Şəhid polis mayoru, Milli Qəhrəmanın doğum günü qeyd edildi-FOTO

Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin birgə təşkilatçılığı ilə şəhid mayor Milli Qəhrəman Şahlar Şükürovun doğum günü qeyd olunub.

KANAL32.AZ-ın məlumatına görə, tədbirdə millət vəkili Aqil Məmmədov, Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, şəhidin ailə üzvləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Millət vəkili Aqil Məmmədov çıxış edərək qeyd etdi ki, Azərbaycan 2020-ci ildə torpaqlarını 30 ilə yaxın əsarətdən qurtararaq ərazi bütövlüyünü bərpa etdi. Biz kimliyimizi sübut etdik, azərbaycanlı kimi başımızı qürurla dik tuta bildik. Əldə olunan uğurların, qazanılan nailiyyətlərin memarı məhz Prezident İlham Əliyevdir. Azərbaycan müdrik siyasi xadim, mahir diplomat, qətiyyətli Lideri sayəsində dünyada böyük nüfuz qazanıb. Ölkəmizin regionda və beynəlxalq aləmdə öz sözü və yeri var.

Aqil Məmmədov vurğulayıb ki, əhalinin həssas qruplarının, xüsusilə şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin siyasətinin ana xəttini təşkil edir.

Bu gün Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə, veteranlarına Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən də yüksək diqqət və qayğı göstərilir. Məhz müharibədə yaralanan qazilərimiz Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunurlar.

Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Azərbaycanın Milli Qəhrəmanı Şahlar Şükürov haqqında tədbir iştirakçılarına ətraflı məlumat verərək qeyd etdi ki, Kəlbəcər-Ağdərə yolundakı qeyi-bərabər döyüş Qarabağ müharibəsinin ən unudulmaz səhnələrindən biridir. O zaman savaş təzə-təzə közərirdi. Amma düşmən onu alovlandırmaq üçün fürsət axtarırdı. 11 iyul 1990-cı ildə, Kəlbəcər-Ağdərə yolundakı Otaqqayada, qeyri-bərabər döyüşdə Şahlar Şükürov və ustad sənətkar Dədə Şəmşirin qızı Çimnaz xanım şəhidlik zirvəsinə yüksəldi. Azərbaycanda Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderin bu təbəqədən olan insanlara göstərdiyi qayğı, bu istiqamətdə yürütdüyü dövlət siyasəti onun layiqli davamçısı Prezident İlham Əliyev və I Vitse Prezidentimiz Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Müstəqil və qüdrətli Azərbaycan dövləti erməni faşizmi üzərindəki 44 günlük Vətən müharibəsini böyük zəfər, unudulmaz tarixi Qələbə ilə başa vurdu. Ali Baş Koman­danımız cənab İlham Əliyevin rəhbərliyi altında, onun qətiyyəti, yenilməz sərkərdəlik məharəti ilə xalqımıza bəxş olunan bu möhtəşəm Qələbənin sevincini hər bir soydaşımız bö­yük qürur hissi ilə yaşayır.

Həbib Misirov qeyd etdi ki, Cənab Prezidentin rəhbərliyi ilə işğaldan azad edilmiş doğma torpaqlarımızda abadlıq quruculuq işləri geniş vüsət alıb. Əməkdar jurnalist, türkolaq alim Adil Cəmil, Qarabağ müharibəsi iştırakçılarından ehtiyyatda olan Polkovnik Balay Nəsibov, Mayıl Adilov, ziyalı,müəllim Sabir Mirzəyev, Ş.Şükürovun adını daşıyan Kəlbəcər rayon 35 nömrəli tam orta məktəbin məzunu, BSU-nin 1-ci kurs tələbəsi Bünyad Şirinli və digər gənclər Şahlar Şükürovun keçdiyi həyat və döyüş yolundan danışdılar qeyd etdilər ki, qəhramanlarımızın keçdiyi bu şərəfli həyat yolu hər bir gənc üçün nümunə olmalıdır. Gənclər ölkəmizin bu günü, həm də gələcəyi, sabaha olan ümididir. 44 günlük Vətən Müharibəsində biz bir daha gördük ki, Azərbaycanın böyük və güclü gələcəyi var. Çünki sağlam, cəsur, qəhrəman bir nəslin yetişdiyini gördük. Onların hamısı cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşdi. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşdular, 30 illik Vətən həsrətinə öz canları, qanları hesabına son qoydular.

Şəhid Şahlar Şükürovun qardaşı, əməkdar həkim Malik Şükürov şəhidin ailə üzvləri adından çıxış edərək, dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirmiş, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.

Xatırladaq ki, Şükürov Şahlar Əvəz oğlu 17 may 1952-ci ildə Kəlbəcər rayonunun Zülfüqarlı kəndində anadan olub. 1972-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib, hərbi xidmətə gedib. Ordudan tərxis edildikdən sonra Ucar rayonu Daxili İşlər Şöbəsində çalışıb. 1986-cı ildə Rostov Ali Polis Akademiyasını bitirib. Zərdab rayonunda rəis müavini vəzifəsində çalışan Şahlar mayor rütbəsi alıb. 11 iyul 1990-cı ildə Tərtər-Kəlbəcər yolu ilə hərəkət edən maşın karvanı Ağdərə ərazisində ermənilərin qəfil hücumuna məruz qalan zaman qeyri-bərabər döyüşdə qəhrəmanlıq nümayiş etdirərək həlak olub. Ailəli idi. İki övladı var.

Polis mayoru Şükürov Şahlar Əvəz oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Kəlbəcər rayonunun Zülfüqarlı kəndində dəfn olunub. Zərdab rayonunda adına məktəb və küçə var. Eyni zamanda Mingəçevir şəhərində yerləşən 35 nömrəli Kəlbəcər rayon tam orta məktəbi də Milli Qəhrəman Şahlar Şükürovun adını daşıyır.

Kanal32.az