Qətərdə Zəfər Gününə həsr olunmuş futbol turniri və veloyürüş təşkil olunub

Bakı, 9 noyabr, AZƏRTAC

Qətərin paytaxtı Doha şəhərində Azərbaycan və qardaş Türkiyə səfirliklərinin, eləcə də Qətərdə yaşayan Azərbaycan və Türkiyə icmalarının nümayəndələrinin iştirakı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər futbol turniri” keçirilib.

Azərbaycanın Qətərdəki səfirliyindən AZƏRTAC-a bildirilib ki, qardaşlıq mühitində baş tutmuş dörd oyundan sonra Türkiyə səfirliyinin komandası birinci yerə layiq görülüb.

Yarışın qalib və iştirakçıları kubok və medallarla mükafatlandırılıblar.

Azərbaycan Respublikasının Qətərdəki səfiri Rəşad İsmayılov və qardaş Türkiyə Respublikasının Qətərdəki səfiri Mustafa Göksu komandaların üzvlərini təbrik ediblər. Səfir R.İsmayılov turnir iştirakçıları qarşısında çıxış edib. “Bu, hər kəsin, həm Türkiyə, həm də Azərbaycanın qardaşlıq yarışdır. Bu yarışda qazanan qardaşlıq oldu”, – deyə səfir bildirib.

Bundan əlavə, Qətərdə, həmçinin Zəfər Gününə həsr olunmuş veloyürüş təşkil edilib. Soydaşlarımız arasında “Qarabağ Azərbaycandır” şüarı ilə baş tutmuş veloyürüş Azərbaycanın Qətərdəki səfirliyi və bu ölkədəki Azərbaycan icmasının təşkilatçılığı ilə keçirilib.