Putinin haqqında sərəncam verdiyi mingəçevirli kimdir?

Kanal32.az xəbər verir ki, Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında yaşadıqları ölkələrdə məşhurluq qazanan, amma azərbaycanlı olduqlarını çox az adam bilən, əksəriyyətinin isə bundan xəbərsiz qaldığı şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.

Haqqında internetdən məlumat əldə etdiyimiz şəxs Rusiya diplomatiyasının məşhur simalarından biridir.

Vaqif Qarayev SSRİ Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunu bitirib və bütün həyatını diplomatik xidmətə həsr edib. Rusiyanın Hələb, Ərbil, Bəsrə baş konsulu, bu ölkənin Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Şimali Afrika Departamentinin baş məsləhətçisi vəzifələrində işləyib. Həyatının sonunadək diplomatik xidmətdə olan Vaqif Qarayev politqlot idi, 6 dil bilirdi.

Diplomat

Vaqif Məmmədvəli oğlu Qarayev 1955-ci il yanvarın 24-də Mingəçevir şəhərində anadan olub.

1978-ci ildə SSRİ Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunu (MQİMO), 1997-ci ildə isə Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının ali diplomatik kursunu bitirib.

İxtisasca şərqşünas olan Vaqif Qarayev böyük ehtimalla sovet təhlükəsizlik sistemində (KQB) olub. İddiaya görə, SSRİ dönəmində bu ixtisasa yiyələnənlər təhlükəsizlik sisteminə cəlb edilirdilər. Vaqif Qarayevin hərbi rütbəsi mayor idi.

Ərəb, rus, fransız, Azərbaycan, türk və erməni dillərini bilib.

Siyasi karyerası

Vaqif Qarayev 1978-ci ildən vəfat edənədək diplomatik xidmətdə olub.

1978-1984-cü illərdə SSRİ-nin Misir, 1986-1988-ci illərdə Sudan, 1988-1993-cü illərdə isə Suriyadakı səfirliklərində işləyib.

Vaqif Qarayev 1994-1999-cu illərdə Rusiya Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin şöbə müdiri olub.

1999-2003-cü illərdə Rusiyanın Suriyanın Hələb şəhərindəki baş konsulu postunu tutub.

2004-2007-ci illərdə Rusiya Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Şimali Afrika Departamentinin baş məsləhətçisi olub.

2007-2011-ci illərdə Rusiyanın İraqın Ərbil şəhərindəki baş konsulu postunu tutub.

2011-2014-cü illərdə Rusiyanın Bəsrədəki (İraq) baş konsulu olub.

2014-cü il dekabrın 29-da Rusiya Prezidenti Vladimir Putinin sərəncamı ilə bu ölkənin Bəhreyndəki səfiri təyin olunub. Həmin tarixdən 2018-ci ilədək bu vəzifəni yerinə yetirib.

Vaqif Qarayev siyasi fəaliyyəti dövründə Rusiya Xarici İşlər Nazirliyinin Mərkəzi Aparatında, Konsulluq Departamentində, İnformasiya Təminatı Departamentində işləyib. Karyerasını 2021-ci ildə Rusiya XİN-in MDB ölkələri Departamentində tamamlayıb.

Diplomatik rütbsi

Vaqif Qarayev 2002-ci il yanvarın 15-də II dərəcəli fövqəladə və səlahiyyətli səfir rütbəsinə yüksəlib. 2015-ci il iyulun 21-də isə I dərəcəli fövqəladə və səlahiyyətli səfir rütbəsinə…

Azərbaycanlı diplomat 2021-ci il fevralın 20-də uzun sürən xəstəlikdən sonra vəfat edib.

Evli idi, özündən geriyə bir oğlu qalıb.