Qütbləşmiş dünyada medianın üzərinə düşən məsuliyyət-TƏHLİL

Media və Yayım Şurasının təşkilatçılığı ilə Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (AQEM) sədrliyi çərçivəsində “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda AQEM Media Forumunun açılış mərasimi keçirilib.
Açılış mərasimində Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin forum iştirakçılarına müraciətini səsləndirib.
Əvvəla onu deyim ki, bu, AQEM-in fəaliyyətində media sahəsinə həsr olunmuş ilk belə tədbirdir. Tədbirin “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusuna həsr edilməsi diqqət çəkir.
Məsələ ondadır ki, son illərdə beynəlxalq münasibətlər sistemində dərinləşən ziddiyyətlər, müharibələr, geosiyasi qarşıdurmalar və informasiya müharibələri etimad problemini daha da aktuallaşdırıb. Məhz belə bir zamanda beynəlxalq münasibətlərdə etimadın formalaşdırılması üçün media müstəvisində ciddi əməkdaşlığa ehtiyac var. Çünki dünyada informasiya dövriyyəsi sürətlənsə də, bu, heç də cəmiyyətlərin daha düzgün və obyektiv məlumatlandırılması demək deyil. Əksinə, informasiya bolluğu şəraitində dezinformasiya, manipulyasiya, saxta xəbərlər və məqsədyönlü təbliğatın daha geniş yayılması üçün imkanlar artıb. Müxtəlif siyasi və geosiyasi maraqların toqquşduğu bir vaxtda informasiya bəzən həqiqətləri çatdırmaqdan daha çox, qarşıdurmanı dərinləşdirmək üçün istifadə olunur.
Prezident İlham Əliyevin Forum iştirakçılarına ünvanladığı müraciətdə də məhz bu reallığa diqqət çəkilir. Dövlət başçısı qeyd edib: “Media artıq yalnız informasiya mübadiləsi vasitəsi kimi deyil, ictimai diplomatiyanın, qarşılıqlı anlaşmanın və regional əməkdaşlığın mühüm aləti kimi nəzərdən keçirilir”.
Bu baxımdan medianın üzərinə düşən məsuliyyət əvvəlki dövrlərlə müqayisədə xeyli artıb. Peşəkar jurnalistika, faktların yoxlanılması, müxtəlif mövqelərin obyektiv təqdim edilməsi və informasiya məsuliyyəti artıq yalnız media etikasının tələbi deyil, həm də beynəlxalq etimadın qorunmasının vacib şərtlərindən biridir. Təsaüdif deyil ki, Prezident İlham Əliyev Media Forumunun iştirakçılarına müraciətində, “Etibarlı məlumat yalnız peşəkar jurnalistikanın deyil, bütövlükdə informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir”, – deyib.
Prezidentin dedikləri də bir daha təstiqləyir ki, medianın üzərinə düşən məsuliyyət əvvəlki dövrlərlə müqayisədə xeyli artıb. Peşəkar jurnalistika, faktların yoxlanılması, müxtəlif mövqelərin obyektiv təqdim edilməsi və informasiya məsuliyyəti artıq yalnız media etikasının tələbi deyil, həm də beynəlxalq etimadın qorunmasının vacib şərtlərindən biridir.
Xüsusilə müharibələrin davam etdiyi, dövlətlər arasında siyasi münasibətlərin gərginləşdiyi və cəmiyyətlərin bir-birinə münasibətinin informasiya vasitəsilə formalaşdığı indiki dövrdə medianın rolu daha aydın görünür. Bir hadisənin necə təqdim olunması, hansı məlumatların ön plana çəkilməsi, hansı faktların diqqətdən kənarda saxlanılması ictimai rəyə birbaşa təsir göstərə bilir. Nəticədə informasiya mühiti dövlətlər və xalqlar arasında anlaşmanı gücləndirə də, mövcud ziddiyyətləri daha çox dərinləşdirə də bilər.
Məhz buna görə də media sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi vacibdir. Müxtəlif ölkələrin media nümayəndələrinin, kommunikasiya qurumlarının və müvafiq institutlarının bir araya gəlməsi qarşılıqlı təcrübə mübadiləsi ilə yanaşı, informasiya problemlərinin müzakirəsi və ortaq yanaşmaların formalaşdırılması baxımından da əhəmiyyətlidir. AQEM çərçivəsində ilk dəfə media sahəsinə həsr olunmuş belə bir forumun keçirilməsi də bu ehtiyacdan irəli gəlir.
Azərbaycanın AQEM çərçivəsində belə bir platformanın yaradılmasına töhfə verməsi vaxtında atılmış institusional addımdır. Çünki qütbləşən dünyada dövlətlər arasında dialoqun qorunması, informasiya qarşıdurmasının məhdudlaşdırılması və qarşılıqlı anlaşmanın gücləndirilməsi üçün yeni əməkdaşlıq kanallarına ehtiyac var. Media bu prosesin kənarında dayana bilməz. Əksinə, beynəlxalq münasibətlərdə etimadın formalaşdırılmasının əsas iştirakçılarından biri olmalıdır.
Prezident İlham Əliyev də müraciətində bu təhlükənin konkret tərəflərini göstərərək, “Dezinformasiyanın geniş yayılması, süni intellekt texnologiyalarından sui-istifadə etməklə saxta informasiya və materialların hazırlanması ictimai etimada birbaşa təsir göstərir”, – deyib.
Bu, xüsusilə diqqət çəkən məqamdır. Çünki artıq informasiya manipulyasiyası əvvəlki dövrlərlə müqayisədə daha mürəkkəb xarakter alıb. Süni intellekt vasitəsilə hazırlanmış saxta görüntülər, saxta səslər və videoların həqiqətdən fərqləndirilməsi çətinləşir. Nəticədə insanlar yalnız yanlış məlumatla qarşılaşmır, eyni zamanda ümumilikdə informasiya mənbələrinə olan etibarını da itirə bilirlər. Bu isə ayrı-ayrı media qurumlarının reputasiya problemindən daha böyük məsələdir. Söhbət bütövlükdə informasiya mühitinin etibarlılığından gedir.
Dövlət başçısının müraciətində sosial media və rəqəmsal platformaların artan təsirinə də xüsusi diqqət ayrılıb. Dövlət başçısı vurğulayıb ki, sosial media və rəqəmsal platformaların informasiya məkanında rolunun sürətlə böyüdüyü bir zamanda medianın hesabatlılığı və üzərinə düşən məsuliyyəti daha da artır.
Bu yanaşma onu göstərir ki, müasir dövrdə informasiya təhlükəsizliyinə yalnız ənənəvi media çərçivəsində yanaşmaq mümkün deyil. Sosial şəbəkələrdə yayılan məlumatlar bəzən milyonlarla insana peşəkar media qurumlarından daha sürətlə çatır. Lakin sürət həmişə etibarlılıq demək deyil. Məhz buna görə də informasiya istehsal edən və yayan bütün platformaların məsuliyyəti, jurnalistikanın peşəkarlığı və faktların yoxlanılması məsələsi ön plana çıxır.
Müəllif: Turan Rzayev
Qütbləşmiş dünyada medianın üzərinə düşən məsuliyyət-TƏHLİL