Sənsizliyin qucağında tapıldım

Filologiya üzrə fəlsəfə doktoru Şahnzaxanım Şükürzadənin yaradıcılığından…

 

Sənsizliyin qucağında tapıldım

 

Yenə yoxsan bu xoş gündə yanımda

Sevincimin axarına qapıldım.

İstədim ki, qucağına atılam,

Sənsizliyin qucağında tapıldım

 

Torpağına qurban olum, ay ata!

Həsrətindən yenə doldum, ay ata!

Sənlə açdım, sənsiz soldum, ay ata!

Atasız qızlara mən də qatıldım.

 

Təbrik edib bu atalar gününü,

Yad edirəm söhbətini-ününü,

Mən gedirəm ata yolu, yönünü,

Yanar közəm, bu ocaqda çatıldım.

19.06.2022

 

Kimə söyləyim?

Mən hey uğurumu sənlə paylaşdım,

Bugünkü uğuru kimlə paylaşım?

Ən sevincli anda səni axtardım,

İndi, əziz atam, kimi axtarım?

 

Telefon səsləndi, xoş xəbər gəldi,

Sanki bircə anlıq ürəyim güldü,

Tez atama deyim!- içimdən gəldi.

– Bir dayan! Atan var? Kimə söyləyim?

 

– Bağla, Şahnaz, bağla, qapını bağla!

Ağla, Şahnaz, ağla, doyunca ağla!

Atan getdi artıq, yadında saxla!

İlahi, bu dərdi kimə söyləyim?!

27.10.2021

 

Güllərim

 

Hər zaman anamçün dərərdim sizi,

Siz necə gözəldiz, gözəl güllərim!

Bu gün atam üçün dərirəm, düzü,

Niyə bikef oldun, qızılgüllərim?

 

Necə gözəl günlər yaşamışıq biz,

Qəm satıb, dərd-kədər boşamışıq biz,

Təzə nəm bilməyə başlamışıq biz,

Nə tez qüssələndin, qızılgüllərim?

 

Bu gün kolunuzdan qoparram sizi,

Ata məzarına aparram sizi

İnci göz yaşımla suvarram sizi,

Payız yağışıtək gözəl güllərim!

 

Niyə üzün məndən küskün, yanadır,

Tikanız əlimə batır, qanadır.

Bugünkü yolumuz məzarlığadır,

İncik qönçələnib qızılgüllərim.

31.10.2021

Müəllif: Şahnzaxanım Şükürzadə

Sənsizliyin qucağında tapıldım