Bəxtiyar Vahabzadə -100
Çağdaş Azərbaycan ədəbiyyatında XX əsr poetik fikrinin görkəmli nümayəndəsi olan Xalq şairi Bəxtiyar Vahabzadə yaradıcılığı və xüsusilə onun dramaturgiyası öz aktuallığını hər zaman olduğu kimi bu gün də qoruyub saxlamaqdadır. Vahabzadə yaradıcılığında və dramaturji yanaşma mövqeyində vətən və onun taleyi mövzusu bir mərhələ və ya bir dövr olaraq əks etdirilmirdi. Əksinə yaradıcılığı boyu xüsusi olaraq bir xətt boyunca davam edən daimi aparıcı mövzuların orjinal aktuallığına əsaslanaraq bütöv və böyük Azərbaycanın milli şairi kimi dərk olunmaqla bu missiyanın daşıyıcısı olması ilə qürur duyurdu. Bu missiya onun dramaturgiyasında daha çox özünü təsdiqləməklə müasir peşəkar Azərbaycan teatrının repertuar zənginliyinə, dolğunluğuna və maraqla izlənilməsinə xidmət edirdi. Bu dramaturgiya həm də müasir Azərbaycan teatrında bitgin, rəngarəng və maraqla baxıla bilən aktyor heyətinin yetişməsi və inkişaf etməsinə mərhələli şəkildə formalaşmasında xüsusi xidmətləri mövcud idi. Elə bu baxımdan da Bəxtiyar Vahabzadə yalnız poeziyası ilə deyil, dramaturgiyası ilə də müasir ədəbiyyatın imkanlarına öz təsirini göstərə bilirdi.
Bu günlərdə şairin 100 illik yubileyi ərəfəsində Şəki Dövlət Dram Teatrının səhnəsində Əməkdar İncəsənət xadimi Mirbala Səlimlinin rejissor traktofkasında ədibin qələmə aldığı “Dar ağacı” tarixi faciə janrında olan pyesinin tamaşasına maraqla baxdım.
İlk öncə qeyd edim ki, dramaturqun tarixi mövzuda qələmə aldığı və bu istiqamətdə ilk qələm təcrübəsi də məhz “Dar ağacı”dır. Özünün də tarixi faktları maraqla izləməklə hadisələri mövzuya gətirib çıxaran bədii niyyətin orijinallığı məhz müəllifin ideya və düşüncələrini bu əsərdə daha dolğun şəkildə göstərə bilmişdir. Belə ki, bu pyesdə Babək xatırlanır, talelərə və əməllərə onun ruhu və qəh-qəhələri ilə yekun vurulur, lakin süjetin əyani gedişi prosesində onun özü yox, Babəkin teyfi bütöv bir məkanı dolanmaqla iştirak edir.
Qeyd etməliyəm ki, şairin tarixi faciə janrında qələmə aldığı “Dar ağacı” pyesi məzmunca maraqlı və ibrətamizdir. Xalq qəhrəmanı yadelli işğalçılara qarşı 20 illik mübarizə aparan Babəkin edam edilməsindən sonra Azərbaycanda cərəyan edən azadlıq mübarizəsi əsərin ana xəttini təşkil edir. Məhz rejissor, Əməkdar İncəsənət xadimi Mirbala Səlimli də səhnə quruluşunda qələmə alınan tarixi mövzulu dramaturgiyanın ana xəttinə sadiq qalaraq orjinal səhnə traktofkasında təqdim edilməsinə müvəffəq ola bilib. Onun rejissor traktofkasında Babəklə bağlı tarixi yaddaş və milli şüurun oyadılması aspektindən yanaşması ilə faciə janrına xas olan ştrixlərin quruluş, konflikt, qəhrəmanlıq elementlərinin qabarıq şəkildə göstərilməsinə nail ola bilinir. Rejissor səhnə quruluşunda həm də tarixi mübarizənin, milli azadlıq uğrunda fədakarlığın obrazlarını uğurla fərdi qaydada ayrı-ayrılıqda təqdim etməklə, insanların vətən, azadlıq uğrunda canlarını fəda etməsinin mənəvi və əxlaqi tərəflərini ön planda böyük uğurla göstərə bilir. Məhz Mirbala Səlimli öz səhnə quruluşunda “ədalətsizliyə, işğalçılığa, zülmə qarşı müqavimət vacibliyinin haqq və azadlıq ideyasından doğaraq sonda qalib gəlməlidir” fikrinin təzahürü olaraq üstəlik əqidə qarşıdurması, fərqli mövqe, vətənçilik və işğalın yanında dayanmamaq kimi dramatik xətti uğurla təqdim edə bilmişdir.
Müəllif ideyasından irəli gələrək süjet xətti xronoloji deyil, tarixi hadisələrin müəyyən dövrünü əhatə edir. Qeyd etməliyəm ki, Babəkin mübarizəsi, onun ölümündən sonra xalqda oyana biləcək üsyan potensialı üzərində hadisələrin lokanik və ardıcıllıqla bir xətt boyunca qurulması tamaşanın maraqla izlənilməsinə ciddi təkan vermiş olur. Xüsusi olaraq qeyd etmək lazımdır ki, tamaşa boyu səhnədə bir neçə simvolik olaraq dar ağaclarının qurulması da insan taleyinin ancaq bir ipdən asılı olamsı ilə yanaşı qiyam, edam bununla da yalnız faktiki olaraq bir hadisə kimi deyil, ideya simvolu kimi də uğurla təqdimatına yönəlmişdir. Məhz bu zaman isə hadisələrin inkişafı səhnə dili və dialoqların inkişafı ilə ideyalar, daxili konfliktlər açılmaqla mübarizə yalnız silahlı və fiziki deyil, həm də mənəvi, ideoloji müstəvidə olduğunun göstəricisi kimi təqdim edilir. Həmçinin estetik baxımdan tamaşa boyu “Dar ağacı” səhnədə rejissor traktofkasından irəli gələrək zəngin, səlist dilə malik olması ilə yanaşı memarlıq, xalqının tarixindəki döyüşlər, vətən hissləri poetik təsvir elementi kimi geniş bir formada daha dolğun şəkildə istifadə olunmaqla təqdim edilir.
Tamaşada Respublikanın Əməkdar artisti Xanlar Həşimzadə Xalq nümayəndəsi Ağsaqqal obrazında çıxış edir. Aktyorun ifasında Ağsaqqal obrazı əsərdə sadəcə bir fərd deyil, xüsusi olaraq xalqın ümumi iradəsinin, düşüncəsinin, narahatlığının və ədalət hissinin təcəssümü olaraq təqdim edilir. O, sanki pyesdə danışan və heç zaman susa bilməyən bir vicdan funksiyasını da öz üzərində daşıyır. O, haqsızlığa susmur, ədalətə çağırır və zülmə qarşı mövqeyini bildirir. Qeyd etmək lazımdır ki, məhz “Dar ağacı” pyesində də təqdim edilən Ağsaqqal obrazı Azərbaycan ədəbiyyatında klassik nümunə olaraq müdriklik, xalq bilgisi, həyat təcrübəsi və ədalət simvolu olaraq təqdim edilir. Məhz tamaşa boyunca aktyorun ifasında təqdim edilən Ağsaqqal obrazı da öz xalqının keçmişini, çəkdiyi iztirabları yaxşı xatırlayan və onlardan nəticə çıxaran, aydın baxışlı bir şəxs kimi təqdim olunur. Əməkdar artist Xanlar Həşimzadə səhnədə ifa etdiyi obrazı ilə bir daha passiv müşahidəçi deyil, aktiv mövqe nümayiş etdirən, xalqı ayılmağa, haqq-ədalət uğrunda mübarizəyə çağıran el Ağsaqqalı olaraq obrazın mahiyyət etibarı ilə tam olaraq ifasına müvəffəq ola bilmişdir. Aktyorun ifasında obraz daha canlı və mübarizdir. Tamaşa boyu Ağsaqqal obrazı həm də nəsillər arasında bir körpü rolunu oynayır. Gənclərin mübarizəsinə hörmətlə yanaşır, onları dəstəkləyir, eyni zamanda ehtiyatlı və düşünülmüş addımların vacibliyini xüsusi olaraq hər zaman vurğulayır. Aktyorun ifasında təqdim edilən obraz, sadəcə bir qoca deyil. O, xalq yaddaşı, tarix və mədəniyyətin daşıyıcısıdır. Məhz Xanlar Həşimzadənin ifasında Ağsaqqal həmçinin xalqın müdrikliyini, ədalətə olan inamını, keçmişin təcrübələrini və xüsusilə gələcəyə verilən ümidləri təcəssüm etdirir. Onun ifasında Ağsaqqal obrazı sadə bir xalq nümayəndəsi kimi təqdim olunsa da, əslində ideoloji cəhətdən çox güclü, xalqı düşünməyə və mübarizəyə səsləyən, zülmə qarşı duruş sərgiləyən bir obraz olaraq uğurla təqdim edilir.
Səhnədə maraqla baxılan surətlərdən biri də Respublikanın Əməkdar artisti Əbülfət Salahovun ifasında Xilafətin nümayəndəsi olan İbn Zeyd obrazıdır. İbn Zeyd tamaşa boyu Xilafətin, yəni hökmranlıq edən və zülm edən qüvvənin təmsilçisi olaraq çıxış edir. O, mərkəzi hakimiyyətin sərt, ədalətsiz və repressiv təbiətini əks etdirir. Aktyor tamaşa boyu İbn Zeyd obrazı vasitəsilə diktatura rejimini və onun məhdudlaşdırıcı eləcə də insan haqlarını pozan xarakterini uğurla təqdim edə bilir. Həmçinin aktyor səhnədə İbn Zeyd obrazını qatı, sərt və avtoritar bir şəxs kimi də təqdiminə nail olmuşdur. Təqdim olunan obraz aktyorun ifasında bir daha hakimiyyətini qorumaq üçün əmr və intiqam yolu ilə insanları basqı altında saxlamaqla, davranışlarında isə azadlıq uğrunda mübarizəyə mane olmaq məqsədi aydın şəkildə görünür. Həmçinin qeyd etmək lazımdır ki, İbn Zeyd obrazında daxili insani tərəflər və konfliktlər demək olar ki, yoxdur. O, tamamilə hakimiyyətin və qanunun sərt tərəfində dayanmaqdadır. Bu obraz vasitəsilə diktatorun insanlıqdan uzaq, yalnız hakimiyyətə bağlı tərəfi xüsusi olaraq vurğulanır. Qeyd etmək lazımdır ki, “Dar ağacı” tamaşasında İbn Zeyd və Akşin obrazları arasında ideoloji, əxlaqi ziddiyyət əsas dramaturji xətti kimi xüsusi olaraq göstərilir. İbn Zeyd azadlıq eləcə də ədalət uğrunda mübarizəyə qarşı olan zülm və ədalətsizliyin təmsilçisidir. Aktyorun ifasında İbn Zeyd obrazı həmçinin ümumilikdə repressiv hakimiyyətin, özgürlük və insan hüquqlarını boğan qüvvənin simvolu olaraq da təqdim edilir. Onun xarakteri vasitəsilə pyesdə ədalətsizlik və zülm qınanır, azadlıq uğrunda mübarizənin vacibliyi isə xüsusi olaraq önə çıxarılır.
Tamaşa boyu maraqla izlənilən surətlərdən biri də Babəkin teyfi obrazıdır. Bu obrazı Respublikanın Əməkdar artisti Rəhim Qocayev ifa edir. Aktyorun ifasında Babəkin teyfi obrazı güclü iradəyə malik, qorxmaz və qəhrəman olmaqla yanaşı zorakılığa, haqsızlığa qarşı mübarizə apararaq ən çətin şəraitdə belə ideallarından dönməzdir. Məhz aktyorun ifasında təqdim olunan Babəkin teyfi müqavimətin və milli ruhun təcəssümü olaraq maraqla izlənilir. Aktyor səhnədə öz ifa tərzi ilə bir daha Babəkin teyfi obrazında birliyə və həmrəyliyə böyük önəm verdiyini maraqlı ştrixləri ilə təqdim etməyi bacarır. Obraz vasitəsilə maraqlı ştrixlərdə milli azadlıq, qurtuluş və ədalət uğrunda mübarizənin ideyası ön plana çıxarılmaqla təqdim edilir. Məhz tamaşa boyu Babəkin teyfi ilə bağlı səhnələrdə pyesin əsas ideyası olan azadlıq və ədalət uğrunda mübarizənin vacibliyi aydın şəkildə göstərilir. Onlar xalqın ümidi və gücü kimi təsvir edilir. Əməkdar artist Rəhim Qocayev obrazın mahiyyət etibarı ilə rejissor traktofkasından irəli gələrək uğurlu səhnə həllinə nail ola bilmişdir.
Pyesdə əsas obrazlaradan biri Xilafətin Azərbaycanda valisi olan Akşin surətidir. Bu obrazı aktyor Xəyal Salahov ifa edir. Qeyd etmək lazımdır ki, Akşin “Dar ağacı” pyesinin əsas obrazlarından biridir və o, pyesin dramatik mühitində mühüm rolu olan xarakteri hesab edilir. Onun xarakteri, duyğuları və davranışları əsərdəki əsas ideyanı ifadə etmək üçün xüsusi olaraq istifadə olunur. Tamaşa boyu aktyorun ifasında Akşin obrazı qardaşının əks istiqamətinə yönəlməklə, ərəb xilafətinin göstərişlərinə daha çox bağlılığı ilə diqqət mərkəzində olmağı bacarır. O, vətəninə, öz xalqına olan bağlılığında daha zəif birisi olmaqla güc və qorxu vasitəsilə üsuli-idarəetməni gələçək rifahı kimi görür. Öz hökmranlığını qorumaq, beynəlxalq və daxili güc balansının isə bəzən daxili narahatlıq və vicdan ziddiyyəti, yaltaqlıqla qorxu arasında olan seçim kimi təqdim etməklə obrazın psixologiyasının tam olaraq açılaraq təqdim olunmasına nail ola bilir. Aktyorun ifasında Akşin təkcə ideallara bağlı olmayan, həm də duyğusal, insani tərəfləri olan bir obrazdır. Onun daxili konfliktləri, qorxuları, sevgi və dostluq duyğuları səhnədə ifa vasitələrində müxtəlif detallarla təqdim edilir. Həmçinin Akşinin taleyi pyesin tragik xəttini təşkil edir. Aktyorun səhnədə xüsusi detallar vasitəsilə hakimiyyətini qorumaq, taxt-tacından əl çəkməmək və bunun üçün isə bütün varlığı ilə ona sarılaraq tax-tacı, səltənəti vasitəsilə səhnədə dövrə vurması ilə nəticələnən qorxaqlığını bir daha ön planada göstərməklə maraqla izlənilir. Hətta onun doğma qızı ilə zindan səhnəsində həyati təhlükəsinin necə qorxaqlıq və rəzillik arxasında gizlənməsi ilə müşahidə olunması obrazın mahiyyət etibarı ilə daha dolğun təqdim olunmasının göstəricisidir.
Tamaşada maraqlı surətlərdən biri də Sabutay obrazıdır. Sabutay obrazı Babək kimi milli qəhrəmanların və Akşin kimi mübarizlərin soyundan doğulan gənc nəsli təmsil edir. Onun vasitəsilə təqdim edilən səhnə əsərində azadlıq və milli azadlıq uğrunda mübarizənin davamlılığı göstərilir. Sabutay, həm keçmişin qəhrəmanlarını, həm də indiki dövrün ümidlərini özündə birləşdirir. Həmçinin Sabutay obrazı gəncliyin idealizmini və enerjisini özündə əks etdirir. O, öz dövründə baş verən zülm və ədalətsizliklərə qarşı çıxan, gələcəyə ümidlə baxan bir gənc kimi təqdim olunur. Tamaşa boyu Sabutayın xarakterində azadlıq və ədalət arzusu güclü şəkildə hiss olunur. Bu obrazı aktyor Rəşid Mirizadə maraqlı detallarla təqdim etməyə müvəffəq ola bilmişdir. Belə ki, Sabutay obrazının təqdimatında hadisələrin cərəyan etməsi fonunda xüsusi olaraq ailənin və nəsillərin azadlıq uğrunda mübarizədə birləşməsi göstərilməklə təqdim edilir. Obrazın daxili aləmi aktyorun səhnə mizanları ilə yanaşı mübariz ruhda olan bir gəncin iç dünyasında gedən daxili mübarizəsində əks olunur. O, öz kimliyini, azadlıq ideallarını və şəxsiyyətini formalaşdırmağa çalışır. Bu kimi xarakterik xüsusiyyətlər isə aktyorun ifasında onu daha canlı və mürəkkəb bir obraz olaraq təqdim edə bilir.
Aktrisa Lalə Məmmədin ifasında Akşin və Babəkin anası obrazı da orjinal səpkili surətlərdən biridir. Maraqla izlənilən və Lalə Məmmədin ifasında təqdim olunan Ana səhnədə hər zaman qadın iradəsinin eləcə də gücünün təcəssümü olaraq zorakılığa və ədalətsizliyə qarşı dayanan, ruhdan düşməyən bir obraz olaraq təqdim edilir. Aktrisanın ifasında Ana surəti həmçinin Vətənin, millətin, xalqın analıq rəmzidir. Onun çəkdiyi ağrılar, iztirablar, övladlarını azadlıq yolunda itirməsi, Vətənin işğal və zülm altında qalan halını simvolizə edir. Lalə Məmməd obrazın daxili aləmində şəxsi faciəni, həm də xalqın ümumi faciəsi olaraq özündə birləşdirməklə böyük ustalıqla təqdim etməyə müvəffəq ola bilmişdir. Həmçinin aktrisanın ifasında Ana nəsillərarası mübarizə ruhunun daşıyıcısı olmaqla keçmişin mübarizə tarixini, Babəkin dövründən Akşin və Sabutaya qədər uzanan azadlıq ruhunun davamlılığını özünün maraqlı ştrixli səhnə oyunu ilə təqdim etməklə ifadə edir. Onun şəxsiyyəti, övladlarına ötürdüyü dəyərlər və mövqeyi ilə bu mübarizə ruhunu nəsildən-nəslə ötürmüş olur. Aktrisanın ifasında daxili iztirab və mənəvi yüksəklik onun keçirdiyi ağrılar, şəhid övladlarının itkisi ilə barışması, daxili iztirablarla yanaşı, mənəvi bir ucalıqda formalaşmaqla məğlub olmayan, əyilməyən, sarsılsa da sınmayan bir qadın surəti olaraq təqdim edilir.
Tamaşa boyu maraqla izlənilən surətlərdən biri də Akşinin qızı Çılğın obrazıdır. Gənc, cəsarətli və azad ruhlu bir qız olan Çılğın sərbəst və həyatda öz yolunu seçmək istədiyini aşkaranə şəkildə bildirən obraz olaraq təqdim edilir. Obrazın daxili aləmindən irəli gələrək aktrisa Gülxar İmamhüseynovanın ifasında təqdim edilən Çılğın obrazı qadın azadlığı və şəxsiyyətin formalaşması baxımından maraqla izlənilir. Aktrisa tərəfindən obraz həm fərdi, həm də sosial mübarizənin təmsilçisi olaraq təqdim edilir. Çılğın həm də səhnədə gənc, sərbəst və idealist ruhu ilə diqqət mərkəzində olmağı bacarır.
Tamaşa boyu İbn Tahir Akşinin yaxın dostu, vəziri və etibarlı məsləhətçisi kimi çıxışlar edir. O, Akşinə ağıllı və praktik məsləhətlər verir, onun mübarizəsində sanki strateji rol oynayır. Məhz obraz düşüncəli, ağıllı və strateji təfəkkürə malik şəxs kimi təqdim olunur. İbn Tahir mübarizənin yalnız güc yolu ilə deyil, ağılla da aparılmasının tərəfdarıdır. Ancaq Akşinin arxasından onun əməllərini yadelli işğalçılara çatdırması vəzifə və tax-tac, səltənət üzərində istək və arzularını da dilə gətirməklə Ərəb xilafətinə bir növ sədaqətini nümayiş etdirməklə sonda bu hakimiyyətə sahib olur. Məhz Akşin də İbn Tahirin əli ilə edam edilir. Bu obrazı maraqlı cizgiləri ilə aktyor Fərahim Fətəliyev ifa edir. Obraz aktyorun ifasında maraqla izlənilir və diqqət mərkəzində olmağı bacarır.
Ərəb ordusunun sərkərdəsi və hakimiyyət nümayəndəsi kimi təqdim olunan İbn Süheyl obrazı da hadisələrin gedişatı zamanı baş verən vəziyyətlərin cərəyan etməsində əsas qüvvə olaraq təqdim edilir. O, hakimiyyətin və işğalçı qüvvələrin bir parçası kimi, zorakı və avtoritar mövqedə dayanır. İbn Süheyl obrazı vasitəsilə tamaşa boyu işğalçı qüvvələrin, zorakılıq və ədalətsizliklə yanaşan bir təbəqənin simvolu təqdim edilir. Tamaşa boyunca İbn Süheyl obrazı həm də qorxu və təzyiq vasitəsilə xalqı idarə edən bir fiqurdur. Aktyor Pərviz İsmayılovun ifasında bu obraz davranışları ilə pyesdə zorakılığın və ədalətsizliyin təzahürü olaraq təqdim edilir. Aktyor həmçinin öz ifası ilə eyni zamanda, işğalçı qüvvələrin gücünü və zor gücünə əsaslanan hakimiyyətini maraqlı səhnə detalları ilə simvollaşdıraraq tamaşaçıya təqdim edə bilir. Obraz mahiyyət etibarı ilə ziddiyyətlərin təməlində duran ictimai-siyasi problemə yönəlməklə işğal və azadlıq mübarizəsinə diqqəti cəlb edə bilir. Aktyorun obraz üzərində təqdimatı bir daha qəhrəmanlıq, insani dəyərlər yox, hakimiyyətin qorunması və zor gücünü ön planda göstərməsi məqamında azadlıq və insan ləyaqəti uğrunda mübarizə edənlərə qarşı olan amansız mövqeyi ilə seçilə bilməsi qədər maraqla baxılır.
Altay pyesdə gənc, enerjili və idealist obraz kimi təqdim olunur. O, azadlıq uğrunda mübarizəyə qoşulan yeni nəsli təmsil edir. Altayın xarakteri mübarizənin davamlılığını və gələcəyə olan ümidlərinin göstəricisidir. O, çətinliklərə baxmayaraq, qorxmadan mübarizədə iştirak edir. Cəsarəti və iradəsi ilə pyesdə gənclərin rolunu ön planda təqdim etməyə müvəffəq olur. Obraz aktyor Elvin Mabudovun maraqlı səhnə ştrixləri ilə diqqət mərkəzində olmağı bacarır. O, səhnədə həm də gənclərin enerjisi və idealizmi ilə ümidi birlikdə simvolizə edir. Məhz bu səbəbdən Elvin Mabudovun ifa tərzi hadisələrin fonunda maraqla izlənilir.
Səhnədə təqdim olunan obrazlardan biri də ənənəvi və mühafizəkar qadın obrazı olaraq təqdim edilən aktrisa Nazilə İmamhüseynovanın ifasında olan Çılğının xalası surətidir. Müəllif ideyasına görə Çılğının xalası pyesdə daha çox ənənəvi dəyərlərə bağlı, mühafizəkar və stereotipik qadın obrazı kimi təqdim olunur. O, cəmiyyətin və ailənin mövcud qaydalarını qorumağa çalışan, dəyişikliklərə ehtiyatla yanaşan bir fiqurdur. Aktrisanın ifasında məhz bu obraz müəllif ideyasına həmçinin rejissor traktofkasından irəli gələrək dəyişikliklərdən eləcə də yeniliklərdən qorxan, gələcəyə qarşı isə tərəddüd hisslərinin daşıyıcısı kimi təqdim olunur. O, azadlıq və mübarizə ideyalarına şübhə ilə yanaşır, hər zaman isə təhlükəsizlik və sabitlik arzusu ilə hərəkət etməyə çalışır. Çılğının xalası obrazı, gənclərin idealizmi ilə yaşlı nəsilin ehtiyatlılığı arasında yaranan fikir ayrılıqlarını təmsil edir. Bu, həm də ailə daxilində və cəmiyyətdə nəsillərarası qarşıdurmanın simvolu olaraq da təqdim olunur. Aktrisanın maraqlı ifa tərzi həmçinin tamaşa boyu qadınların cəmiyyətdəki stereotipik rolları və məhdudiyyətlərini göstərməyə müvəffəq ola bilir. Həmçinin aktrisa Nazilə İmamhüseynova Xala obrazı ilə ənənəvi qadın rolunun, onun mühafizəkar mövqeyinin mənfi tərəflərini özündə daha geniş formada ehtiva etməklə əks etdirə bilir.
“Dar ağacı” pyesində əsas obrazlardan biri də Yarqıtay surətidir. Yarqıtay pyesdə Ərəb xilafətinin hərbi sərkərdəsi olaraq təqdim edilir. O, fiziki güc, təzyiq və qorxu vasitəsilə xalqı itaətdə saxlamağa çalışan rejimin bir qoludur. Onun üçün əsas məsələ xalqı susdurmaq, itaətə məcbur etmək və üsyanı yatırmaqdır. Onun üçün haqq, ədalət, vicdan kimi dəyərlərin heç bir əhəmiyyəti yoxdur. O, yalnız əmr alır və onu icra edir. Bu, onu əxlaqi məsuliyyətdən uzaq, kor-koranə itaət edən və zalımlığı peşəyə çevirən bir şəxsiyyət olaraq təqdim edilir. Bu obraz aktyor Azad Məmmədov tərəfindən münaqişənin dramatik gərginliyini artıran surət olaraq təqdim olunur. Yarqıtay obrazı pyesdə əsas dramatik qarşıdurmalardan birinin xalqın iradəsi ilə işğalçı zor arasında dayanır. Onun sərtliyi, təhdidləri və amansız qərarları mübarizənin nə qədər çətin və fədakarlıq tələb edən olduğunu bir daha göstərir. Aktyor səhnədə ifa etdiyi obraz vasitəsilə bir daha Yarqıtay kimi tiplərin dəyişməz və mexaniki düşüncəyə malik olduğunu əyani surətdə göstərməyə müvəffəq ola bilir.
Quruluşçu və geyim üzrə rəssam Nicat Məmmədovun tərtibatı, dekorları belə tamaşanın uğurlu səhnə həllinə geniş imkanlar açmışdır. Onun səhnənin dərinliyində belə göstərməyə çalışdığı “Dar ağacı” özü çox güclü simvol olaraq istifadə edilməklə ədalətsizlik, hökmranlığa qarşı müqavimət, ölümün simvolu, həm də azadlıq uğrunda fədakarlıq rəmzi kimi təqdim edilir. Tamaşanın sonunda məhz Akşinin öz tax-tacının simvolik olaraq dar ağacı ilə əvəzlənməsi səltənətin sonda qançanağı olaraq öz başına yıxılması qədər acılı bir sonluğun nəticəsi olaraq rəssam düşüncəsinin uğurlu təzahürü olaraq təqdim edilir. Rəssam tərəfindən işlənilən simvollar belə əsərin mənasını dərinləşdirir, şifahi səviyyədən konseptual məzmuna qədər yüksəlməsinə gətirib çıxarır.
Mahnıların bəstəkarı olaraq Xatirə Orucovanın, baletmeysteri Çingiz Novruzəliyevin, vokal üzrə müəllim Fərqanə Salamovanın eləcə də musiqisi Azərbaycan və SSRİ Xalq artisti Aqşin Əlizadənin, səhnə döyüşlərinin qurulmasında isə Sahib Novruzovun uğurlu və maraqlı işləmələri tamaşanın ümumi ana xəttinin açılaraq təqdim edilməsində xüsusi olaraq qeyd edilməlidir.
Beləliklə, “Dar ağacı” tarixi pyesinin tamaşasına nəzər yetirdikdə belə bir nəticəyə gələ bilərik ki, Bəxtiyar Vahabzadə bütün poeziyasında olduğu kimi, tarixi pyeslərində də böyük həmçinin ciddi həyat məsələləri üzərində düşünərək xalqın tarixi taleyi, bu taleyi özündə, mübarizələrində əks etdirən maraqlı və orjinal dramaturgiyasının əsas fəlsəfi-estetik düşüncələrini böyük usatlıqla qələmə ala bilmişdir. Eləcə də qeyd etmək lazımdır ki, Vahabzadə dramaturgiyası mövzu cəhətdən tarixi və müasir həyatla bağlı olan pyeslər silsiləsinə şamil edilə bilər. Burada tarixilik və müasirlik vəhdət halında çıxış edir. Bu da böyük şairimizin milli dramaturgiyanın zəngin ənənələrini yaşatmaq əzminin bir daha göstəricisi olaraq maraqla izlənilməkdədir.
Anar Ərtoğrul Burcəliyev,
Teatrşünas-tənqidçi