Səbuhi Abbasovdan Fatih Erbakana sillə kimi cavab: Ərdoğanın və Əliyevin adından özünüzə siyasi divident qazandırmayın!
Fatih Erbakanın Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında səsləndirdiyi fikirlər bir daha göstərir ki, bəziləri üçün siyasi mübarizədə sərhəd, siyasi etikada isə ölçü anlayışı getdikcə arxa plana keçir. Öz ölkəsindəki problemlərin ağırlığı altında arqumentləri tükənənlər çıxış yolunu bəzən başqa dövlətlərin rəhbərlərini hədəfə almaqda görürlər. Ancaq cənab Erbakan unudur ki, Azərbaycan nə onun siyasi tribunasıdır, nə də Türkiyədəki problemlərdən yayınmaq üçün istifadə ediləcək hədəf lövhəsi!
Fatih Erbakan, Azərbaycan Prezidentinin adını ağzınıza almamışdan əvvəl bir düşünün: Siz Türkiyənin hansı problemini həll etmisiniz ki, indi başqa bir dövlətin rəhbərinə siyasi əxlaq dərsi keçməyə çalışırsınız?
Siyasi populizmin ən rahat yolu budur: xalqın narazılığını götür, üzərinə bir neçə ittiham əlavə et, sonra da məsuliyyəti başqasının üzərinə at. Amma bu üsul nə problemləri həll edir, nə də siyasətçini böyük dövlət xadiminə çevirir.
Ən təəccüblüsü isə budur ki, siz iki prezident arasındakı münasibətləri öz siyasi mübarizənizin predmetinə çevirməkdən çəkinmirsiniz. Rəcəb Tayyib Ərdoğanla İlham Əliyevin telefon danışığını, diplomatik təmaslarını və qarşılıqlı münasibətlərini daxili siyasi ittihamlarınızın materialına çevirirsiniz. Nə üçün? Türkiyənin daxili problemlərinə Azərbaycanı da şərik etmək üçünmü?
Cənab Erbakan, öz siyasi rəqibinizlə hesablaşmaq istəyirsinizsə, bunu öz ölkənizdə edin! Azərbaycan Prezidentini Türkiyədəki siyasi mübahisələrinizə sürükləmək sizin siyasi haqqınız deyil!
Oktay Saral məsələsinə gəlincə, cənab Erbakan, siyasət elə bir yerdir ki, bu gün başqasının siyasi taleyini müzakirə edən sabah özü eyni suallarla üzləşə bilər. Oktay Saralın aqibətinin sizi də gözləyə biləcəyini unutmayın! Heç bir siyasətçi özünü siyasi hadisələrin fövqündə görməməlidir. Bu gün başqasına ünvanladığınız sərt sözlərin sabah özünüzə yönəlməyəcəyinə zəmanət yoxdur.
Amma məsələ təkcə sizin siyasi taleyiniz deyil. Məsələ Azərbaycanın suverenliyinə münasibətinizdir. Azərbaycan Türkiyənin daxili işlərinə qarışmırsa, siz də Azərbaycanın daxili siyasi qərarlarını Türkiyədəki mübahisələrin alətinə çevirməməlisiniz. Bu, xüsusi güzəşt deyil, müstəqil dövlətlər arasında münasibətlərin ən elementar prinsipidir.
Azərbaycanla Türkiyənin münasibətləri sizin siyasi hesablarınızdan, partiya maraqlarınızdan və gündəlik bəyanatlarınızdan daha böyükdür. Bu qardaşlıq ağır sınaqlardan keçib, tarixin içindən gəlib və milyonlarla insanın milli yaddaşında yaşayır. Siz bir statusla bu münasibətləri sarsıda bilməzsiniz. Ancaq məsuliyyətsiz sözlərinizlə öz siyasi yanaşmanız barədə ciddi suallar yarada bilərsiniz.
Bir şeyi də yaxşı anlayın: Azərbaycan Prezidentinin ünvanına yönələn hər əsassız ittihamı Türkiyə–Azərbaycan qardaşlığı naminə susaraq qarşılamaq məcburiyyətində deyilik. Qardaşlıq hörmət tələb edir, birtərəfli güzəşt yox!
Siz siyasi müxalifət nümayəndəsisiniz. Elə isə müxalifətçiliyinizi faktlarla göstərin, konkret həll yolları təklif edin, məsuliyyət tələb etdiyiniz yerdə özünüz də məsuliyyət nümayiş etdirin. Azərbaycan və onun Prezidenti haqqında danışmaqla Türkiyənin problemlərini həll etdiyinizi düşünürsünüzsə, yanılırsınız.
Fatih Erbakan, siyasət meydanında sərt danışmaq asandır. Əsl siyasi güc isə sözünün məsuliyyətini daşımaq, faktla danışmaq və öz ölkəsinin problemlərinə həll yolu tapmaqdır.
Ərdoğanla Əliyevin dostluğundan sizə siyasi xal çıxmaz. Azərbaycanın suverenliyini hədəfə almaqla Türkiyədəki problemlərin məsuliyyətini Azərbaycanın üzərinə qoya bilməzsiniz. Başqasının aqibətini müzakirə etməklə də öz siyasi gələcəyinizə təminat qazanmırsınız.
Azərbaycan heç kimin siyasi oyuncağı deyil. İlham Əliyev heç bir xarici siyasətçinin daxili siyasi hesablaşması üçün hədəf deyil. Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq isə heç bir partiyanın seçki materialı deyil.
Əvvəl öz siyasi məsuliyyətinizi sübut edin, sonra başqalarına dərs keçin. Azərbaycanın dövlət başçısına münasibətdə isə hər kəs bilməlidir: dövlətimizin suverenliyinə və milli ləyaqətinə hörmətsizlik edən elə o ağırlıqda da cəzasını alacaqdır!