Qaçaq Nəbi və Həcərin nəticəsi Mehmet Əl Turan uzaq Avstraliyadan Azərbaycana ulu nənəsinin qəbirini ziyarət etmək üçün gəlib. O, bu günlərdə Qubadlının Aşağı Mollu kəndinə gedərək, Həcərin məzarını ziyarət edib.
AZƏRTAC-ın əməkdaşı Mehmet Əl Turanla görüşüb, Qaçaq Nəbi və Həcər haqqında bilmədiyimiz yeni-yeni faktları üzə çıxarıb.
Mehmet bəylə Sumqayıtda Qaçaq Nəbi və Həcərin yeganə qızı Zeynəbin nəvəsi, şəhid Əlış Məhərəmmovun oğlu İlqarın evində görüşürük. Həmsöhbətimiz 1951-ci ildə Türkiyədə doğulub, orada böyüyüb, 1975-ci ildən Avstraliyaya köçüb və hazırda Melburnda yaşayır. Üç övladı, səkkiz nəvəsi var. Ən kiçiyinin adı Nəbidir…
Deyir ki, sovet hakimiyyəti dövründə Azərbaycanda yaxınları ilə əlaqə qurmaq istəsələr də, buna nail olmayıblar: “İkinci dəfədir Azərbaycana gəlirəm və hər dəfə ulu babam və ulu nənəmə xalq tərəfindən böyük sevgi, ehtiram görürəm. Qaçaq Nəbiyə həsr olunan film, kitab, mahnı var. Bunlar məni sonsuz sevindirir və fərəhləndirir”.
Yaşına baxmayaraq pəhləvan cüssəsi, aydın zəkası, iti yaddaşı ilə diqqəti çəkən Mehmet bəy hələ altı yaşından ulu babası haqqında atası Mehralı kişidən və əmilərindən çox eşitdiyini deyir. Qarsdakı evlərində Qaçaq Nəbi və Həcər haqqında tez-tez söhbət açılardı… Bildirir ki, Qaçaq Nəbinin iki oğlu və bir qızı olub – Əhməd, Xəlil və Zeynəb.
“Qaçaq Nəbi satqın ermənilərin xəyanəti nəticəsində şəhid olanda oğullarının 15-17 yaşları vardı, qızı isə lap kiçik yaşda olub. Ulu babamın ölümündən sonra oğulları Zəngəzur dağlarından çəkilməyib, atalarının yolu ilə gediblər”, – Mehmet bəy atasının söhbətlərini yada salır. Əhmədlə Xəlil sovet hakimiyyətinə qarşı bir müddət mübarizə aparsalar da, vəziyyət elə gətirib ki, onlar da Türkiyəyə köçməyə məcbur olublar. Həmin vaxt Əhməd evli olub. Əhmədin oğlu Mehralı – Mehmet bəyin atası Azərbaycanda dünyaya göz açıb. Mehmet bəy bildirir ki, Həcər hər iki oğluna özünün toxuduğu kilimi verib və həmin kilimlər bu gündə yadigar olaraq qalır.
Həmsöhbətimiz 2000-ci ildə Azərbaycanda qısamüddətli ezamiyyətdə olanda qohumlarını axtarıb tapmaq istəyib. Amma zaman məhdudiyyəti səbəbindən bu istəyini reallaşdıra bilməyib. Sonra Qaçaq Nəbi haqqında kitabın müəllifi Hacı Nərimanoğlu və Qars Universitetinin professoru Sədaqət Abbasovanın köməyi sayəsində qohumlarını tapıb və əlaqə yarada bilib. Beləliklə, bu əlaqə düz 11 ildir ki, davam edir.
Maraqlı və şirin xatirələrlə zəngin söhbətimizə ulu nənəsinin adını daşıyan nəslin kötücəsi Həcər xanım da qoşulur. O, bir sıra məqamlara aydınlıq gətirir: “Bilirsiniz, Qaçaq Nəbi və Həcər əsasən Zəngəzur dağlarında döyüşüb. Yəni, oturaq həyat keçirməyiblər, gecə-gündüz dağlarda olublar. Ona görə də qəhrəmanlıqları ilə bağlı silahdaşları daha məlumatlı idilər. Kənddə onların övladları, ümumiyyətlə ailə həyatı haqqında yetərincə məlumat olmaya bilərdi. Sonralar sovet dövründə adlarının hallandırılması yasaq edildiyinə görə, insanlar onlar haqqında ehtiyatla danışıblar. Ümumiyyətlə, mənfur qonşuların da ciddi səyi ilə yaranan şayiələrin mənbəyi elə buradan qaynaqlanır…”.
Qubadlının Aşağı Mollu kəndində ulu nənəsinin məzarını ziyarət etdiyini söyləyən Həcər bildirir ki, ermənilər hələ işğaldan əvvəl məzarı dağıtmışdılar. Kənd camaatı qəhrəmanlarına sahib çıxaraq, öz hesablarına Həcərin məzar daşını bərpa etmişdi.
“Atam qəbrin yerləşdiyi yerin koordinatlarını bildirdi. Ordumuz Qubadlını azad etdikdən sonra onun yerini tapdıq. Ulu nənəmin mənfur qonşular tərəfindən dağıdılan məzarüstü abidəsi bu dəfə dövlətimiz tərəfindən bərpa olundu. Bu, həm dövlətimizin, həm də xalqımızın öz qəhrəmanlarına sevgisinin təzahürü, onlara sahib çıxmasının nümunəsidir”, – deyə o söyləyir.
Mehmet bəy də ulu nənəsinin qəbrini ziyarət etdiyini və bunun ona mənəvi rahatlıq verdiyini bildirir. Deyir ki, ilk dəfə ana tərəfi nənəsinin doğma Vətənini, Zəngilanı görüb: “Amma bir acım var… İllərdir bir yerdə bu günün həsrətini çəkdiyim, İnternet vasitəsilə söhbət etdiyim doğmam İlqar bəy bu günü görmədi. O, Qubadlı işğaldan azad olunandan sonra dünyasını dəyişdi…”.
“Türkiyədə doğulsam da, orada ev-eşik sahibi olsam da, Azərbaycan mənə çox doğma gəlir. Burada məni hər şey məmnun edir. Görünür, bu, genetik bağlılıqdan irəli gəlir. Bura mənim üçün çox əziz və doğmadır. İnşallah, bura mütləq yenə qayıdacağam!”.
Söhbətimizi elə Mehmet El Turanın bu sözləri ilə yekunlaşdırır, növbəti görüşümüzün tezliklə yenidən qurulan Qubadlıda, Aşağı Molluda etmək ümidi ilə onunla sağollaşırıq.