Ömrümdə qırxıncı qış olur, ana!
Ana, bu dünyaya məni gətirdin
Doğmanın qucağı xoş olur, ana!
Elə ki yuvadan qanadlanırsan,
Ömür nə tez uçur, quş olur, ana!
Həyatın hər üzü mənə tanışdır,
Atdığım addımlar doğru-yanlışdır.
Məndən gedən getmiş, qalan qalmışdır,
Boşum dolur, dolum boş olur, ana!
Saldığım bu cığır düzlük yoludur,
Gördüyüm əhvallar ibrət doludur,
Bu balaca qızın haqqın quludur,
Tanrıya qurbanım baş olur, ana!
Mən əsla çıxmadım böyük sözündən,
Ana öyüdündən, ata düzündən,
Nənə məsəlindən, mizan gözündən.
Ədəb-ərkan bilən baş olur, ana!
Yaman arzuladım baba, görmdim.
Bolluqla böyüdüm, yoxluq görmədim.
Düz oldum, əyriyə boyun əymədim,
Əyrinin taxtası yaş olur, ana!
Haqqa batil, küfrə doğru demədim,
Dost olanı candan ayrı bilmədim,
Bir haram tikəni əsla yemədim,
Suyum sərin, aşım aş olur, ana!
Ömür qanadlanıb çapır atını,
Qanım şəcərəyə qatır zatını,
Taleyim şah olub qapır matını,
Hədəfsiz oynayan çaş olur, ana!
Saçıma qış qarı tək-tək qol atır,
Qayğılar alnıma xəfif yol açır,
Yaşın may çiçəyi ətrin bol saçır,
Ömrümdə qırxıncı qış olur, ana!
20.12.2022
********************
Deyiləm
Bu dar çərçivələr mənlik deyildir,
Geniş meydanları verən deyiləm.
Avaz-avaz sədalardır mənimki
Pıçıltıya qulaq verən deyiləm.
Güvən qalasını əsla yıxmayın,
Sığmaram qəlibə məni sıxmayın,
Özüm olmağıma qarşı çıxmayın,
Özümə xəyanət edən deyiləm.
Aciz olanları küçümsəmələr,
Xəlvət xısldayıb gülümsəmələr,
Haqqım olmayanı mənimsəmələr,
Belə fitvalara gedən deyiləm.
İçimdən gələni deməliyəm mən,
Gözüm istəyəni görməliyəm mən,
Hələ çox düyünü çözməliyəm mən,
Xırda maraqları güdən deyiləm.
28.01.2022
****************
Oxumaq “Ələq”dən “Quran” bilənə
Dünya gözəl yaşamağı bilənə.
Bilmək asan sözdən məna biçənə.
Söz kövsərdir ondan məna içənə.
Hikmət dərya qəvvaslığı bilənə.
Bilgi sudur susamağı sevənə.
Sevmək nemət bu uğurda ölənə.
Ölmək rəhmət rəhməti haqq edənə.
Haqq günəşdir, nur yağdırar sinənə.
Yağış nurdur ondan qismət ölçənə.
Ölçü ömür yaş dövranı sürənə.
Yaşamaq missiya yolun gedənə.
Getmək səfər haqqı izhar edənə.
Haqq Allahdan başın qoyub gələnə.
Gəlmək zəfər bu badəni içənə.
İçmək qədər ömrü vəfa edənə.
Vəfa yardan göz yorub gözləyənə.
Göz ürəkdir sirr oxuyub görənə.
Oxumaq “Ələq”dən “Quran” bilənə.
16.01.2023
Müəllif: Şahnzaxanım Şükürzadə