Otaqlıda dirilən milli dəyərlərimiz və…

…Bəzən insanın yaddaşı nəinki bir kənd qədər, hətta bir dünaya qədər geniş, bir ocaq qədər isti olur. O yaddaşda nənə-babalarımızın nurlu çöhrəsi, qutsal duaları, uşaqlıq səsləri, doğma torpağın təkrarolunmaz qoxusu, yazın ilk nəfəsi yaşayır. Qədim türk yurdu Kəlbəcərin Otaqlı sakinləri üçün də doğma kəndləri sadəcə bir məkan deyildi – o, ruhlarının kökü, qəlblərinin qiblə kimi ünvanı idi. Lakin taleyin sərt küləkləri ulu yurdun sakinlərini bu ocaqdan bir qərinəlik uzaq saldı. Acılarla dolu, həsrət dolu illər keçdi, fəsillər dəfələrlə dəyişdi, amma Otaqlı sakinlərinin içindəki bahar heç vaxt solmadı, xəfifləmədi, ümid işıqları sönmədi. 2020-ci ilin soyuq payızında belə o bahar yeindən dirçəldi. Son 6 ildə bütün fəsillər kəlbəcərlilərin ruhunda,nəzərində elə bahardır. Tarixi ən azı 5 min ilə dayanan Yeni Gün-Novruz bayramını həsrətində olduğun, uşaqlığını, gəncliyini, ən əziz xatirələrini bir vaxtlar dəfn etdiyin doğma yurdda qarşılamaq, o günlərə bir daha qayıtmaq sözlərlə ifadəsi mümkün olmayan hisslərdir. Bunu ancaq saf niyyətli, yurd sevdalı, bütün varlığı ilə təmənnasız olaraq torpağına, xalqına, dövlətinə bağlı insanlar duya bilər, yaşaya bilər. Bu barədə yazmağımın ilk baxışda sadə görünən, əslində isə önəmli bir səbəbi var. Elə bu günlərdə sosial şəbəkələrdə qarşıma gözəl bir video çıxdı. Kəlbəcər rayonunun Otaqlı kəndinin bir qrup sakini öz doğma yurdlarında Türk dünyasının ən qutsal bayramı olan Bahar bayramını qeyd ediblər. Özü də milli ruhda, ulu Kəlbəcərin ruhunda. Çünki bu sıradan bir bayram qutlaması deyildi. Burada illərdir həsrətdən qovrulan insanların doğma torpağa, təbiətə, el-obaya, ailəyə, ruhsal saflığa münasibətin bariz ifadəsi yer alırdı. İllərdir ocaqları sönmüş bir yurdda bayram tonqalının yandırılması ulu türkün özünəqayıdışının simvolu kimi birliyimizi, mərhəmət və həmrəylik ruhumuzu ,o cümlədən milli kimliyimizə sahib çıxmağımızı özünə etiva edib. Bu addım həm də xalqımızın tarixi keçmişini, bəşəri dəyərlərə söykənən dünya görüşünü, itirilməkdə olan mənəvi ehtiyaclarını, qübar bağlamış arzu və istəklərini anlamaq baxımından qiymətləndirilməlidir. Ən əsası, Otaqlı sakinləri Bahar bayramını öz doğma kəndlərində keçirməklə, həm işğaldan azad olunmuş torpaqlara qayıdışı təşviq ediblər, həm də dəyərlərimizi qorumağa, yaşatmağa və unudulmamasına töhfə veriblər.
  Otaqlı kəndi Azərbaycan dövlətinə, Azərbaycan elminə, Azərbaycan ictimaiyyətinə, Kəlbəcər mihitinə dəyərli, işıqlı, sağlam düşüncəli, əqidəli, milli dəyərlərin daşıyıcısı olan şəxslər bəxş edib. Dünyanın 100 ən böyük alimindən biri Sabir Quliyev, Azərbaycan dövlətinin möhkəmlənməsinə bütün varlıqları ilə  xidmət edən Əli Səmədov,İsa Cahangirov, Nəbi Quliyev, qeyrətli Vətən oğlu, cəsarətli dövlət qulluqçusu Sahib Əkbərov, Kəlbəcəri kitablarında, hər yazısının sətrlərində yaşadan Məhəmməd Nərimanoğlu, ali təhsilini yarımçıq qoyub Kəlbəcərin işğalına qarşı canını fəda edən qəhrəman Şəhid Mayıl Muxtarov, ölkəmizin təhsilinə, səhiyyəsinə, idmanına, iqtisadiyyatına töhfə verən adını çəkmədiyim onlarla ziyalı məhz Otaqlı kəndinin yetirmələridir. Bu kənddə heç kim heç vaxt ölkəmizin milli birliyinə, bütövlüyünə, suverenliyinə, azadlığına xor baxmayıb, hər zaman dövlətinin, dövlətçiliyinin, dövlət başçısının yanında olub.
   Bu o kənddir ki, qanlı sovet rejimi belə onları öz milli dəyərlərindən, sazından, sözündən, qədim adət- ənənələrindən uzaqlaşdıra bilməyib. Bütün qadağalara rəğmən Bahar bayramını da,Kəlbəcərin ən qədim məscidində dini bayramları da yüksək səviyyədə keçiriblər. Əsrlər boyu bu dəyərləri yaşadıblar və elə öz doğma yurdlarına dönməklə o dəyərləri formalaşmaqda olan nəsillərə çatdırırlar. Bu addım qlobal problemlər kontekstində dünyanın zərərli informasiyalar selinin qarşısında aciz qaldığı bir vaxtda ən qutsal, ən müqəddəs missiya kimi dəyərləndirilməlidir.
   Unutmayaq ki, Otaqlı sakinlərinin timsalında doğma torpağa bayram əhval-ruhiyəli qayıdış sadəcə fiziki bir dönüş deyildi, bu, ruhun öz milli köklərinə, öz başlanğıcına, düşüncələrin və narahat ruhların öz evlərinə, öz milli kimliyinə qayıdışı idi. Bu, yenidən doğuluş idi. Bu, itirilmiş illərin, yarımçıq qalan xatirələrin tamamlanması idi. Hamılıqla bir həqiqəti anlamalıyıq: İnsanın ən böyük sərvəti onun ali dəyərlərlə yoğurulmuş zəngin mənəviyyatı və dəyərlərinin yaşadıldığı doğma torpağı, doğma yurdudur…Zaman nə qədər keçsə də, torpaq öz övladlarını unutmur, onu hər an öz ağuşuna almağa hazırdır. Və bir gün, mütləq bir gün, o övladlar öz doğma, isti ocağına qayıdır. Elə Otaqlı sakinləri kimi…
Anlamayanlar üçün zəruri qeyd: Azərbaycan Prezidenti cənab İlham Əliyev 2020-ci il Zəfərindən indiyə kimi hər il milli bayramımız olan Bahar bayramını işğaldan azad olunmuş torpaqlarımızda qeyd edir. 21 may 2025-ci il tarixində Macarıstanın Budapeşt şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının qeyri- rəsmi zirvə görüşü zamanı qəbul edilmiş Budapeşt bəyannaməsində dövlət başçıları Novruzun mədəniyyətlər arasında körpü yaradan və ümumbəşəri dəyərləri təcəssüm etdirən bayram kimi qiymətləndiriblər. Yeni Gün-Novruz bayramı 21 mart 2026-cı il tarixində Türkiyənin Qaziantep şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində ilk dəfə qeyd olunub.
İnqilab Şirinli,
Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü,
Abdullauşağı kənd sakini
Otaqlıda dirilən milli dəyərlərimiz və...