Şəkinin mərkəzində tikinti biabırçılığı-İcra hakimiyyəti hara baxır?FOTOLAR

Şəki şəhərində tikinti normalarının pozulması və qanunsuz tikinti ilə bağlı redkasiyamıza məlumat daxil olub. Müraciət edən Eyyubov İlqar Bayram oğlunun sözlərinə görə onun şəxsi mülkiyyətində olan qarajın giriş qapsının bir addımlığında metal konstruksiya ilə sahibkarlıq obyekti tikilir və nəticə etibarı ilə qarajdan istifadə etmək mükün olmayacaq.

KANAL32.az həmin müraciəti olduğu kimi təqdim edir:

Hörmətli redaksiya!

Şəki şəhərində mənə məxsus daşınmaz əmlakdan istifadə hüququmun faktiki olaraq məhdudlaşdırılması, əmlakımın giriş-çıxışının qarşısında aparılan tikinti nəticəsində bağlanması və aidiyyəti dövlət qurumlarının müraciətlərimə baxmayaraq məsələyə effektiv müdaxilə etməməsi ilə bağlı müraciət edirəm.

Mənə məxsus qeyri-yaşayış binası Şəki şəhəri, Məmməd Əmin Rəsulzadə prospekti 182 ünvanında yerləşir. Əmlakın çıxarışı var , mülkiyyət hüququm daşınmaz əmlakın dövlət reyestrində rəsmi qaydada qeydiyyata alınmışdır.

Hazırda həmin əmlakın, o cümlədən qaraj hissəsinin bilavasitə qarşısında Rəsulov Yaşar Rəsul oğlu tərəfindən tikinti işləri aparılır. Məndə olan məlumata görə, həmin tikintinin aparılmasına hüquq verən müvafiq sənədlər və qanuni icazələr mövcud deyil və ya mənə təqdim olunmayıb.

Aparılan tikinti nəticəsində qarajın giriş-çıxışı faktiki olaraq bağlanmış, avtomobillə əmlaka daxil olmaq və oradan çıxmaq mümkünsüz hala gəlmişdir. Bununla da mənim dövlət qeydiyyatında olan xüsusi mülkiyyətimdən sərbəst və təyinatı üzrə istifadə etməyimə real maneə yaradılmışdır.

Baş verənlərlə bağlı həm Şəki Şəhər Rayon Polis Şöbəsinə, həm də Şəki Şəhər İcra Hakimiyyətinə müraciət etmişəm. Buna baxmayaraq, indiyədək ərazidə vəziyyətin aradan qaldırılması, tikintinin hüquqi əsaslarının yoxlanılması və mülkiyyətimdən istifadəmə yaradılmış maneənin götürülməsi istiqamətində təsirli tədbir görmədiyim qənaətindəyəm. Tikinti işləri isə davam edir.

Xüsusilə narahatedici məqam ondan ibarətdir ki, məsələ barədə həm hüquq-mühafizə orqanı, həm də yerli icra hakimiyyəti məlumatlandırıldığı halda, vəziyyət dəyişməz olaraq qalır. Bu hal tikintinin hansı hüquqi əsasla davam etdirilməsi, aidiyyəti qurumların niyə operativ müdaxilə etməməsi və məsələ ilə bağlı hansı tədbirlərin görülüb-görülməməsi barədə ciddi suallar yaradır.

Mən hər hansı şəxsi və ya dövlət qurumunu əsassız şəkildə ittiham etmək niyyətində deyiləm. Lakin mövcud vəziyyət və müraciətlərə baxmayaraq tikintinin davam etməsi məsələnin obyektiv, şəffaf və ictimai şəkildə araşdırılmasına ehtiyac olduğunu göstərir.

Hörmətli redaksiya,

Sizdən xahiş edirəm ki, məsələni ictimailəşdirəsiniz, əraziyə baxış keçirəsiniz, tikintinin hüquqi əsaslarını araşdırasınız, tikintini aparan şəxsdən müvafiq sənədlərin olub-olmamasını soruşasınız, eləcə də Şəki Şəhər Rayon Polis Şöbəsinin və Şəki Şəhər İcra Hakimiyyətinin məsələyə münasibətini öyrənəsiniz.

Hesab edirəm ki, burada söhbət təkcə bir qarajın qarşısında aparılan tikintidən getmir. Söhbət vətəndaşın mülkiyyət hüququndan, öz əmlakından sərbəst istifadə etmək imkanından, onun əmlakına və giriş-çıxışına qanunsuz müdaxilənin qarşısının alınmasından, həmçinin dövlət orqanlarının belə hallara vaxtında və qanunauyğun reaksiya verməsindən gedir.

Ümid edirəm ki, “Kanal 32” tərəfindən məsələnin ictimailəşdirilməsi tikintinin hüquqi əsaslarının aydınlaşdırılmasına, mənə məxsus əmlakın giriş-çıxışının bərpa olunmasına və baş verənlərə obyektiv hüquqi qiymət verilməsinə kömək edəcəkdir.

Müraciətimə obyektiv və prinsipial münasibət göstəriləcəyinə ümid edirəm.

Hörmətlə,
Eyyubov İlqar Bayram oğlu

https://vt.tiktok.com/ZSbA7WLWV/

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan “Kanal32”nin sorğusuna cavab olaraq bildirilib ki,bu gün(01 oktyabr 2026) tikintini aparan şəxs- Rəsulov Yaşar Rəsul oğlu Şəki Şəhər İcra Hakimiyyətinə dəvət olunacaq, onunla mövcud vəziyyət müzakirə ediləcək və müvafiq addımlar atılacaq.

Qeyd edək ki,ötən gün Şəki şəhəri, Məmməd Əmin Rəsulzadə prospekti 182 ünvanındakı qalmaqallı tikinti ilə bağlı Şəki Şəhər İcra Hakimiyyətinin Memarlıq-tikinti məsələləri, şəhər təsərrüfatı və mədəni irsin qorunması sektorundan, nə də Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsindən heç bir məlumat ala bilmədik. Maraqlıdır ki, zəng etdiyimiz telefon nömrələrinin heç birinə cavab verən olmadı. Görəsən,müvafiq şöbələrin əməkdaşları iş vaxtında harada ola bilərlər?

                                                           -Zəng etdiyimiz telefon nömrlərinin fotosu-

Redaksiya olaraq bizim üçün maraqlıdır,görəsən,yerli icra hakimiyyəti və  hər işdə ayıq-sayıq olan digər müvafiq qurumlar nə yaxşı bu qəribə tikintini görməyiblər???

Zəruri qeyd: Telefon zənglərinə cavab verməmələrinə baxmayaraq tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

KANAL32.az

Şəkinin mərkəzində tikinti biabırçılığı-İcra hakimiyyəti hara baxır?FOTOLAR