“Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin təşkilatçılığı ilə Qarabağ gənclərinin gənc lider kimi formalaşmasına, vətənpərvərlik ruhunun gücləndirilməsinə, eləcə də şəxsi, peşəkar və iqtisadi bilik-bacarıqlarının inkişafına dəstək olan “Qarabağ gəncləri üçün düşərgənin təşkili və iqtisadi maarifləndirmə” layihəsi yekunlaşıb.
Göygöl Olimpiya İdman Kompleksində 5 gün ərzində keçirilən düşərgədə 20 Qarabağ gənci şəxsi inkişafla bağlı təlimlərdə iştirak edərək nəzəri biliklər əldə edib.
KANAL32.az-a verilən məlumata görə layihənin ilk günü gənclər müxtəlif tanışlıq oyunları oynadıqdan sonra təlimçi İlham Əhmədov tərəfindən keçirilən “Komanda quruculuğu” və “Layihələrin idarə edilməsi” adlı təlim sessiyalarında iştirak edib.
Növbəti gün Dövlət Məşğulluq Agentliyinin Qazax–Tovuz Regional Məşğulluq filialının müdir müavini Alı Hacıyevlə görüş baş tutub. Daha sonra iştirakçılar Şəmkir Aqroparkına ekskursiya ediblər. Ekskursiya zamanı gənclər aqroparkın fəaliyyəti, istehsal prosesi, innovativ yanaşmalar və müasir kənd təsərrüfatı sahəsində tətbiq olunan texnologiyalarla yaxından tanış olublar.
Üçüncü gün təlimçi Mübariz İmanov tərəfindən “Karyera planlaması” adlı təlim baş tutub. Günün digər saatlarında gənclər müxtəlif praktiki məşğələlərdə öz komanda işlərini hazırlayaraq təqdim ediblər.
Sonuncu gün gənclər üçün Mübariz İmanov və Məleykə Tağızadə tərəfindən gənclərin şəxsi inkişafı ilə bağlı sessiyalar baş tutub. Daha sonra iştirakçılar Şəhidlər Xiyabanı və Göygöl Milli Parkını ziyarət ediblər. Günün digər yarısında isə gənclər layihə yazılması mərhələləri ilə tanış olaraq qruplar halında öz layihələrini təqdim ediblər.
Qeyd edək ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə baş tutan layihənin həyata keçirilməsində məqsəd Qarabağ gənclərinin liderlik bacarıqlarının inkişaf etdirilməsi, vətənpərvərlik ruhunun gücləndirilməsi, məşğulluq, şəxsi inkişaf və icma quruculuğu sahələrində bilik və bacarıqlarının artırılmasından ibarətdir.