“Qayıdışın KÖNÜLLÜ səsi” layihəsi bu dəfə ADPU- nun Şəki filialında-FOTOLAR

ADPU-nun Şəki filialında “Qayıdışın KÖNÜLLÜ səsi” layihəsi çərçivəsində təlim keçirilib.

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə, “Konstitusiya və Suverenlik İli” çərçivəsində elan edilmiş qrant müsabiqəsi əsasında icra olunan “Qayıdışın KÖNÜLLÜ səsi” layihəsinin növbəti mərhələsi uğurla həyata keçirilib. Layihə çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında tələbələr üçün “Komanda quruculuğu və liderlik” mövzusunda interaktiv təlim təşkil olunub.

Layihənin əsas məqsədi məcburi köçkün statuslu gənclərin hüquqi biliklərini artırmaq, onların ictimai fəallıq, vəkillik və təşəbbüskarlıq potensialını gücləndirmək, eyni zamanda regionlar üzrə gənclər arasında əməkdaşlıq və şəbəkələşməni inkişaf etdirməkdir. Layihə gənclərin qayıdış prosesində yalnız müşahidəçi deyil, təşəbbüskar və məsuliyyətli iştirakçı kimi formalaşmasını hədəfləyir.

Təlim zamanı iştirakçılara effektiv komanda modeli, komanda daxilində rolların düzgün bölgüsü, qərarvermə mexanizmləri, liderin məsuliyyəti, motivasiya üsulları və təşkilatlanma prinsipləri barədə praktiki məlumatlar təqdim olunub. Qrup işləri, situasiya əsaslı tapşırıqlar və interaktiv məşğələlər vasitəsilə tələbələr həm liderlik keyfiyyətlərini sınaqdan keçirib, həm də sağlam ünsiyyət və əməkdaşlıq bacarıqlarını inkişaf etdiriblər.

Tədbirdə çıxış edən ADPU-nun Şəki filialı üzrə Karyera Mərkəzinin müdiri Xuraman Həmidova bu cür layihələrin gənclərin fərdi inkişafı və ictimai fəallığının gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, müasir dövrdə yalnız nəzəri bilik kifayət etmir, gənclərin komanda ilə işləmək, təşəbbüs göstərmək və liderlik bacarıqlarını inkişaf etdirmək də vacibdir. Xuraman Həmidova qeyd edib ki, belə təlimlər tələbələrin gələcək peşə və ictimai həyatında daha hazırlıqlı olmalarına ciddi töhfə verir.

MDU-nun layihələr üzrə koordinatoru Aynur Quliyeva çıxışında layihənin ideya yükündən bəhs edərək vurğulayıb ki, “Qayıdışın KÖNÜLLÜ səsi” təkcə maarifləndirmə təşəbbüsü deyil, həm də gənclərin sosial məsuliyyət hissinin formalaşdırılmasına xidmət edən platformadır. Onun sözlərinə görə, qayıdış prosesinin uğurlu və davamlı olması üçün gənclər bu prosesə hüquqi savad, liderlik və təşəbbüskarlıq resursları ilə qoşulmalıdırlar. Aynur Quliyeva layihənin regionlararası əməkdaşlığı da gücləndirdiyini diqqətə çatdırıb.

Mingəçevir STEAM Mərkəzinin koordinatoru Müşfiq Tarverdiyev çıxışında komanda quruculuğunun və liderliyin yalnız ictimai layihələrdə deyil, ümumilikdə müasir gəncin formalaşmasında əsas bacarıqlardan biri olduğunu bildirib. O qeyd edib ki, bu cür təlimlər gənclərin analitik düşünmə, problem həll etmə, əməkdaşlıq və təşəbbüs göstərmə bacarıqlarını inkişaf etdirir. Onun fikrincə, təşkilatlanma və strateji düşüncə ictimai proseslərdə təsir gücü yaratmağın əsas şərtlərindəndir.

MDU-nun müəllimi Nərgiz Niftəliyeva çıxışında tələbələrin interaktiv formatda keçirilən təlimlərə maraq göstərməsini müsbət hal kimi dəyərləndirib. O vurğulayıb ki, müzakirə, təhlil və situasiya əsaslı yanaşmalar gənclərin yalnız dinləyici deyil, aktiv iştirakçı kimi formalaşmasına imkan yaradır. Nərgiz Niftəliyeva qeyd edib ki, təlim zamanı qazanılan bacarıqlar tələbələrin gələcək fəaliyyətində özünü daha aydın göstərəcək.

Tədbirdə çıxış edən MDU-BİR Könüllü Təşkilatının sədri, layihə rəhbəri Qorxmaz Rəhimli layihənin məqsəd və hədəfləri barədə ətraflı məlumat verib. O bildirib ki, “Qayıdışın KÖNÜLLÜ səsi” layihəsi gənclərin hüquqi biliklərinin artırılması ilə yanaşı, onların ictimai təşəbbüskarlıq potensialının üzə çıxarılmasına xidmət edir. Qorxmaz Rəhimli qeyd edib ki, layihənin əsas ideyası gənclərdə qayıdış prosesinə münasibətdə məsuliyyətli və fəal vətəndaş mövqeyi formalaşdırmaqdır. Onun sözlərinə görə, bu mərhələdə təşkil olunan təlim tələbələrin öz potensiallarını daha yaxından dərk etməsinə, gələcək fəaliyyətlərində daha inamlı, çevik və təşəbbüskar mövqe sərgiləməsinə mühüm töhfə verib.

Təlimin sonunda iştirakçılar komandada işləməyin, düzgün liderlik yanaşmasının və ortaq məqsəd ətrafında birləşməyin vacibliyini bir daha dərk etdiklərini bildiriblər. Tədbir çərçivəsində verilən əsas mesaj ondan ibarət olub ki, güclü nəticə üçün güclü komanda, aydın məqsəd və məsuliyyətli liderlik əsas şərtlərdir.

“Qayıdışın KÖNÜLLÜ səsi” layihəsi çərçivəsində növbəti mərhələlərdə də gənclərin maarifləndirilməsi, şəbəkələşməsi və ictimai fəallığının gücləndirilməsinə xidmət edən fəaliyyətlərin davam etdirilməsi nəzərdə tutulur.

"Qayıdışın KÖNÜLLÜ səsi" layihəsi bu dəfə ADPU- nun Şəki filialında-FOTOLAR