“Heydər Əliyev İli” çərçivəsində “Qəhrəmanlar unudulmur” tədbirlər planına uyğun olaraq Şəhid Milli Qəhrəman Şahlar Şükürovun doğum günü qeyd olunub.
Kanal32.az-a verilən məlumata görə,Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatı və Şərqi Zəngəzur Regional Təhsil idarəsinin Milli Qəhrəman Şahlar Şükürov adına 35 №-li Kəlbəcər rayon orta məktəbinin birgə təşkilatçılığı ilə 17 May 2023-çü il tarixində şəhid mayor Milli Qəhrəman Şahlar Şükürovun doğum günü qeyd olunub.Tədbirdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov və məktəbin müəllim-şagird kollektivi iştirak ediblər.
Şəhidin adını daşıyan məktəbdə keçirilən tədbirdə, iştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Milli Qəhrəman Şahlar Şükürova həsr olunmuş videoçarx nümayiş etdirilib.
Məktıbin direktoru Elşən Əzim çıxış edərək qeyd edib ki, Milli Qəhrəman mayor Şahlar Şükürov 17 may 1952-ci ildə Kəlbəcər rayonunun Zülfüqarlı kəndində doğulmuşdur. Məktəbi bitirdikdən sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki İqtisad Universiteti – red.) daxil olmuş. 1972-ci ildə təhsilini bitirdikdən sonra hərbi xidmətə çağırılmışdır. Sonra fəaliyyətini Ucar və Zərdab rayon Daxili İşlər Şöbəsində davam etdirmişdir.1986-cı ildə Rostov Ali Polis Akademiyasını bitirmişdir. Şahlar Şükürov tez-tez qaynar nöqtələrdə olur, erməni yaraqlılarına qarşı aparılan əməliyyatlarda fəal iştirak edirdi. 1990-cı il iyul ayının 11-də hərbi qulluqçuların müşayiəti ilə Tərtər-Kəlbəcər yolu hərəkət edən maşın karvanı Ağdərə ərazisindən keçərkən düşmənin qəfil hücumu ilə rastlaşdı. O, bu qeyri-bərabər döyüşdə son nəfəsinəcən döyüşdü və qəhrəmancasına həlak oldu. Bu qeyri-bərabər döyüşdə Şahlar Şükürovla yanaşı ustad sənətkar Dədə Şəmşirin qızı Çimnaz xanımda şəhidlik zirvəsinə yüksəlibdir. Ölümündən sonra Şahlar Şükürov Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb. 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı tarixi qələbəmiz nəticəsində torpaqlarımız işğalçılardan azad edildi. Qarabağ Zəfəri ilə ərazi bütövlüyümüz təmin olundu və şəhidlərimizin qisası alındı.
YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxış edərək qeyd edib ki, canını torpağına fəda edən neçə-neçə şəhid olan, fəxrlə yad edilən oğulları var Kəlbəcərin. Bu gün şəhidlik zirvəsinə ucalan o oğullardan birinin – Şahlar Əvəz oğlu Şükürovun doğum günüdür. Yaşasaydı, bu gün 71 yaşı tamam olacaqdı. Kəlbəcər-Ağdərə yolundakı qeyi-bərabər döyüş Qarabağ müharibəsinin ən unudulmaz səhnələrindən biridir. Azərbaycanda Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderin bu təbəqədən olan insanlara göstərdiyi qayğı, bu istiqamətdə yürütdüyü dövlət siyasəti onun layiqli davamçısı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Xalqımızın tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsinin başlanmasından iki il ötür. Otuz ilə yaxın işğal altında qalan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildi. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin xatirəsini uca tutur. Əbədiyyətə qovuşan şəhidlərimiz öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdırıb. Bu gün Kəlbəcər azaddır. Şahların da ruhu azad torpaqda dolaşır.
EL televiziyasının aparıcı-redaktoru, Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü, məktəbin müəllimi İnqilab Şirinli çıxış edərək qeyd etdi ki, qəhramanlarımızın keçdiyi bu şərəfli həyat yolu hər bir gənc üçün nümunə olmalıdır. 44 günlük Vətən Müharibəsində biz bir daha gördük ki, Azərbaycanın böyük və güclü gələcəyi var. Çünki sağlam, cəsur, qəhrəman bir nəslin yetişdiyini gördük. Onların hamısı Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşdi. Məktəbin şagirdləri Milli Qəhraman Şahlar Şükürova və Şəhidlərimizə həsr olunmuş Ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.
Tədbrin sonunda Milli Qəhrəman Ş.Şükürov adına Kəlbəcər rayon 35 №-li tam orta məktəbin bir neçə fəal YAP üzvünə Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının fəxri fərmanları təqdim edilib.
KANAL32.AZ