qəzeti, 02.02.1978, s.4.)
Əyyub Mahmudov da ağır xəstələnən körpəsinin Ələmdar həkim tərəfindən bir həftəlik müalicədən sonra həzin qığıltısının, xoş təbəssümünün yenə əvvəlki kimi təzələndiyini, elə bil dünyanın onlara yenidən bağışlandığını yazaraq həkimə səmimi minnətdarlıq hisslərinin çatdırılmasını xahiş edir (bax: Bala dadı bal dadı // “Yenilik” qəzeti, 18.03.1979, s. 4.)
Sınıqkilsə kənd sakini Əli Şamilov öz məktubunda 3 yaşlı oğlu Muradın körpə vaxtından başlayaraq tez-tez özündən getdiyini, uşağı dəfələrlə həkimə göstərdiklərini və aparılan müalicələrin heç bir nəticə vermədiyini qeyd edir. Nəhayət uşağı rayon uşaq xəstəxanasına Ələmdar həkimin yanına gətirdiyini və bir aylıq müalicədən sonra sağ-salamat evə apardığını, ailənin son dərəcə sevincini redaksiya ilə bölüşərək, Ələmdar Cəfərova ailə üzvlərinin minnətdarlığını çatdırmağı xahiş edirdi (bax: Minnətdarlığımızı bildiririk // “Yenilik” qəzeti, 27.06.1978, s. 4.)
Kəlbəcər qəsəbə sakini, gənc ana Fəridə Nağıyeva öz yazısında hisslərini bütün oxucularla bölüşərək gecə saat 12-də körpəsi Aytənin bərk xəstələndiyini, ümid qapısı olaraq Ələmdar həkimi narahat etdiklərini, həkimin körpəyə ilk yardım göstərdiyini və uşağın sağlamlığını bərpa olunduğunu yazaraq, redaksiyadan gənc analar adından həkim Ələmdar Cəfərova dərin minnətdarlığını bildirmişdi (bax: Həkimə minnətdarıq // “Yenilik” qəzeti, 21.06.1979, s. 4.)
İstibulaq kənd sakini Elman Bayramovun yazısından məlum olur ki, ailənin 10 il ərzində bir neçə körpəsi sağlam dünyaya gəlsə də, bu uşaqlar cəmi bir neçə ay yaşamış, sonra xəstələnərək tələf olmuşlar. Bu dəhşətli faciədən xəbər tutan Ələmdar həkim Elmanı yanına çağırıb, bərk-bərk tapşırır ki, növbəti uşaq doğum evində dünyaya gəlməlidir və sonra uşağı özü müalicə edəcəyini bildirir. E.Bayramov bu haqda yazır: “Həkimin sözünü eşitdik, amma heç ümidimiz yox idi. Qızımız dünyaya gəldi. Adını Hicran qoydum. Həkim onu müalicəyə başladı. Hicran totuq qız olub “ana” sözünü şirin-şirin deyəndə oğlumuz dünyaya gəldi. Onun da adını Həsrət yazdırdım. O, da müalicə olundu. Biz Həsrəti xəstəxanadan çıxarıb aparan zaman həkimə minnətdarlığımızı söyləyib, razılığımızı bildirəndə, həkim gözləmədiyimiz halda bildirdi ki, bizdən narazıdır. Biz narahat olanda gülümsəyib dedi ki, uşaqların adını ata, ana qoymalıdır. Amma sizin bu uşaqların birini Hicran, birini Həsrət adlandırmağınız məni tutmur. Növbəti uşağın adını indidən mən qoyuram – Qalib! …Bu xoşbəxtliyi bizə yaşadan həkimə ömrümüz boyu minnətdarıq” (bax: Bala baldan şirindir // “Yenilik” qəzeti, 10.03.1980, s. 4.)
İstisu sanatoriyasının həkimi Xıdır Bayramov məktubunda, özü həkim olsa da, qızı Mətanətin ağır xəstələnməsindən, həyatla ölüm arasında çarpışan övladının harayına Ələmdar Cəfərovun yetişməsindən bəhs edir. O yazır: “Mən işlədiyim illər ərzində çox xəstəni müalicə etmişəm, çox adamın minnətdarlıq kəlmələri ünvanıma deyilib. Lakin Ə.Cəfərovun yüksək etikası, həssaslığı, mehribanlığı məni valeh etdi. Onun şəfalı əlləri ata qəlbimi göynərtili qoymadı, körpə balamı yenidən həyata qaytardı, ömrünə ömür caladı”. Bir həkim, bir valideyn kimi ürəyində olan duyğuları redaksiya ilə bölüşərək Ələmdar həkimə hədsiz minnətdarlığını çatdırırdı (bax: Sağ ol, həkim // “Yenilik” qəzeti, 14.08.1980, s.4.)
Bu minnətdarlıq məktublarının sayını istənilən qədər artırmaq mümkündür.
“Yenilik” qəzetinin əməkdaşı Q.Səmədovanın Kəlbəcər şəhər uşaq xəstəxanasında apardığı bir neçə saatlıq müşahidə əsasında qələmə aldığı yazısında Ələmdar həkimin iş rejiminin bir neçə saatını, onun bitmək, yorulmaq bilməyən əzmini, iradəsini izləmək mümkündür. Həmin sətirləri kiçicik ixtisarla təqdim edirəm: “O, xəstəxanaya daxil olanda, əvvəlcə gözləmə otağındakı anaların qucağındakı körpələrə nəzər salır, ilk dəfə həkimlik sənətinə başladığı kimi, yenə də həyəcan keçirir. Bu, təcrübəsiz bir həkimin inamsızlığından doğan bir həyəcan deyil, onun insanlara olan məhəbbətinin, qayğısının təcəssümüdür. Haqqında söhbət açacağımız uşaq xəstəxanasının baş həkimi Ələmdar Cəfərovdur”.
Ə.Cəfərov qarşısındakı minnətdarlıq məktublarını nəzərdən keçirəndə, yorğun baxışları həyəcanla yazılmış sətirlərdə dikilib qalırdı: “Hörmətli Ələmdar Cəfərov, sizə ömrün boyu minnətdaram. Mənim körpə İlkinimi həyata Siz qaytardınız. Sizin bacarıqlı həkim, qayğıkeş insan kimi sorağınızı uzaq ellərdən eşidib gəlmişdim. Uşağı Siz sağaldıb, ailəmizə sevinc bəxş etdiniz” – Vardenis rayonunun Ağkilsə kəndindən Tanrıverdi Süleymanov.
Sətirlər həkimin gözləri önündə titrədi. Sanki qara sətirlərdə əbədi həyat eşqi ilə parlayan minnətdarlıqla məyus gözlər ona zillənmişdi. Əllərini saçları arasında gəzdirib, “Yox, Tanrıverdi, belə demə, bu, mənim həkimlik borcumdur” – dedi.
Həkimin stolun üstündəki minnətdarlıq məktubunun digərini də Vardenis rayonunun Zod kəndindən göndərmiş Ağalar Cabbarov yazırdı: “Hörmətli Ələmdar həkim, qızım Sülhanəni həyata qaytardığınız üçün bütün ailə üzvlərimiz Sizə daim minnətdardır. O, şəfasını Sizin əllərinizdən tapdı. Artıq Sülhanə özünü tamamilə yaxşı hiss edir…”
Həkim minnətdarlıq məktubları ilə maraqlandığımızı görüb, dedi:
– Bu da Mingəçevirdəndir.
Zərfi açıb, oxuduq. Mingəçevirdən Kamil Müseyibov yazırdı: “Siz yaxşı həkim olduğunuz kimi, həm də yaxşı insansınız. Həkimlik sənəti xasiyyətinizə nə qədər uyğundur, həddindən artıq səmimi, mehribansınız. …Siz əvvəlcə bəlkə də bizim uzaq rayondan olduğumuzu, sizi deyib gəldiyimizi bilmirdiniz. Bizi əziziniz, dostunuz kimi qarşıladınız. Amansız ağrılardan huşunu itirmiş qızım Nailəni müayinədən keçirib kövrəlmiş ürəyimizə təsəlliverici sözlərlə toxtaqlıq verdiniz. Çox keçmədi ki, uşağı həyata qaytardınız”.
Biz məktubu oxuyub qurtarmamış qapı astadan açıldı. Bir qadın qucağında körpə içəri girdi. “Həkim, amanın günüdür balama kömək elə”. Həkim vaxt itirmədən uşağı müayinə etdi. Düzdür, valideynə ümid verirdi, amma həyəcanlı görünürdü. O, tibb bacısı Solmaz Abbasovaya mehriban və qayğılı bir səslə: “Apar palataya, mən də gəlirəm” – dedi. Uşağın atası Qədir Ənvərov – “Qalaboynundan gətirmişik, qızım, köməyinizi əsirgəməyin” – dedi. Solmaz mehribanlıqla – “Oğlunuz Mübarizi etibarlı həkim Ələmdar Cəfərov müalicə edəcək, düzdür, meningit qorxulu xəstəlikdir. Amma bizim həkimlər bunun müalicəsini yaxşı bilirlər”, – deyə cavab verdi. Ələmdar həkim ömrünün mənasını xəstələrə şəfa verməkdə, onları yaşatmaqda görür. Mənalı ömürdür. Arzu edirik o özü də xoşbəxt, gümrah yaşasın, insanlara da ömür versin (bax: Bu hamıya nəsib olmur // “Yenilik” qəzeti, 19.06.1982, s. 4.)
“Yenilik” qəzetinin səhifələrində “Vərəm, yoxsa dəmir” adlı qeyri-adi başlıqlı bir yazı diqqətimi cəlb etdi. Kəlbəcər sakini Səfər Mürsəlov bu məqalədə qardaşı oğlu, 4 yaşlı Xanoğlanı ölümün pəncəsindən xilas edən Ələmdar həkimin qeyri-adi diaqnoz qoymaq bacarığından söhbət açır: “…Gecə saat 4-5 radələrində Xanoğlanı rayon xəstəxanasına gətirdik. Uşaq həyatla ölümün arasında idi. Nəfəs alıb verməsi güclə hiss olunurdu. Gecə yarısı yuxudan oyatdığımız baş həkim Ələmdar Cəfərov çox mehribanlıqla xəstəni müayinə etdi. Onun üzünün cizgilərindən narahatlıq və təəssüf hissi duyulsa da, səylə yardım etməyə çalışırdı. Qeyd edim ki, Uşağı xəstəliklə əlaqədar bir çox yerlərə aparmışlar. Hər yerdə eyni sözü – uşaq vərəm xəstəliyinə tutulub – demişdilər. Bəziləri də demişdi ki, ağ ciyəri şan-şandır, çarə yoxdur. Lakin Ələmdar həkim bu diaqnozların heç birini demədi. Xəstəliyin ciyərdə yox, bronx yollarında olduğunu müəyyənləşdirdi və bildirdi ki, uşağı təcili qusdurmaq lazımdır. Hamını təşviş bürüdü. Huşsuz uşağı necə qusdurmaq olar. Bacarıqlı həkim dediyi kimi də etdi. Müəyyən tibbi üsullarla uşağı qusdurdu. Uşağın ağzından qanlı irinlə birgə düşən stolüstü saat çarxı hamının təəccübünə səbəb oldu. Heç kəs gözünə inanmadı. Bəzi həkimlərin qoyduğu vərəm diaqnozu udulub bronxda uzun müddət qalmış, çirk bağlamış saat çarxı ilə əvəz olundu. Elə həmin saat uşaq özünü normal hiss etdi, rahat nəfəs almağa başladı. Budur, həkimin axtarışının, düzgün diaqnozunun nəticəsi.
Hörmətli redaksiya, xahiş edirəm mənim hədsiz, sonsuz minnətdarlığımı bacarıqlı, işgüzar, qayğıkeş həkim Ələmdar Cəfərova qəzetiniz vasitəsilə çatdırasınız” (bax: Vərəm, yoxsa dəmir // “Yenilik” qəzeti, 01.04.1985, s. 4.)
Kəlbəcər rayonunun rəsmi orqanı olan “Yenilik” qəzetinin səhifələrində Kəlbəcər şəhər Uşaq Xəstəxanasının baş həkimi Ələmdar Cəfərovun özünün də maraqlı elmi-publisistik məqalələri yer almaqdadır. Bunlar aşağıdakılardır:
1. Birləşmiş Millətlər Təşkilatının 1979-cu ili Beynəlxalq uşaq ili elan etməsi ilə bağlı yazısında Ə.Cəfərov yazır: “…Hər bir körpənin dünyaya gəlməsi böyük sevinc, təntənə, əsl bayramdır. Uşaq özü ilə həm ailələrə, həm də dünyamıza əlvanlıq, təravət, tərəqqi gətirir. Böyük Viktor Hüqo demişkən, doğrudan da “dünyada uşaq qığıltısından təntənəli himn yoxdur”. Vətənimizin və bütün bəşərin gələcəyi olan uşaqların şən, sağlam, gümrah böyümələri üçün bundan sonra da əlimizdən gələni əsirgəməyəcəyik” (bax: Uşaqlar bəşərin gələcəyidir // “Yenilik” qəzeti, 20.12.1979, s.4.);
2. İnfeksion xəstəlik olan revmatizm haqda məqaləsində xəstəlik haqqında geniş elmi şərhini verən Ə.Cəfərov, həmçinin revmatizmin uşaqlar arasında daha çox yayılması, bəzən ölümlə nəticələnməsi, xəstəliyin səbəbləri, əmələ gəlməsində həlledici amillər, orqanizmin fərdi həssaslığı, revmatik proseslərin hansı şəkildə özünü gösərməsi və ən əsası yayılmasının qarşısının alınması üçün fəal profilaktikasının həyata keçirilməsi haqda məlumatları təqdim etmişdir (bax: Revmatizm // “Yenilik” qəzeti, 17.11.1982, s.4.);
3. “Uşaqlar bizim gələcəyimizdir” adlı məqaləsində uşaqların hərtərəfli dövlət qayğısı ilə əhatə olunması, onların sağlamlığı uğrunda aparılan mübarizədən bəhs olunur. Ə.Cəfərov ölkədə uşaq ölümü göstəricilərinin əvvəlkinə nisbətən 10 dəfə azaldığını, Azərbaycanın gözəl bir guşəsi olan Kəlbəcərdə də ana və uşaqların hərtərəfli qayğı ilə əhatə olunduğunu, körpələrin sağlam və gümrah böyüdüyünü qeyd edir (bax: Uşaqlar bizim gələcəyimizdir // “Yenilik” qəzeti, 05.06.1984, s. 4.);
4. Müasir sosial şəbəkələrin olmadığı, elmi məlumatların zəif yayıldığı bir dövrdə ağır yoluxucu xəstəliklərindən biri olan dizenteriya haqqında, onun mikroblarının hansı yollarla yayılması, inkubasiya dövrü, xəstəliyin sindromları, infeksiyasının profilaktikası və diğər məsələlərdən bəhs edərək, uşaqların bu xəstəlikdən necə müdafiə olunması haqqında maraqlı məlumatlar təqdim etmişdir (bax: Dizenteriya // “Yenilik” qəzeti, 26.07.1984, s. 4.);
5. Uşaqların sağlamlığının qorunması mövzusuna həsr olunmuş məqaləsində qadınlar və uşaqlar üçün ambulatoriya-poliklinika müəssisələrinin, doğum evlərinin və uşaq stasionarlarının işinin əsaslı surətdə yenidən qurmaq, onların profilaktika fəaliyyətinin səviyyəsini yüksəltmək, sağlam həyat tərzininin təbliğini gücləndirilməsi ilə bağlı maraqlı təkliflər irəli sürmüşdür (bax: Uşaqların sağlamlığını qoruyaq // “Yenilik” qəzeti, 01.10.1987, s.4.).
6. Uşaqların sağlam və gümrah böyüməsinin hər birimizin borcu olduğunu vurğulayan Ə.Cəfərov öz məqaləsində gümrah nəsil böyütmək üçün kifayət qədər ehtiyat mənbələrimizin olduğunu, əhali arasında səhiyyə mədəniyyətinin yüksəldilməsi, içməli su ilə təminatın əhalinin sanitar rahatlığına nail olunmasında ən ümdə problem olduğunu qeyd edir (bax: Uşaqlar bizim gələcəyimizdir // “Yenilik” qəzeti, 14.02.1991, s.2.). Qeyd etmək lazımdır ki, xəstələrin sağalmasında elmi biliklərin, dərman müalicələrinin əhəmiyyəti danılmazdır, amma xəstənin tezliklə sağalmasında düzgün diaqnozun və qayğının əvəzi yoxdur. Hələ dil açmamış körpələrdən ağrıyan yerini soruşmağın mümkünsüzlüyünə baxmayaraq, Ələmdar həkim möcüzəli barmaqları ilə bu çətinliyi dəf edə bilmişdir. Cənnət kimi bir məkan olmaqla yanaşı, sıldırım qayalarda yerləşən, çətin yollara malik ucqar dağ kəndləri, keçilməz meşələri, əsrarəngiz iqlimi olan Kəlbəcərdə onun ünvanına üz tutan bütün insanların inam və etibarını qazanaraq, şəfalı əlləri ilə körpə balaların gələcək yollarına işıq saçmışdır. Onun xəstələrinə düzgün diaqnoz qoyması, çox qayğı və diqqətlə yanaşmasına görə uğurları saysız-hesabsız olmuş, adı dildən-dilə düşmüşdür. Elə bu səbəbdəndir ki, onun yanına təkcə Kəlbəcər şəhərindən deyil, İstisu qəsəbəsindən, Zar, Xallanlı, Başlıbel, İlyaslar, Keçiliqaya, Qalaboyun, Yanşaq və başqa kəndlərdən, o cümlədən, respublikanın hər tərəfindən (Füzuli, Beyləqan, Ağcabədi, İmişli, Biləsuvar, Kürdəmir, Yevlax, Bərdə, Tərtər, Masallı, Lənkəran, Mingəçevir və s.), Bakı şəhərindən, hətta Qərbi Azərbaycandan – qədim Göyçədən, Vardenis (Basarkeçər – red.) rayonundan xəstələrin gəldiyini izləmək mümkündür. Bu şəfa ocağına üz tutan insanların əksəriyyəti həkimin iş saatlarında deyil, axşamdan xeyli keçmiş, gecə yarısı, sübhə yaxın onun qapısını döymüş, ona pənah gətirmişlər. Valideynlərin çoxu körpəsinin ağır vəziyyəti səbəbindən özlərini itirdiklərini, çox həyəcanlı olduqlarını, həkimin isə onları səbirlə, təmkinlə dinlədiyini, ürək-dirək verməsini, xəstələrə diqqətlə, böyük qayğı ilə yanaşmasını dəfələrlə, dönə-dönə qeyd edirlər.
Kəlbəcər mühasirədə olarkən (1992-1993), Ələmdar həkim dinclik bilmədən, təmənna güdmədən bütün çətinliklərə sinə gərərək körpələrin sağlamlığı uğrunda qəhrəmancasına mübarizə aparmışdı. Bu dövrdə baş verən hadisələrdən bir neçə epizodu ADPU-nun dosenti, fəlsəfə doktoru Mirvari Verdiyeva Ələmdar həkim haqqında olan yazısında tam aydınlığı ilə ifadə etmişdi: “1992-ci ilin qışı olduqca sərt gəlmişdi. …Ermənilər Ağdərədə xətləri kəsib Kəlbəcərə elektrik verilməsini dayandırmışdılar. Tərtər-Ağdərə-Kəlbəcər yolu bağlanmışdı. Murov yolu müntəzəm işləmirdi… Uşaq xəstəxanasının vəziyyəti dözülməz hala gəlmişdi, yanacaq olmadığından binanın istilik sistemi iflic olmuşdu. Ələmdar həkim düşünmədən yüngül xəstələri evlərinə göndərdi, gündə bir dəfə olmaqla gedib hər birinə şəxsən baş çəkirdi. Otağının birini palataya çevirib ağır xəstələri isə öz evinə köçürdü”.
M.Verdiyevanın: – Ələmdar həkim, yaddaşınızda ən çox qalan və daima xatırladığınız elə bir xəstəniz olubmu ki, unuda bilmirsiniz?- sualına, həkim belə cavab verir: “1989-cu ilin yanvar ayında ermənilər qarlı bir qış günündə göyçəliləri doğma ev-eşiyindən silah gücünə qovmuşdular… Göyçəlilər 1918-ci ildə olduğu kimi, yenə də Göyçə dağlarını aşıb Kəlbəcərə üz tutmuşdular… Göyçə dağlarında, gecə qaranlıqda, bir metrdən də qalın qarın içində, yalquzaq canavarların əhatəsində bir körpə doğulmuşdu… Düz bir ay o körpənin həyatı uğrunda gecəli-gündüzlü don vurmuş bədənlə mübarizə aparmalı oldum. Allahın yardımı ilə körpəni ölümdən xilas edə bildim. İlk dəfə gözlərini açdı və üzümə baxıb gülümsədi… Bax, o körpənin üzümə zillənən həyat dolu gözlərini və gülümsər çöhrəsini unuda bilmirəm”. M.Verdiyeva çox düzgün olaraq Ələmdar həkimin körpələrin sağlamlığı keşiyində qəhrəmancasına dayandığını, ölümlə əlbəyaxa mübarizəsində inamla çarpışdığını, gecəsini gündüzünə qatıb yoruldum demədən, istirahət etmədən, ölümlə pəncələşə-pəncələşə neçə-neçə körpələri həyata qaytardığını və bu savaşda daima qələbə qazandığını, mükafatının bir körpə təbəssümü, bir ata fərəhi, bir ana sevinci olduğunu qeyd edir (bax: https://www.kalbajar.com/post/göyçə-dağlarında-gecənin-qaranlığında-qarın-içində-canavarların-əhatəsində-doğulan-şaxta-vurmuş-k).
Kəlbəcərin erməni silahlı birləşmələri tərəfindən işğalından sonra (1993) Bakıya gələn Ələmdar həkim akademik A.Namazovanın rəhbərlik etdiyi Azərbaycan Tibb Universitetinin Uşaq xəstəlikləri kafedrasında palata həkimi kimi fəaliyyətini davam etdirib.
09.04.2021-ci ildə Azərbaycan Tibb Universitetinin 90 illik yubileyi münasibətilə cənab Prezident İlham Əliyevin imzası ilə Ə.Cəfərov “Tərəqqi” medalı ilə təltif olunub (bax: https://president.az/az/articles/view/51052).
Bu yazıda Ələmdar Cəfərovun yalnız Kəlbəcər Uşaq xəstəxanasının baş həkimi kimi fəaliyyət göstərdiyi 21 illik ömür yoluna nəzər sala bildik. Bu keşməkeşli ömür yolunu izləyərkən bir sual düşündürür insanı: Öz elmi, zəkası, şəfalı əlləri ilə hər gün neçə-neçə körpənin həyatını qurtaran, neçə ailənin sevinci, ümid işığı olan, çalışdığı müddətdə heç zaman iş rejiminə əməl etməyən, hamı kimi bəlli bir iş saatı olmayan, günün 12 saatını xəstəxanada keçirən, hətta ağır vəziyyətdə, qəflətən gətirilən xəstələrin sübhə qədər keşiyini çəkən bir insan bu qədər ağır, bu qədər məsuliyyətli işin öhdəsindən necə gələ bilmişdir?
Və bu zaman gözümüz qarşısında, sözün əsl mənasında insanlığın fövqündə dayanan bir şəxsiyyət, ləyaqətli, şərəfli bir insan canlanır. Elə bir insan ki, son ümid qapısı kimi onu deyib gələnləri geri qaytarmır, dərin savadı, güclü diaqnoz qoymaq bacarığı, şəfalı əlləri, ən əsası geniş ürəyi, təmənnasız niyyəti ilə çox zaman həyatla ölüm arasında çırpınan körpələri həyata qaytarır, insanların ümidi, dayağı olur. Bəli, Ələmdar həkim insanların sevgisini əsl həkimliyi ilə yanaşı, həm də öz insanlığı ilə qazana bilmişdir. Məhz bu səbəbdən bu qədər ağır, bu qədər məsuliyyətli işin öhdəsindən gələ bilmişdir.
Yuxarıda qeyd etdiyimiz bütün valideynlərin, əsasən də anaların ən xoş, ən səmimi ürək sözləri, minnətdarlıq yazıları Ələmdar Cəfərovun nəcib əməyinə verilən cavab olmaqla yanaşı, həm də onun şərəfli ömrünün naxışlarıdır!
Əziz Ələmdar həkim, Ulu Tanrı Sizə bu şərəfli həyatınızda möhkəm sağlamlıq və daimi könül xoşluğu bəxş etsin!
Güntəkin CƏMİLQIZI – NƏCƏFLİ,
Tarix üzrə fəlsəfə doktoru, dosent, Dövlət Mükafatı laureatı
/yenilik qəzeti/