Rusiyanın 300 illik sisteminə zərbə,yoxsa…?-TƏHLİL

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan görüş faktiki olaraq bir reallığı da ortaya qoydu: “Paks Rusiya” dönəmi artıq bitir.
Əslində, “Paks Rusiya” ifadəsi “Paks Romana” terminindən törəyib. “Paks Romana” latınca “Roma sülhü” deməkdir. Bu termin Roma imperatoru Oktavian Avqustun təxminən e.ə. 27-ci ildə hakimiyyətə gəlişindən e.ə. 180-ci ilə qədər davam edən uzun sabitlik və nisbi sülh dövrünü ifadə edir.
Roma öz hərbi gücü və siyasi nəzarəti sayəsində geniş ərazilərdə müharibələri minimuma endirib vahid nizam yarada bilmişdi. Yəni Roma, hakimiyyətini qəbul edən xalqlar üçün təhlükəsizlik, ticarət və sabitlik təmin edirdi. Əvəzində isə onlar imperiyaya vergi verir, itaət edir və üsyan qaldırmırdılar. Əgər bir ərazi itaətdən çıxırdısa, Roma onu sərt şəkildə cəzalandırırdı.
1453-cü ildə Konstantinopolun süqutundan sonra rus çarları özlərini “Üçüncü Roma” kimi təqdim etməyə başladılar. I Pyotr dövründən etibarən isə klassik “Paks Rusiya” mərhələsi formalaşdı. Daha sonra həm Sovet İttifaqı dövründə, həm də onun dağılmasından sonra bu model müxtəlif formalarda davam etdi.
Bu modelin əsas prinsipi də sadə idi: Moskvanın siyasi orbitində qalmaq təhlükəsizlik zəmanəti deməkdir. Bu “təhlükəsizlik” yalnız xarici müdaxilədən qorunma yox, həm də daxili sabitliyin təmin olunması anlamına gəlirdi. Əvəzində isə həmin dövlətlər suveren qərarvermə imkanlarının bir hissəsini faktiki olaraq mərkəzə həvalə edirdi. Bu sistemdə rus dili, enerji asılılığı, hərbi ittifaqlar və elit əlaqələr bir növ “imperiya yapışqanı” rolunu oynayırdı.
Sözügedən çərçivədən çıxmağa çalışan ölkələr isə avtomatik şəkildə risk zonasına daxil olurdu. Gürcüstan və Ukrayna nümunələri bunu açıq şəkildə göstərdi. Xüsusilə 2008-ci ildə Gürcüstanla və 2022-ci ildə Ukrayna ilə baş verən müharibə Moskvanın “Paks Rusiya” modelində cəza mexanizminin necə işlədiyini ortaya qoydu. Orbitdən çıxmaq cəzasız qalmırdı.
Lakin bu sistemin davamlılığı bir şərtə bağlı idi: mərkəzin gücünün və resurslarının kifayət qədər olması. Bu nöqtədə Vladimir Putin rəhbərliyindəki Rusiya uzun müddət balansı qoruya bildi. Enerji gəlirləri, hərbi güc və informasiya təsiri sayəsində Moskva həm qorxu, həm də cazibə elementi yaradırdı. Ancaq son illərdə bu balans da ciddi şəkildə sarsıldı.
Ukrayna müharibəsi Rusiyanın hərbi, iqtisadi və diplomatik resurslarını paralel şəkildə aşındırdı. Qərbin sanksiyaları, enerji bazarlarında dəyişikliklər və beynəlxalq təcrid Kremlin “cəzalandırma və qoruma” qabiliyyətini zəiflətdi. Artıq Moskva eyni anda həm müharibə aparıb, həm də bütün postsovet məkanını əvvəlki səviyyədə nəzarətdə saxlaya bilmir.
Qeyd etdiyim kimi, Gürcüstan ilə Ukraynanın orbitdən çıxması radikal qərarlar hesabına baş verdi və fəsadları olduqca ağır oldu. “Paks Rusiya”nı sarsıdan əsasən bu iki “baş qaldırma” idi..
Azərbaycan isə nə tam şəkildə bu sistemin içində əridi, nə də açıq şəkildə ondan qoparaq risk zonasında qalmağı seçdi. Rəsmi Bakı daha çox sistemi idarə etməyə çalışdı. Xüsusilə Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan bu sistemi daha rasional şəkildə “oxumağa” başladı.
O dövrdə əsas strategiya belə idi: Rusiyanı tam qarşıya almadan, amma ona tam tabe də olmadan manevr etmək. Yəni Moskva ilə münasibətlər qorunur, paralel şəkildə Qərb və region ölkələri ilə əlaqələr inkişaf etdirilirdi. Bu, əslində “Paks Rusiya”nın qaydalarını pozmadan ondan maksimum fayda götürmək idi.
Azərbaycan nə Gürcüstan kimi açıq qarşıdurma yolunu seçdi, nə də Ermənistan kimi tam asılılıq modelinə girdi. Bunun əvəzinə enerji layihələri, xüsusilə neft və qaz ixracı vasitəsilə özünə alternativ güc dayaqları yaratdı.
Prezident İlham Əliyev dövründə isə Azərbaycan artıq “Paks Rusiya”nın zəifləməsini fürsətə çevirməyi bacardı. Xüsusilə 2020-ci ildən sonra regionda yaranan yeni reallıq göstərdi ki, Bakı artıq təkcə balanslaşdıran yox, oyun quran aktora çevrilib.
Nəticə etibarilə, Azərbaycan “Paks Rusiya”dan çıxmaq üçün onunla toqquşmadı, onu neytrallaşdırdı və paralel alternativlər qurdu.
Ermənistan isə “Paks Rusiya” modelinin sonuncu həlqəsi idi. Ermənistan uzun illər Rusiyanın ən sadiq müttəfiqlərindən biri sayılırdı. Hətta təhlükəsizlik baxımından demək olar ki, tamamilə Moskvadan asılı idi.
Lakin indi rəsmi İrəvan açıq şəkildə narazılığını ifadə edir, alternativ tərəfdaşlar axtarır və Kremlin mövqeyinə qarşı daha sərt ritorika sərgiləyir. Prinsip etibarilə, İrəvan artıq onu qoruyacaq Rusiyaya əvvəlki kimi ehtiyac duymur.
Qorxulan Qarabağ müharibəsi baş verdi və Azərbaycan öz ərazilərini işğaldan azad etdi. Üstəlik, Ermənistan bu müharibə nəticəsində demoqrafik baxımdan müəyyən mənada qazanc əldə etdi — Qarabağ ermənilərinin Ermənistana köçü baş verdi.
Baş nazir Nikol Paşinyan artıq İlham Əliyev ilə birbaşa sülh danışıqları apara bilir, Türkiyə ilə münasibətləri normallaşdırır və Qərbə inteqrasiya istiqamətində addımlar atır. Bunun nəticəsi kimi Moskvada Vladimir Putin qarşısında daha cəsarətli mövqe nümayiş etdirən bir Paşinyan ortaya çıxır.
Nəticə etibarilə, “Paks Rusiya”nın tamamilə bitdiyini demək hələ tezdir. Lakin onun əvvəlki formasının artıq davam etmədiyi açıq şəkildə görünür.
Müəllif: Turan Rzayev,politoloq