Putinin önündə dayanan 6 əsas problem və…-FOTO

Moskvanın nə əsl müttəfiqləri, nə də davamlı iqtisadiyyatı var…

HƏMAS lideri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsindən sonra Yaxın Şərqdə gərginlik ən yüksək həddə qalxıb. İsrailə qarşı güclü siyasi-hərbi koalisiyanın yaranması ehtimalı var. İsrailin hamisi rolunda çıxış edən ABŞ-nin mümkün hərbi qarşıdurmada öz müttəfiqini dəstəkləyəcəyi şübhəsizdir.

Belə görünür ki, Yaxın Şərqdə müharibənin alovlanması ən çox Rusiyanın işinə yarayar. Kreml ABŞ-nin digər münaqişə ocağında başının qarşısmasını və Ukraynaya olan diqqətinin azalmasını özü üçün böyük bir şans sayır. Moskvada düşünürlər ki, ABŞ-nin dünyanın digər qaynar bölgələrinə müdaxiləsi onun Ukraynaya olan geostrateji marağını və ya nəzər-diqqətini zəiflədəcək. Lakin ruslar yəqin ki, planlarını heç də hər hansı kənar münaqişələr üzərində qurmayıblar, çünki bu, böyük avantüra olardı.

Kremlin Ukraynada apardığ müharibənin Rusiyanın gələcəyinə necə təsir göstərəcəyinə təkcə bu günün şərtləri baxımından yanaşsaq, ümumi mənəzrənin aydın təsviri alınmayacaq. Dünyadakı bütün siyasi proseslərə baxılmalıdır. Ukraynadakı müharibə lokal münaqişə kateqoriyasına aid deyil. Rusiya rəhbərliyinin ən çox arzuladığı ssenari ABŞ-nin və Avropanın Ukraynaya mümkün qədər az silah və maliyyə yardımı etməsdir. Artıq bəllidir ki, Qərbin Ukryanaya göstərdiyi indiki səviyyədə yardımlar Rusiya üçün qorxulu deyil, lakin Moskva daha rahat davranmaq niyyətindədir.

Rusiya müharibəyə təxminən 700 min əsgər cəlb edib və bütün potensial imkanlarını səfərbər etməklə nəyin bahasına olursa-olsun irəliləməyi qarşısına məqsəd qoyub. Onlar yavaş tepmlə ərazi zəbt etsələr də, istədikləri tam alınmır. Çünki itkilər və maliyyə məsrəfi artır. Həqiqətən də müharibənin gələcək perspektivi tərəflərdən hansının daha tez taqətdən düşməsindən asılıdır. Elə ona görə də bu taqətdən salma müharibəsində Rusiyanın güclü və zəif tərəflərinə qısaca nəzər yetirək.

Müharibənin üçüncü ilində Rusiya rəhbərliyi onları irəlidə hansı problemlərin gözləyəcəyini təhlil edir. Elə zənn edilməsin ki, Rusiya proqnozlaşdırma aparmır və ya səhvlərindən nəticə çıxarmır. Əgər müharibəyə başlamaq strateji səhv olubsa da, bu, artıq arxada qalıb və Vladimir Putin geriyə addım ata bilməz. Ona görə də Rusiya ordusuna hücuma keçmək və mümkün qədər daha çox ərazi zəbt etmək əmri verilib. Hər halda, Moskva yaxın gələcəkdə mürəkkəb vəziyyətə düşmə ehtimalının yüksək olduğunu anlamamış deyil.

Rusiyanın üstün tərəfləri daha böyük iqtisadi və insani resursa malik olması, həmçinin də Hərbi Sənaye Kompleksinin işləməsidir. Rusiyanın müharibəni davam etdirməsinin başlıca səbəbi neft pullarıdır. Qərb dünyası Rusiyanın neft satışına əngəl törətmək fikrindən uzaqdır. Əks halda, müharibə aparmaq mümkün olmaz. Deməli, Qərb müharibənin sürməsinimi istəyr?

Əgər istəmirsə, ABŞ Dövlət Departamentinin sabiq rəhbəri Mayk Pompeonun irəliyə sürdüyü təklifə bənzər hərbi yardım təşkil etsin. Belə bir imkan var. Təzad ondadır ki, Rusiyanın üstünlüklərinin davamlılığı həm də Qərbin davranışlarından asılıdır.

Digər tərəfdən, Rusiya rəhbərliyi əlavə üstünlüklər əldə etməyə cəhd edib. Vladimir Putin çox çalışdı ki, özünə geniş müttəfiqlər koalisiyası yaratsın, lakin buna nail ola bilmədi.

Rusya öz tarixi boyu qlobal xarakterli heç bir müharibədə müttəfiqlərsiz qalib gəlməyib. Şimali Koreya və İran isə böyük qlobal qarşıdurma kontekstində Rusiyanın gözləntilərinə cavab verə biləcək ölkələr deyillər. Bu baxımdan Rusiyanın üstünlüyü yalnız onun öz resurslarına bağlıdır.

Rusiya ordusunun Ukraynanı tədricən taqətdən salmaq kimi strateji planı öz yerində qalıb. Vladimir Putin blitskriqdən əl çəkib və sürünməklə nailiyyət qazanmaq taktikasına keçib, onun başqa çıxış yolu da yoxdur. 

Bəs, Rusiyanın önündə dayanan problemlər hansılardır?

Birincisi, itkilərin yerini doldurmaq getdikcə çətinləşir. Rusiya 900 kilometrlik cəbhə boyunca aktiv döyüş aparır və buna görə ehtiyatlarının sürətlə əriməsi riski ilə üzləşir. Ukrayna ordusu müdafiəyə çəkildiyindən hücuma keçən ruslar daha çox itkiyə məruz qalırlar.

İkincisi, Ukraynanın dron zərbələri getdikcə intensivləşir. Belə ki, son günlər Ukrayna dronları Rostov vilayətinin Morozovsk şəhərində yerləşən hərbi aerodroma bir neçə dəfə zərbələr endiriblər və nəticədə “Su -34” qırıcı bombardmançı təyyarələri və KAB-ın (tənzimləyici avia bomba) bazası məhv edilib. Bundan əlavə, Ukraynanın dəniz dronları Sevastopol limanında Rusiyanın 2014- cü ildə istismara verilmiş “Rostov na Donu“ sualtı qayığını vurub sıradan çıxarmağa müvəffəq olublar. Ukraynanın uzaq mənzilli dronları Neft Emalı Zavadlorına, elektrik yarımstansiyalarına və bir çox mühüm infrastrukturlara effektli zərbələr endirirlər.

Bütövlükdə götürdükdə Ukrayna iyul ayı ərzində Rusiya ərazisinə 520 ədəd dron buraxıb ki, bu da indiyədək ən böyük göstəricidir. Rusiyadakı mühüm hədəfləri məhv edən Ukrayna dronlarının sayı və eləcə də zərbə gücü getdikcə artır. Rusiyanın bütün infrastrukturlarının Hava Hücumundan Müdafiə sistemləri ilə səmərəli qorunması xeyli çətin işdir. Rusiyanın ən çox qorxduğu hadisənin zəif işartıları isə artıq üfüqdə parlamağa başlıyır. Belə ki, nəhayət, uzun gözləntilərdən sonra Ukrayna Silahlı Qüvvələri az sayda olsa da “F-16” qırıcıları alıblar. Bu təyyarələrin sayı lazımı səviyyəyə çatdırılarsa, Rusiya ordusu zəbt etdiyi əraziləri saxlamaqda çətinlik çəkəcək.

Üçüncüsü, Moskvada yaxşı anlayırlar ki, müəyyən bir vaxtdan sonra müqavilə yolu ilə muzdlu əsgər toplanması prosesi indiki səviyyədə getməyəcək. Hələ indinin özündə bir çox axsaqlıqlar yaşanır.

Əgər 2023-cü ildə bir ayda Rusiya ordusu təxminən 26 min müqaviləçi cəlb edə bilrdisiə, bu ilin hesablamasına görə ayda 25 min cəlb olunur.Baxmayaraq ki, birdəfəlik ödəmə 195 min rubldan 400 min rubla yükəsldilib. Yəni, məbləğ ikiqat artırılsa da, muzdlu könüllülərin sayında azalma gedir. İtkilərin yeri isə mütləq doldurulmalıdır.

Dördüncüsü, iqtisadiyyatın hərbiləşdirilməsinin mənfi tərəfləri özünü mülki sektorlarda büruzə verməyə başlayıb. Ölkənin müxtəlif təsərrüfat sferalarında az məvacib alan ixtisaslı mütəxəssis və fəhlələr hərbi zavodlara axışırlar. Bu isə müxtəlif profilli təsərrüfat sistemində mütəxəssis qıtlığına gətirib çıxarıb. Sözügedən problem getdikcə dərinləşir.

Beşincisi, hərbi xərclərin artması fonunda inflyasiyanın yüksəlməsi ümumi hesabı pozur. İnflyasiya səbəbindən əsgərlərə verilən məbləği qaldırmaq məcburiyyətində qalıblar. Bəzi hallarda isə ödəmə gecikdirilir və ya müxtəlif bəhanələrlə kəsilir.

Altıncısı, Rusiya texnoloji cəhətdən geridir və bunu hazırda Çinin sayəsində kompensasiya etməyə çalışır. Rusiyadan fərqli olaraq Çinə Ukraynada müharibə bir o qədər sərf etmir. İstənilən beynəlxalq gərginlik və münaqişə Pekinin ümumdünya ticarətinə zərbə vurur. Hazırda Çin iqtisadiyyatı yaxşı vəziyyətdə deyil.

Əgər qlobal ticarət dövriyyəsi kəskin zəifləyərsə, Çinin indiyədək qurduğu düzən pozula bilər. Çin görür ki, Qərb Rusiyaya qarşı ikibaşlı siyasət yürüdür və Ukraynaya lazımi səviyyədə yardım etmir. Hətta ukrynalılar da bunu anladıqları üçün ilk “F-16” təyyarələrinin gəlişini o qədər də böyük sevinclə qarşılamadılar. İndi Çin bankları Rusiyanın ödəmə sistemlərinə qarşı kritik məhdudiyyətlər qoyur. Bu, müəyyən mənada ABŞ-nin Çinə qarşı sanksiya tətbiq etməsi riskinə qarşı önləyici tədbir alınması ilə bağlıdır.

Belliklə, əgər yuxarıda sadalanan faktorlar daha da aktivləşərsə, Rusiyanın işi çox müşkül olacaq. Elə bu səbəbdən də Putin və komandası lazımi tədbir görməzsə, vəziyyət bir ildən sonra Rusiyanın istədiyi ssenari ilə getməyəcək və problemlər dönməz xarakter alacaq. Heç şübhəsiz ki, bunun üçün həm də Ukrayna istənilən halda ciddi yanlışlıqlara yol verməməli və lüzumsuz itkilərdən çəkinməlidir.

Vaqif Nəsibov

/AzPolitika/

Putinin önündə dayanan 6 əsas problem və...-FOTO