Azərbaycanda fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri Gəncə şəhərinə səfər edib.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə 3 oktyabr 2021-ci ildə bir sıra QHT təmsilçilərinin Gəncə şəhərinə səfəri təşkil edilib.
Səfərin məqsədi 44 günlük Vətən müharibəsi zamanı Ermənistanın Gəncə şəhərində əhalinin sıx məskunlaşdığı ərazilərə raket zərbələri endirməsinin ağır nəticələrinin birinci ildönümünə həsr olunmuş konfransın keçirilməsi və hadisə yerlərinə ziyarətlərin təşkilidir.
Səfərdə əsasən insan hüquqlarının müdafiəsi, habelə uşaq və qadın hüquqlarının qorunması istiqamətində fəal olan 100-ə yaxın QHT təmsilçisi iştirak edib.
İlk öncə Ermənistanın hərbi cinayətləri ilə tanış olan qonaqlara məlumat verilib ki, işğalçı Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını və onların Əlavə Protokollarını pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub. Döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistan ordusunun Gəncədə törətdiyi müharibə cinayəti nəticəsində aralarında uşaq, qadın və yaşlıların da olduğu 26 nəfər həlak olmuş, 175 nəfər yaralanmış, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir.
Daha sonra səfər çərçivəsində keçirilən konfransda QHT-lər tərəfindən Ermənistanın siyasi və hərbi rəhbərliyinin 1 il öncə insanlıq əleyhinə törətdiyi cinayətlərlə bağlı dünyada fəaliyyət göstərən beynəlxalq təşkilatlara, hüquq müdafiə təşkilatlarına, QHT-lərə, media təmsilçilərinə, parlament üzvlərinə və hökumətlərə müraciət qəbul olunub.
Kanal32.az