Yanvarın 23-də səhər saatlarında Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə 17 yaşlı məktəbli F.Şabanov tərəfindən bıçaqlanaraq öldürülüb.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən, 2007-ci il təvəllüdlü F.Şabanov saxlanılaraq istintaqa təqdim edilib.
Bu hadisə orta ümumtəhsil məktəblərində təhsil alanların, xüsusilə də yuxarı sinif şagirdlərinin davranışlarına nəzarət edilməsi məsələsini yenidən gündəmə gətirib. Təəssüflər olsun ki, belə hallar son vaxtlat tez-tez təkrarlanır. Şagirdlər təhsil almaq əvəzinə, cinayət aləminə yönəlir, sinif yoldaşlarına qarşı şiddət tətbiq edir, cinayət tərkibli hadisələr, hətta qətl törədirlər. Onların bir-birini bıçaqlaması, ciddi xəsarətlər yetirməsi, ümumiyyətlə, belə halların artması cəmiyyət tərəfindən də böyük narahatlıq və narazılıqla qarşılanır.
Mövzu ilə nağlı Bakupost.az -a danışan təhsil eksperti Elşən Qafarov bildirib ki, son illər orta məktəblərdə şagirdlər arasında şiddətin, kriminal aləmə meylin artması göz qabağındadır:
“Bu gün məktəblərdə sinif yoldaşına ağır xəsarətlər yetirən, onu vuran, döyən, bıçaqlayan şagirdlərimiz var. Belə şagirdlərin sayı günü-gündən artır. Bunun ən başlıca səbəbi ümümtəhsil məktəblərində təlim-tərbiyə işinin sistemli aparılmaması və ölkədə tərbiyə konsepsiyasının olmamasıdır. Cəmiyyətin özündə də müəyyən boşluqlar var. Televiziyalarda təlim-tərbiyə xarakterli proqramların çox az olması yeniyetmələr arasında kriminal aləmə meyli artırır. Vəziyyətin ciddiliyini nəzərə alıb gec olmadan belə halların qarşısını almaq üçün maarifləndirmə işlərini artırmaq lazımdır”.
Təhsil eksperti Elçin Əfəndinin dediyinə görə, bu gün şagirdlərin çoxu yaşına uyğun olmayan davranışlar sərgiləyirlər. Onların sosial şəbəkələrə asan çıxış imkanı, mövcud trendlərə qoşulmaları şagirdləri təhsildən yayındırıb. Təbii ki, təhsildən yayınan şagirdlər pis vərdişlərə yiyələnər. Bu vəziyyətə görə ilk olaraq məsuliyyəti həmin şagirdlərin valideynləri daşıyır. Çünki ilkin tərbiyə, təlim ailədən gəlir. Digər məsuliyyət ünvanı kimi orta ümumtəhsil müəssisələrini göstərə bilərik. Çünki orta ümumtəhsil məktəbləri şagirdlərin ikinci evi sayılır. Onlar demək olar ki, günün daha çox hissəsini məktəblərdə keçirirlər. Burada pis davranış sərgiləyənlərin vərdişlərinin başqa uşalara sirayət etməsinin şahidi oluruq:
“Reallıq odur ki, məktəblərdə baş verənlər ürəkaçan deyil. Təhsil müəssisələrində nəzarət işində problemlər var. Həmçinin məktəblərdə ümumi psixoloji söhbətlər aparılmır. Buna görə də problemlər daha geniş vüsət alır. Hər kəs bu məsələlərə həssas yanaşmalıdır. Məktəblərdə kriminal hadisələrin baş verməməsi üçün hamımız çalışmalıyıq. Şagirdlər arasında baş verən neqativ halların aradan qaldırılması üçün direktorlar da öz məsuliyyətini dərk etməlidir”.
Millət vəkili Ceyhun Məmmədov bildirib ki, Gəncədə məktəbdə baş verən bıçaqlanma hadisəsi həm məktəblərdə, həm də ailələrdə tərbiyə işinə xüsusi həssaslıqla yanaşılmasının nə qədər böyük əhəmiyyətə malik olduğunu bir daha göstərdi:
“Hər zaman qeyd etdiyim kimi, məktəbin işi yalnız təhsil vermək deyil, məktəb həm də tərbiyə müəssisədir. Tədrislə tərbiyə işi paralel aparılmalıdır. Hətta deyərdim ki, belə hadisələrin baş verməməsi üçün tərbiyə işinə daha çox önəm verilməlidir. Əgər əvvəlki dövrlərdə bu kimi hadisələr daha çox böyük insanlar arasında baş verirdisə, indi biz kriminal hadisələrin günü-gündən daha da cavanlaşdığını müşahidə edirik. Proseslərin təhlili onu göstərir ki, belə halların baş verməsi artan xətt üzrə davam edəcək. Bu gün gənclərdə kriminal aləmə meylin artması, onların daha çox kriminal əhval-ruhiyyəli mahnılara qulaq asmaları da bunu bir daha təsdiq edir. Düşünürəm ki, bu barədə ciddi düşünməliyik. Əks halda yuxarıda qeyd etdiyim kimi, belə hadisələrin gələcəkdə daha çox baş verəcəyi ehtimalı çox yüksəkdir. Burada belə bir haqlı sual yaranır ki, buna görə kim məsuliyyət daşıyır. Hesab edirəm ki, məsuliyyət bütün tərəflərin üzərinə düşür.
Ancaq daha çox məsuliyyəti məktəblərimiz daşıyır. Onlar “belə halların baş verməməsi üçün nə etməliyik” sualı barədə ciddi düşünməlidirlər. Reallıq ondan ibarətdir ki, bu gün müxtəlif səbəblərdən valideynlər övladlarına kifayət qədər vaxt ayıra bilmirlər. Digər bir məqam isə ondan ibarətdir ki, bəzi ailələr uşağa düzgün tərbiyə vermək iqtidarında deyillər. Məsələnin ən ciddi tərəflərindən biri də budur. Belə olduğu halda isə yük daha çox məktəblərin və müəllimlərin üzərinə düşür”.
Millət vəkili hesab edir ki, təhsil sahəsində mövcud problemlərin araşdırılması üçün ayrıca bir mərkəzin fəaliyyətinə ciddi ehtiyac var:
“Əvvəl bu və ya digər formada bu funksiyanı Təhsil Problemləri İnstitutu yerinə yetirirdi. Sonradan iki qurum birləşdirildi və fəaliyyət daha çox başqa istiqamətə yönləndirildi”.
Ceyhun Məmmədov qeyd edib ki, əgər bu gün hansısa şagird dərs oxumur, özünü yaxşı aparmır, şagird yoldaşlarına aqressiv davranırsa, dərhal onun valideyni məktəbə çağırılmalıdır. O valideynlə fərdi qaydada söhbət edilməli və vəziyyət ona izah olunmalıdır. Bu iş birbaşa məktəb direktorunun rəhbərliyi altında aparılmalıdır:
“Müəllimlər və məktəb rəhbərliyi dərk etməlidir ki, indiki şagirdlər əvvəlki şagirdlərlə eyni deyil. Əgər müəllim görürsə ki, bir şagird özünü yaxşı aparmır, o, məktəb direktoruna, valideynə məlumat verməlidir. Bunun qarşısı vaxtında alınmalıdır. Əks təqdirdə proses dərinləşəcək və qarşısıalınmaz vəziyyət yaranacaq”.
Sevinc
BakuPost
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusunda hazırlanıb.