Rusiyanın yaratdığı potensial terrorçular-Ukraynadan oğurlanan uşaqlar necə “ruslaşdırılır”?

Rusiya hakimiyyəti işğal zamanı Ukraynadan oğurlanmış uşaqların “ruslaşdırılması” üçün xüsusi sistem və müəllimlər üçün metodik vasitələr hazırlayıb.

Kanal32.az “AzPolitika”ya istinadla xəbər verir ki, bu barədə Rusiyanın “Meduza” kanalı material yayımlayıb.

Qeyd olunur ki, həmin sistem ukraynalı uşaqlarda “rus kimliyi” formalaşdırmağa və onları valideynlərinin öldüyünə inandırmağa xidmət edir: “Müharibə zamanı zorla Rusiyaya aparılan ukraynalı uşaqların dəqiq sayı məlum deyil. Aqncaq rəsmi Kiyevin məlumatına görə, söhbət təxminən 20 min uşaqdan gedir. Rusiya rəsmiləri ukraynalı uşaqların vətənlərini unutmalarına çalışırlar və onları əmin edirlər ki, valideynləri heç vaxt onları evlərinə aparmaq üçün gəlməyəcəklər. Hakimiyyət əmindir ki, onlar oğurlanmış uşaqları “yenidən tərbiyələndirə” biləcəklər”.

Məumatda qeyd olunur ki, rus müəllimlərə deportasiya olunmuş uşaqların valideynlərinin öldüyünü onlara birbaşa söyləmələri tövsiyə olunur. Hətta bu, həqiqətə uyğun olmasa da belə.

Eyni zamanda, əslində uşaqların Rusiyaya aparılmasının yeganə səbəbi müharibə olsa da, Rusiya Təhsil Nazirliyinin təlimatında uşaqlara izah edilməli olan səbəb bu cür göstərilir: “Geosiyasi vəziyyətin mürəkkəbləşməsi, ailənin məcburi köçürməyə sövq edilməsi”.

Bundan əlavə, təlimata görə, ukraynalı uşaqlarla ünsiyyət yalnız rus dilində aparılır və aparılmalıdır. Nazirlikdəki mənbə bidlirib: “Deyirlər ki, Konstitusiyada rus dili dövlət dilidir: Rusiyaya gəlirsənsə, rus dilində danış”.

Eyni zamanda, “Meduza” yazır ki, Rusiya Təhsil Nazirliyi Ukraynadan qaçırılan uşaqlardan “qorxur”. “Yenidən tərbiyələndirilməli olan” bu uşaqlar gələcəkdə Rusiya hakimiyyətinə qarşı çıxa biləcək “potensial terrorçu” kimi də nəzərdən keçirilir: “Rus bölməsinin əməkdaşları, hətta rəhbərlik səviyyəsində belə, bəzən bu yeniyetmələri “potensial terrorçu” adlandırırlar”.

Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən həbs qərarı çıxarılan Rusiya Prezidenti yanında Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belova israr edir ki, rusiyalılar “yeni regionlardan” gətirilən uşaqları övladlığa götürə bilməzlər. Onun dediyinə görə, “yalnız qəyyumluq və ya himayədar ailə” statusu ola bilər ki, bu da gələcəkdə həmin uşaqların öz gerçək ailələrinə qaytarılmasını təmin edə bilər. Lakin “Meduza”nın qeyd etdiyi kimi, onun dedikləri yalandır.

 

/AzPolitika.info/