Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsi çərçivəsində qalib gələn O.Babayev adına Aşağı Cürəli kənd tam orta məktəbinin informatika müəllimi Rəfiqə Hüseynovanın “Rəqəmsal hekayədanışma” layihəsi uğurla başa çatıb.
Kanal32.az bildirir ki,”Rəqəmsal hekayədanışma” adlı layihənin açılış tədbiri 31 oktyabr 2022-ci tarixində Biləsuvar rayonu Nizami Gəncəvi adına 1 nömrəli tam orta məktəbində keçirilmişdi. Layihənin açılışında Şirvan-Salyan Regional təhsil idarəsinin Baş məsləhətçisi Qəmbərov Əlisafa, Nizamı Gəncəvi adına 1 saylı orta məktəbin direktoru Abıyeva Xanımgül və digər rəsmilər iştirak etmişdilər.
Əsas məqsədi müəllimlərin rəqəmsal alətlərdən istifadə bacarıqlarının artırılması, tədrisdə innovativ metodlardan istifadə və təqdimat bacarıqlarının artırılmasından ibarət olan layihə ümumillikdə üç ay davam edib.Layihəyə Biləsuvar rayonunun müxtəlif məktəblərindən olmaqla ümumilikdə 20 müəllim cəlb edilib.
Layihə çərçivəsində 13-14 noyabr və 3-4 dekabr tarixlərində layihənin təlimçiləri tərəfindən “Rəqəmsal hekayədanışmanın əsasları”, “fotoqrafçılıq”, “videoredaktə və təqdimat bacarıqları” mövzularında təlimlər iştirakçılara keçirilib. Layihə iştirakçıları layihə çərçivəsində bir sıra praktiki fəaliyyətlər göstərərək rəqəmsal hekayədanışmanın sirlərinə yiyələniblər. Layihənin bağlanış mərasimi 14 yanvar 2023-cü il tarixində Nizami Gəncəvi adına 1 nömrəli tam orta məktəbində keçirilib.
Bağlanış tədbirində Biləsuvar Təhsil Şöbəsinin nümayəndəsi İmanov Nurlan və O.Babayev adına Aşağı Cürəli kənd tam orta məktəbinin direktoru Hüseynov Ramin iştirak ediblər. Bağlanış zamanı bütün tədbir iştirakçıları sertifikatla təltif olunublar.