Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib. Sənəd bir çox baxımdan diqqət çəkir. İlk maraqlı məqam 1990-cı il Müstəqillik Bəyannaməsinə istinadın yeni mətnə daxil edilməməsidir. Bu, çox mühümdür. Çünki məhz həmin Bəyannaməyə istinad Ermənistanın hazırkı Konstitusiyasının preambulasında yer alır. Sözügedən sənəddə Qarabağın Ermənistana birləşdirilməsi ideyası qeyd olunurdu. Bu isə Azərbaycanla yekun sülh sazişinin qarşısında dayanan əsas hüquqi-siyasi problemlərdən biri idi.
Yeni layihədə isə bu istinad çıxarılıb və dövlətin beynəlxalq səviyyədə tanınmış ərazisi daxilində müstəqil, dinc, təhlükəsiz və firavan ölkə qurmaq məqsədi ön plana çəkilib. Başqa sözlə, Paşinyan dövlətin gələcəyini tarixi iddialarla deyil, beynəlxalq səviyyədə tanınmış sərhədlər və vətəndaşların rifahı ilə əlaqələndirir.
Dəyişiklik bununla bitmir. Yeni layihədə xalq dövlət hakimiyyətinin əsas mənbəyi və Ermənistan Respublikasının qurucusu kimi müəyyənləşdirilir. Paşinyan əvvəlki konstitusiyaların qəbul edilməsində referendum nəticələrinin saxtalaşdırıldığı barədə cəmiyyətdə geniş qənaətin olduğunu bildirərək yeni sənədin xalqın azad iradəsi ilə qəbul edilməsini vacib sayır. Bu yanaşma ilə o, vətəndaşla dövlət arasında yeni hüquqi münasibət qurmaq istədiyini vurğulayır.
Xarici siyasətlə bağlı müddəalar da diqqətəlayiqdir. Layihənin 8-ci maddəsində Ermənistanın xarici siyasətinin məqsədi sülhün təmin edilməsi kimi müəyyənləşdirilir. Bu, əvvəlkindən kəskin şəkildə fərqli yanaşmadır. Paşinyan Ermənistanın artıq regional qarşıdurmaların iştirakçısı və geosiyasi güclərin forpostu deyil, müstəqil qərarlar qəbul edən, qonşuları ilə əməkdaşlıq quran dövlət olmasını istəyir. Sənəddə ordunun ölkənin beynəlxalq səviyyədə tanınmış ərazisinin və sərhədlərinin müdafiəsi üçün nəzərdə tutulması da bu yanaşmanın tərkib hissəsidir.
Ermənistanda yeniliklər
Daxili idarəetmədə də dəyişikliklər təklif olunur. Parlamentin hökumət üzərində nəzarət imkanlarının genişləndirilməsi, nazirlərin və digər yüksək vəzifəli şəxslərin parlament komitələrində dinləmələrdən keçirilməsi, müxalifətin müəyyən dövlət qurumlarının formalaşdırılmasında iştirak imkanlarının artırılması nəzərdə tutulur. Məhkəmə sistemində hakimlərin qiymətləndirilməsi, prokurorluğun müstəqilliyinin gücləndirilməsi və siyasi institutların fəaliyyətinə dair yeni mexanizmlər də layihədə yer alır. Vətəndaşların qanunvericilik təşəbbüsü ilə çıxış imkanları genişləndirilir, bunun üçün 40 min imza tələbi müəyyən olunur. Seçkilərdə namizəd kimi iştirak üçün isə son iki ilin azı bir ilini Ermənistanda daimi yaşamaq şərti təklif edilir. Qeyd edim ki, bu, xaricdə yaşayan erməni diasporunun seçki prosesində iştirak imkanlarına da təsir göstərə biləcək müddəadır.
Bəs bu dəyişikliklər Azərbaycanla münasibətlərə necə təsir edəcək?
Əslində, yeni Konstitusiya layihəsinin regional əhəmiyyəti məhz bu məqamda üzə çıxır. Azərbaycan uzun müddətdir Ermənistanın ali hüquqi sənədindəki ərazi iddiaları ilə yekun sülh sazişinin imzalanmasının bir araya sığmadığını bildirir. Bakının mövqeyi kifayət qədər aydındır: bu gün sülh sazişini imzalayan Paşinyan hakimiyyəti sabah dəyişə bilər. Ermənistanda revanşist qüvvələrin hakimiyyətə qayıtması halında isə Konstitusiyadakı əvvəlki müddəalar yenidən ərazi iddialarının siyasi-hüquqi əsaslandırılması üçün istifadə oluna bilər. Deməli, məsələ təkcə hazırkı hökumətin niyyətinə deyil, Ermənistan dövlətinin gələcək davranışına təminat yaradılmasına aiddir.
Yeni layihənin qəbulu bu ziddiyyətin aradan qaldırılması istiqamətində mühüm addım ola bilər. Paşinyanın bu addımı Azərbaycanın maraqlarına cavab verən mühüm siyasi-hüquqi dəyişiklikdir. Əgər layihə indiki əsas müddəaları qorumaqla qəbul edilərsə, Ermənistanın konstitusion səviyyədə əvvəlki ərazi iddialarından uzaqlaşması üçün zəmin yaranacaq. Bu isə sülh sazişinin imzalanması və gələcəkdə hər hansı hakimiyyət dəyişikliyi nəticəsində onun sual altına düşməsi riskinin azaldılması baxımından əhəmiyyətlidir.
Əslində, Paşinyanın bu dəyişikliklərə getməsi Ermənistanın öz maraqları ilə bağlıdır. İrəvan anlayır ki, Azərbaycanla münasibətlər normallaşmadan və Türkiyə ilə sərhədlər açılmadan ölkənin iqtisadi və geosiyasi imkanları məhdud qalacaq. Ermənistanın regional layihələrdən kənarda qalması, təhlükəsizlik baxımından xarici güclərdən asılılığı və iqtisadi inkişaf perspektivlərinin zəifləməsi mövcud vəziyyətin davam etdirilməsini getdikcə daha əlverişsiz edir. Paşinyan yeni Konstitusiya ilə həm bu vəziyyətdən çıxmağa, həm də öz siyasi rəqiblərinin onilliklər ərzində istifadə etdiyi münaqişə gündəliyini zəiflətməyə çalışır.
Bəs sülh sazişi imzalanacaqmı?
Paşinyan yeni Konstitusiyanın qəbulundan sonra Azərbaycanla sülh sazişinin imzalanacağını və ratifikasiya ediləcəyini açıq şəkildə bəyan edib. Hətta layihə referendumda qəbul olunmasa, baş nazir vəzifəsindən istefa verəcəyini, qəbul ediləcəyi təqdirdə isə növbəti parlament seçkilərində namizəd olmayacağını bildirib. Bu, onun məsələni nə qədər ciddi siyasi öhdəlik səviyyəsinə qaldırdığını göstərir. Bununla belə, layihənin hələ ilkin variant olduğunu, ictimai müzakirələrdən və parlament prosedurlarından keçməli olduğunu unutmamalıyıq. Üstəlik, referendumun keçirilməsi üçün parlamentdə hakim fraksiyaya çatışmayan altı səsin əldə edilməsi də lazımdır. Müxalifətin bu prosesə münasibəti isə kifayət qədər sərtdir.
Azərbaycan prosesi yalnız Paşinyanın verdiyi vədlər əsasında qiymətləndirmir. Ermənistanın sülhə hazır olması onun konstitusion müddəalarında, imzaladığı sənədlərdə və real siyasi davranışında təsdiqini tapmalıdır. Regionda davamlı sülhün yaranması üçün İrəvanın revanşist iddialardan hüquqi və praktiki olaraq imtinası vacibdir.
Müəllif: Turan Rzayev