“Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Çalxanqala: qaçqınların qayıdış həsrəti” layihəsinin icrasına başlayıb.
Bu barədə Kanal32.az-a “Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyinin sədri, tanınmış araşdırmaçı-hüquqşünas Səməd Vəkilovməlumat verib.
Təşkilat sədri qeyd edib ki, layihənin əsas məqsədi bir icma timsalında (Dərələyəz mahalı) Qərbi Azərbaycanlıların öz doğma yurdlarından deportasiyası, bu deportasiya nəticəsində yaşadıqları məhrumiyyətlər haqqında informasiya mühiti yaratmaq və tarixi həqiqətləri üzə çıxarmaqdan ibarədir.
“Çalxanqala kəndində araşdırmaların aparılması sənədləşdirilməsi məcburi köçməyə məruz qalmış şəxslərin şəxsi hekayəsinin toplanması Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının reallaşmasına tövhə olar. Əhalinin tarixi Azərbaycan (İndiki Ermənistan) torpaqlarından zorla çıxarıldıqdan sonra kompakt məskunlaşdığı yerlərdə araşdırmaların aparılması onların qeyri-maddi mədəni irsinin milli özünəməxsusluğunu əks elətdirən digər komponentlərinin öyrənilməsi mühüm yer tutur.”
Səməd Vəkilov qeyd edib ki, layihə çərçivəsində Qərbi Azərbaycanın Dərələyəz mahalından deportasiya olunmuş və Şərur rayonunun Çalxanqala (keçmiş Əznəbürt) kəndində məskunlaşan (yaradılan) icma haqqında kitabın hazırlanması nəzərdə tutulub.
Eyni zamanda Qərbi Azərbaycan haqqında tarixi həqiqətlər, Qərbi Azərbaycanlılara məxsus maddi və qeyri-maddi mədəni irs və digər tarixi həqiqətlər, Ermənistanda azərbaycanlılara məxsus toponimlərin dəyişdirilməsi, tarixi – memarlıq və dini abidələrin, müqəddəs yerlərin dağıdılması haqqında 4 veriliş hazırlanacaq.
Qeyd edək ki, layihə 5 ay müddətində icra olunacaq.