Dünyada hər bir millət seçim qarşısında qalır: ya uzunmüddətli güc və müstəqillik üçün mübarizə aparacaq, ya da qısa müddətli rifah üçün öz gələcəyini xarici güclərin ixtiyarına verəcək. Bu gün Türkiyə belə bir seçim mərhələsindədir. Ərdoğan hökuməti illərdir iqtisadi çətinliklərə baxmayaraq müdafiə sənayesini və strateji sahələri inkişaf etdirərək, ölkəni asılı vəziyyətdən çıxarmağa çalışır. Lakin bunu görməyən və ya görmək istəməyənlər, qısa müddətli çörək üçün uzunmüddətli azadlıqlarından imtina etməyə hazır bir cəmiyyətlə qarşı-qarşıyadır. İmamoğlu və onun kimi siyasətçilər Türkiyəni Qərbin tam nəzarətinə qaytarmaq istəyirlər. Onların məqsədi xalqı “ucuz həyat”, “aşağı qiymətlər” və “Qərblə barışıq” kimi populist vədlərlə aldatmaq və uzunmüddətli fəlakətə aparmaqdır. Ancaq unutmayaq ki, süni rifah uğrunda müstəqillikdən imtina edən dövlətlər ya müharibəyə, ya da iqtisadi iflasa sürüklənirlər.
Müdafiə Sənayesi Türkiyənin Gələcək Sığortasıdır Türkiyə tarix boyu müstəqil olmadığı dövrlərdə xarici güclərin boyunduruğu altında əzilib. Hələ 1974-cü ildə Kipr hərəkatından sonra Türkiyəyə tətbiq olunan silah embarqoları ölkəni tamamilə hərbi asılı vəziyyətə saldı. Lakin bu gün vəziyyət fərqlidir: Bayraktar TB2 və Akıncı dronları artıq dünyada Türkiyənin hərbi gücünü göstərən bir brendə çevrilib. KAAN milli döyüş təyyarəsi Türkiyənin özünü xarici döyüş təyyarələrindən asılı olmadan müdafiə edə biləcəyini sübut edir. Milli sualtı qayıqlar və raket sistemləri artıq Türkiyənin dəniz və hava müdafiəsində müstəqil olmasını təmin edir. Kosmos proqramları və peyklər informasiya texnologiyaları və hərbi kəşfiyyat sahəsində Türkiyəni gücləndirir. İmamoğlu kimi Qərbyönlü siyasətçilər hakimiyyətə gəlsə, bu inkişafların çoxu ya yavaşladılacaq, ya da tamamilə dayandırılacaq. Əgər Türkiyə bu müstəqilliyini itirərsə, gələcəkdə Qərb ölkələrinin embarqolarına yenidən məruz qalacaq və yenidən xaricdən silah almaq üçün min bir şərtlə qarşılaşacaq. Bu, sadəcə hərbi deyil, bütün ölkənin geosiyasi gücünü və müstəqilliyini itirməsi deməkdir.
44İmamoğlu Qərb mediası tərəfindən “Türkiyənin xilaskarı” kimi təqdim edilir. Eyni senariyi biz Ukraynada da gördük! Zelenski xalqına “demokratiya”, “azadlıq”, “inkişaf” vəd etdi, lakin nəticədə nə oldu? Ukrayna Qərbin tam nəzarətinə keçdi. Ölkə müharibəyə sürükləndi, milyonlarla insan evini itirdi. Ukraynanın iqtisadiyyatı tamamilə çökdü və xarici güclərdən asılı hala gəldi. Qərb “yardım” adı altında Ukraynanın strateji sektorlarını öz nəzarətinə keçirdi. Bu gün Ukraynalılar azadlıqlarını qorumaq əvəzinə Qərbin əmrləri ilə hərəkət edən bir dövlətin vətəndaşlarına çevriliblər. Türkiyə də eyni ssenari ilə üzləşə bilərmi? Əgər xalq İmamoğlu kimi Qərb planlarının icraçısını hakimiyyətə gətirsə, Türkiyə də geosiyasi oyunçudan oyuncağa çevrilə bilər. Populizmin Tələsi İmamoğlu və onun kimilər xalqı ucuz vədlərlə aldatmağa çalışırlar: “Biz Qərblə münasibətləri düzəldəcəyik!” “Biz maaşları artıracağıq, qiymətləri aşağı salacağıq!” “Biz demokratiyanı geri gətirəcəyik!” Amma yaranan sual: Bunları hansı şərtlərlə edəcəklər? Əgər bu vədlərin arxasında Türkiyənin milli maraqlarından imtina etmək, xarici güclərin tələblərini yerinə yetirmək dayanırsa, bunun nəticəsi nə olacaq? Xarici sərmayə və “yardımlar” əslində Türkiyənin strateji sektorlarının xarici güclərin nəzarətine keçməsi deməkdir. Milli banklar xarici investorların əlinə keçe bilər. Enerji sektoru Qərbin tam nəzarətinə keçə bilər. Türkiyənin öz sənayesinə etdiyi investisiyalar dayandırıla bilər. Bu, sadəcə iqtisadi zəifləmə deyil, milli suverenliyin tədricən itirilməsi deməkdir. İmamoğlu kiimə xidmət edir? İmamoğlu Qərb mediasında, Avropa və Amerika təşkilatları tərəfindən Türkiyənin yeni lideri kimi təbliğ olunur. Bu təsadüfi deyil. Onun xarici güclərlə yaxın əlaqələri göstərir ki, hakimiyyətə gəlsə, ilk işi Türkiyənin müstəqilliyini Qərbə təslim etmək olacaq. Erməni diasporu ilə yaxın əlaqələri, Qarabağ məsələsində Azərbaycanın və Türkiyənin mövqeyini zəiflədə bilər. NATO və Avropa Birliyi ilə bağlı vədləri, Türkiyənin geosiyasi balans siyasətini poza bilər. Rusiyaya qarşı sərt mövqe tutması, Türkiyəni daha təhlükəli vəziyyətə sala bilər. Əgər xalq İmamoğlu kimi siyasətçilərə inanarsa, Türkiyə yenidən Qərbin tabeçiliyində olan dövlətə çevriləcək və öz müstəqilliyini itirəcək.
Türkiyə Xalqı Seçim Qarşısındadır: Ya güclü olacaq, ya da asılı! Bu gün Türkiyə tarixi və çətin bir dönəmdədir. Xalq seçim etməlidir: Ya bir qədər çətinliklərə dözərək gələcəyini qoruyacaq,ya da qısa müddətli rifah üçün müstəqilliyindən imtina edəcək! Əgər xalq yanlış seçim edərsə, Türkiyə yenidən 20-30 il geri gedəcək və xarici güclərin təsiri altına düşəcək. Bu gün verilən qərar gələcək nəsillərin azadlığı və rifahı üçün həlledici olacaq. Türkiyə elə bir nöqtəyə gəlib ki,zəifləmək yox, güclənmək yolunda irəliləməlidir. Bunun üçün xalq da strateji düşünməli, saxta vədlərə aldanmamalıdır! Çünki bir günlük doymuş qarın, illərlə davam edən köləliyi gətirər!
Rövşən Tağıyev