Rektor Anar Eminov: “Universitetin gələcəyi onun yaratdığı dəyər, yetişdirdiyi insan və cəmiyyətə verdiyi töhfə ilə ölçülür”
XXI əsr universitet qarşısında əvvəlki dövrlərlə müqayisədə daha böyük və daha mürəkkəb məsuliyyətlər müəyyənləşdirir. Süni intellekt və rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi, əmək bazarının dinamik şəkildə dəyişdiyi, innovasiyanın iqtisadi inkişafın əsas hərəkətverici qüvvələrindən birinə çevrildiyi, ekoloji çağırışların isə qlobal gündəliyin mühüm istiqamətini təşkil etdiyi müasir dünyada universitet yeni elmi ideyalar formalaşdıran, innovasiyanı təşviq edən, insan kapitalını inkişaf etdirən, tələbəsinin səsini eşidən, real sektor və sənaye ilə əməkdaşlıq edən, beynəlxalq akademik şəbəkələrə inteqrasiya olunan, yaşıl düşüncəni təşviq edən və cəmiyyətin inkişafına real töhfə verən intellektual mərkəz olmalıdır.
Mingəçevir Dövlət Universitetində son bir il ərzində həyata keçirdiyimiz inkişaf strategiyasının mahiyyətində məhz bu yanaşma dayanır. Bizim üçün universitetin inkişafı ayrı-ayrı layihələrin, tədbirlərin və statistik göstəricilərin məcmusu deyil. Bu, akademik mükəmməllikdən tələbə məmnuniyyətinə, elmi fəaliyyətdən beynəlxalqlaşmaya, rəqəmsal transformasiyadan sənaye əməkdaşlığına, innovasiyadan yaşıl kampus konsepsiyasına qədər bütün istiqamətlərin vahid strateji məqsəd ətrafında birləşdirilməsi prosesidir.
Həmin məqsəd mahiyyət etibarilə aydındır: gələcəyin Azərbaycanına və dəyişən dünyaya cavab verə biləcək bilikli, bacarıqlı, yaradıcı, məsuliyyətli və rəqabətqabiliyyətli insan yetişdirmək.
Bu baxımdan bizim üçün universitetin ən böyük dəyəri tələbədir. Çünki ali təhsil müəssisəsinin fəaliyyətinin son nəticəsi yalnız akademik göstəricilərlə deyil, tələbənin qazandığı bilik, formalaşdırdığı bacarıq, inkişaf etdiyi mühit və gələcəyə hazırlıq səviyyəsi ilə ölçülür. Tələbə məmnuniyyəti bizim üçün sadəcə xidmət keyfiyyətinin göstəricisi deyil, universitetin idarəetmə fəlsəfəsinin mühüm meyarıdır. Tələbənin özünü universitetdə dəyərli hiss etməsi, fikirlərinin dinlənilməsi, müasir təhsil və tədqiqat imkanlarına, laboratoriyalara, kitabxanaya, rəqəmsal resurslara, sosial, mədəni və idman fəaliyyətlərinə çıxışının təmin olunması sağlam və məhsuldar akademik mühitin əsas şərtlərindəndir.
Müasir və tələbəyönümlü təhsil modelinin əsasını yalnız auditoriya təşkil etmir. Tələbə universitetdə nəzəri biliklə yanaşı, praktiki bacarıq qazanmalı, tədqiqat aparmalı, layihə hazırlamalı, komanda ilə işləməyi öyrənməli, rəqəmsal texnologiyalardan və süni intellekt imkanlarından məsuliyyətli və səmərəli istifadə etməli, xarici dillərə yiyələnməli və beynəlxalq mühitdə özünü ifadə edə bilməlidir. Buna görə də MDU-da tədrisin məzmununun müasir əmək bazarının tələbləri ilə əlaqələndirilməsi, innovativ tədris metodlarının tətbiqi və praktiki hazırlığın gücləndirilməsi strateji prioritetlərimiz sırasında xüsusi yer tutur.
Bizim üçün akademik mükəmməllik yalnız yüksək qiymətlər və diplomlarla ölçülmür. Akademik mükəmməllik sual vermək, araşdırmaq, yeni fikir yaratmaq, mövcud biliklərin sərhədlərini genişləndirmək və əldə olunan elmi nəticəni cəmiyyət üçün real dəyərə çevirmək bacarığıdır. Universitetin elmi potensialının gücləndirilməsi də məhz belə düşüncə mühitinin formalaşdırılmasını tələb edir.
Bu baxımdan Akademik Stimullaşdırma və İndeksləmə Sistemi universitetimizin akademik inkişaf fəlsəfəsinin mühüm elementlərindən biridir. ASİS akademik heyətin elmi fəaliyyətinin sistemli şəkildə izlənilməsinə, nəşrlərin, layihələrin, patentlərin, konfrans materiallarının və digər akademik nəticələrin nəzərə alınmasına, beynəlxalq elmi bazalarla əlaqəli şəkildə daha şəffaf, obyektiv və nəticəyönümlü akademik mühitin formalaşdırılmasına imkan verir. Burada əsas məqsəd rəqəmlərin arxasınca getmək deyil. Məqsəd elmi əməyin dəyərini artırmaq, müəllim və tədqiqatçıları daha böyük elmi hədəflərə təşviq etmək və universitetdə nəticəyə əsaslanan akademik mədəniyyət formalaşdırmaqdır.
Elmi inkişafın davamlı olması üçün universitetin sənaye və real iqtisadiyyatla əlaqəsinin gücləndirilməsi də xüsusi əhəmiyyət daşıyır. Bu gün MDU-nun sənaye tərəfdaşlarının sayının günü-gündən artması, müxtəlif müəssisələrlə əməkdaşlığın genişləndirilməsi, magistrantların tədqiqat mövzularının real sektorun ehtiyacları ilə əlaqələndirilməsi bu yanaşmanın praktik ifadəsidir.
Biz istəyirik ki, universitetdə aparılan tədqiqat yalnız elmi məqalə və dissertasiya səhifələrində qalmasın. Elmi ideya istehsala, texnologiyaya, idarəetməyə, sahibkarlığa və sosial inkişafa təsir göstərməli, universitetin yaratdığı bilik real iqtisadi və ictimai dəyərə çevrilməlidir. Universitetlə sənaye arasındakı əlaqə nə qədər güclü olarsa, tələbənin də əmək bazarına keçidi bir o qədər hazırlıqlı və məqsədyönlü olar.
Bu yanaşmanın mühüm istiqamətlərindən biri müasir laboratoriya və innovasiya infrastrukturunun yaradılmasıdır. Süni intellekt və rəqəmsal texnologiyalar, kibertəhlükəsizlik, robototexnika, mühəndislik və digər perspektivli sahələr üzrə formalaşdırılan imkanlar tələbəyə gələcəyin texnologiyalarını yalnız öyrənmək deyil, onları tətbiq etmək və yeni həllər yaratmaq imkanı verir.
Regionda yaradılan müasir Kibertəhlükəsizlik Laboratoriyası da bu fəlsəfənin nəticələrindən biridir. Rəqəmsal transformasiyanın sürətləndiyi bir dövrdə kibertəhlükəsizlik milli təhlükəsizlik, iqtisadi dayanıqlılıq və rəqəmsal gələcəyin qorunması məsələsidir. Bu sahədə yetişdirilən hər bir mütəxəssis Azərbaycanın təhlükəsiz və dayanıqlı gələcəyinə qoyulan sərmayədir.
Universitet-sənaye əməkdaşlığının digər mühüm istiqaməti beynəlxalq texnologiya şirkətləri ilə tərəfdaşlıqdır. Regionda ilk olaraq “CISCO Networking Acedemy”nin rəsmi tərəfdaşı statusunu qazanmağımız, “Aselsan Bakı” MMC ilə əməkdaşlığımız, telekommunikasiya laboratoriyasının yaradılması, tələbə və mütəxəssislərin hazırlanması, texniki bilik və təcrübə mübadiləsinin genişləndirilməsi MDU-nun müasir texnoloji ekosistemə inteqrasiyasını gücləndirir.
Bizim üçün belə tərəfdaşlıqların məqsədi yalnız birgə layihələr həyata keçirməkdən ibarət deyil. Əsas hədəf tələbənin universitetlə əmək bazarı arasında keçidini daha səmərəli qurmaq, onu real iş mühitinin tələblərinə hazırlamaq və gənclərimizin müasir texnologiyalarla işləmək imkanlarını genişləndirməkdir.
Universitetin gələcəyini beynəlxalqlaşmadan kənarda təsəvvür etmək də mümkün deyil. Dünyaya açılan universitet özünü yalnız ölkə daxilində deyil, beynəlxalq akademik məkanda da sınamalı, təcrübə mübadiləsinə açıq olmalı və qlobal elmi proseslərin fəal iştirakçısına çevrilməlidir.
Son dövrdə Türkiyənin aparıcı ali təhsil müəssisələri ilə qurduğumuz əməkdaşlıqlar – Marmara Universiteti, Ege Universiteti, Dokuz Eylül Universiteti, Qazi Universiteti, Düzce Universiteti, Ankara Hacı Bayram Vəli Universiteti, Orta Doğu Texniki Universiteti, TED Universiteti və OSTİM Texniki Universiteti ilə əlaqələr – bu istiqamətdə atılan mühüm addımlardır. Xüsusilə Marmara Universiteti ilə imzalanmış Anlaşma Memoranduma əsasən yaradılan Birgə Koordinasiya Komitəsi əməkdaşlığımızın yeni mərhələyə keçməsi baxımından əhəmiyyətlidir. Biz Türkiyə ilə əlaqələrimizi yalnız akademik mübadilə çərçivəsində görmürük. Birgə elmi tədqiqatların, tələbə və müəllim mübadiləsinin, ikili diplom imkanlarının, innovasiya və sahibkarlıq təşəbbüslərinin, mühəndislik, süni intellekt, PUA texnologiyaları və digər perspektivli istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsini vacib hesab edirik.
Bu proses yalnız Türkiyə ilə məhdudlaşmır. Qazaxıstan, Özbəkistan, Malayziya, İndoneziya – bütövlükdə Asiya, Avropa akademik məkanı ilə əlaqələrin inkişafı MDU-nun beynəlxalqlaşma strategiyasının daha geniş coğrafiyada qurulduğunu göstərir. Lakin bizim üçün beynəlxalq tərəfdaşlığın əsas göstəricisi tərəfdaş universitetlərin sayının çoxluğu deyil. Əsas məsələ hər bir əməkdaşlığı tələbənin, müəllimin, tədqiqatçının və bütövlükdə universitetin inkişafına real nəticə verən dayanıqlı tərəfdaşlığa çevirməkdir.
Beynəlxalqlaşma, eyni zamanda, tələbənin dünyaya çıxışıdır. Xarici universitetlərlə əməkdaşlıq, mübadilə proqramları, beynəlxalq layihələr, birgə tədqiqatlar və ikili diplom imkanları gənclərimizin müxtəlif akademik mühitləri tanımasına, beynəlxalq təcrübə qazanmasına və Azərbaycanı qlobal elmi-təhsil məkanında layiqincə təmsil etməsinə imkan yaradır.
Lakin müasir universitet yalnız texnologiya, reytinq və beynəlxalq əlaqələrlə ölçülə bilməz. Universitetin mənəvi, sosial və ictimai missiyası da onun elmi missiyası qədər əhəmiyyətlidir.
Tələbənin universitet həyatında fəal iştirakı, klublar, könüllülük, idman, mədəniyyət, forum və festivallarda özünü ifadə etməsi onun yalnız peşəkar deyil, şəxsiyyət kimi formalaşmasına da mühüm təsir göstərir. Biz universiteti yalnız dərsə gəlinən məkan kimi deyil, gəncin özünü kəşf etdiyi, dostluqlar qurduğu, liderlik bacarıqları qazandığı, təşəbbüs göstərdiyi və cəmiyyətə faydalı olmağı öyrəndiyi canlı sosial və intellektual mühit kimi görürük.
Bu fəlsəfənin mühüm sütunlarından biri də Yaşıl Universitet konsepsiyasıdır. Müasir universitet təkcə gələcəyi öyrətməməli, gələcəyi öz fəaliyyətində də yaşatmalıdır. Enerji və su resurslarından səmərəli istifadə, kağızsız və rəqəmsal idarəetmə, tullantıların düzgün idarə olunması, ekoloji maarifləndirmə, sağlam həyat tərzi və tələbələrin ekoloji təşəbbüslərə cəlb edilməsi MDU-nun yaşıl inkişaf modelinin əsas istiqamətlərindəndir.
Bu baxımdan qardaş Türkiyənin Sıfır Atık Vakfı ilə əməkdaşlığımız xüsusi əhəmiyyət daşıyır. Türkiyədə formalaşdırılan Sıfır Atık fəlsəfəsi bizim üçün yalnız tullantıların idarə olunması modeli deyil. Bu, məsuliyyətli istehlakı, resurslardan səmərəli istifadəni, dairəvi iqtisadiyyat prinsiplərini və ekoloji şüuru birləşdirən bütöv inkişaf yanaşmasıdır.
Sıfır Atık Vakfının İdarə Heyətinin sədri Samed Ağırbaş ilə görüşümüz zamanı universitet mühitində bu modelin tətbiqi, ekoloji layihələrin inkişaf etdirilməsi, resurslardan səmərəli istifadə və tələbələrdə yaşıl düşüncənin formalaşdırılması ilə bağlı müzakirələr aparmağımız da məhz bu strateji baxışa əsaslanır.
Bizim üçün yaşıl kampus sadəcə yaşıllıqla əhatə olunmuş kampus deyil; yaşıl düşünən insanların yetişdiyi kampusdur.
Bu düşüncənin məntiqi davamı universitetdə sağlam həyat və sosial məsuliyyət mühitinin formalaşdırılmasıdır. Keçirdiyimiz Yaşıl Kampus İdman Festivalı və digər sosial-ekoloji təşəbbüslər göstərir ki, sağlam həyat tərzi, ekoloji məsuliyyət, tələbə fəallığı və sosial həmrəylik bir-birindən ayrı istiqamətlər deyil. Bunlar müasir universitet insanının formalaşmasının bir-birini tamamlayan tərəfləridir.
Görülən işlərin və formalaşan yeni yanaşmaların nəticələri beynəlxalq müstəvidə də öz əksini tapır. MDU-nun WURI 2026 reytinqində iki kateqoriya üzrə dünyanın TOP-100 universitetləri sırasında yer alması və həmin reytinqdə Azərbaycandan təmsil olunan yeganə universitet olması bizim üçün böyük qürur olmaqla yanaşı, daha böyük məsuliyyət yaradır.
Biz bu nəticəni son məqsəd kimi qəbul etmirik. Bu, həyata keçirdiyimiz işlərin beynəlxalq səviyyədə qiymətləndirilməsinin göstəricisi və daha böyük hədəflərə aparan yolun mühüm mərhələsidir. Çünki reytinq bizim üçün sadəcə rəqəm deyil. O, universitetdə formalaşan innovasiya mədəniyyətinin, sahibkarlıq düşüncəsinin, tələbə iştirakının, akademik inkişafın və sosial təsirin beynəlxalq müstəvidə görünməsidir.
Mən hesab edirəm ki, MDU-nun son bir ildə keçdiyi inkişaf yoluna ayrı-ayrı layihələrin prizmasından deyil, bütöv bir sistem kimi baxmaq lazımdır. ASİS akademik mükəmməlliyi, müasir laboratoriyalar praktiki təhsili və innovasiyanı, sənaye tərəfdaşlığı karyera imkanlarını, beynəlxalq əlaqələr qlobal inteqrasiyanı, tələbəyönümlü idarəetmə akademik məmnuniyyəti, Yaşıl Kampus isə sosial və ekoloji məsuliyyəti gücləndirir. Bu istiqamətlərin hər biri digərini tamamlayır və nəticədə vahid, müasir və gələcəyə yönəlmiş universitet modeli formalaşır.
Bizim hədəfimiz region universiteti olmaqla kifayətlənmək deyil. MDU-nu regionun inkişafına liderlik edən, Azərbaycanın elmi və intellektual potensialının güclənməsinə töhfə verən, beynəlxalq akademik şəbəkələrdə görünən və tələbəsinə gələcəyin imkanlarını təqdim edən müasir universitetə çevirməkdir.
Bu yolun əsas hərəkətverici qüvvəsi isə insandır.
Müəllim, tədqiqatçı, tələbə, məzun – hər bir universitet əməkdaşı bu vahid akademik ailənin üzvləridir. Universitetin texnologiyası nə qədər müasir, laboratoriyası nə qədər zəngin, beynəlxalq əlaqələri nə qədər geniş olsa da, bütün bunları real dəyərə çevirən insan kapitalıdır.
Ona görə də universitetin inkişafına münasibətdə mənim üçün ən mühüm prinsip insana sərmayə qoymaqdır. Çünki texnologiya dəyişir, əmək bazarı dəyişir, peşələr dəyişir. Lakin düşünən, öyrənən, yaradan, dəyişikliklərə uyğunlaşan və cəmiyyət qarşısında məsuliyyət daşıyan insan hər bir inkişaf modelinin əsasını təşkil edir.
Bu səbəbdən bizim universitet fəlsəfəmizi bir cümlə ilə ifadə etmək mümkündür:
Gələcəyin universitetini bu günün imkanları ilə deyil, sabahın ehtiyaclarını görərək qurmaq.
İnanıram ki, MDU-nun qarşıdakı inkişaf mərhələsi daha böyük elmi nəticələr, daha güclü beynəlxalq tərəfdaşlıqlar, daha yüksək tələbə məmnuniyyəti, daha geniş karyera imkanları, yeni texnoloji layihələr və daha dərin sosial məsuliyyət üzərində qurulacaq. Qarşımızda böyük məqsədlər var və bu məqsədlərə aparan yol davamlı yenilənmədən, açıq düşüncədən, beynəlxalq əməkdaşlıqdan, innovasiyadan və ən əsası, insana sərmayədən keçir.
Universitet qurmaq yalnız bina tikmək, laboratoriya qurmaq və təhsil proqramı yaratmaq deyil. Universitet qurmaq gələcəyin insanını, gələcəyin düşüncəsini və gələcəyin cəmiyyətini formalaşdırmaq məsuliyyətini üzərinə götürməkdir.
Biz MDU-nun gələcəyini məhz bu məsuliyyətin üzərində qururuq.
Gənclərimizə demək istəyirəm ki, universitet illərini yalnız diplom almaq üçün deyil, özünüzü kəşf etmək, düşünmək, yaratmaq, araşdırmaq və ölkənizin gələcəyində söz sahibi olmaq üçün dəyərləndirin. Qarşınızdakı imkanlardan istifadə edin, öyrənməyi heç vaxt dayandırmayın. Çünki Azərbaycanın sabahı bu gün qazandığınız bilik, formalaşdırdığınız xarakter və daşıdığınız məsuliyyətlə qurulacaq.
Bizim vəzifəmiz isə sizə yalnız bu gün üçün deyil, dəyişən dünyanın sabahı üçün mükəmməl universitet mühiti yaratmaqdır.
İnanıram ki, universitetin əsl gücü yetişdirdiyi gənclərin həyatına etdiyi toxunuşlarda və cəmiyyətdə yaratdığı dəyərdə görünür. MDU-nun inkişaf yolunun ən böyük meyarı da məhz budur.
Bilikli gənclik güclü cəmiyyət, güclü universitet isə güclü gələcək deməkdir.
Bizim ən böyük hədəfimiz də məhz yetişdirdiyimiz bilikli tələbələrlə Azərbaycanın gələcəyinə xidmət edən dayanıqlı akademik mühit yaratmaqdır.
Anar Eminov,
Mingəçevir Dövlət Universitetinin rektoru