İbtidai sinif müəllimi Günel İbrahimova və şagirdlərinin müəllifi olduğu kitab oxucular tərəfindən maraqla qarşılanıb.
Kanal32.az-a verilən məlumata görə Oğuz rayon Mədəniyyət mərkəzində rayonun Calut kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Günel İbrahimova və şagirdlərinin müəllifi olduğu “Mən böyüyürəm, insanlar!” adlı kitabın təqdimatı keçirilib.
Kitab 23 aprel Beynəlxalq kitab və müəlliflik hüquqları günü münasibətilə ərsəyə gətirilib. Belə ki, kitabı Günel müəllimə şagirdlərinin dilindən 18 hekayə şəklində yazıb. Şagirdlərinin şahidi olduğu hadisələri yazmağı tapşıran müəllimə həmin yazıları hekayə şəklinə salaraq 18 şagirdinin dilindən 18 hekayə şəklində toplayıb kitab kimi çap etdirib. Kitabda dostluq, mərhəmət, doğruluq, vətən sevgisi, düzlük kimi gözəl sifətlərin təbliği, yalan, oğurluq kimi yanlışlardan qaçınmağın lazımlığı xüsusi məharət və incəliklə öz əksini tapıb.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsinin müdiri Elnarə Akimova kitabla tanış olunca kitabda olan hekayələri və təşəbbüsü çox bəyənib, bu kitabın mütləq lazımı səviyyədə təqdimatının vacibliyini vurğulayıb. Bu məqsədlə də öz şöbəsinin elmi işçiləri ilə birgə təqdimatda iştirak edib.
Bundan başqa təqdimatda Azərbaycan uşaq yazıçısı, şair,tərcüməçi, publisist Sevinc Nuruqızı, MDU Psixologiya və pedaqoqika kafedrasının baş müəllimi və psixoloqu İlhamə İsmayılova, ADPU-nun Doktorantura və magistratura şöbəsinin baş mütəxəssisi və peşəkar təlimçi Dilguşə Süleymanova, ADPU-nun kimya və biologiya fakültəsinin “Ümumi kimya və KTT” kafedrasının baş müəllimi Rumiyyə İnşad Camal, Azərbaycan Yazıçılar Birliyinin Oğuz bölməsinin sədri Vüsal Oğuz, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı Nazim Hüseynli, Oğuz rayon Təhsil sektorunun metodisti Həqiqət Rəsulova, Oğuzlu şair, yazar, tədqiqatçı Yusif Rzayev, Oğuz rayon Mərkəzləşmiş kitabxanasının əməkdaşları, YAP fəalları, müəllimlər, valideynlər, şagirdlər də iştirak edib.
Təqdimatın açılışına dövlət himni ilə başlanılıb. Daha sonra çıxış üçün söz balaca müəlliflər olan üçüncülərə verilib. Şagirdlər “Fidan ağacı” adlı kompozisiya ilə çıxış edib, kiçik müəlliflər olaraq qonaqlara müraciət edərək əslində dünyaya, bütün insanlara bir mesaj yollayıblar.
Daha sonra çıxış üçün söz AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsinin müdiri Elnarə Akimovaya verilib. Elnarə xanım kitabdakı hekayələri təhlil edərək kitaba, təşəbbüsə, şagirdlərin bu addımına yüksək qiymət verib.
Digər qonaqlar da kitab haqqında yüksək fikirlər səsləndirib, kiçik müəlliflərə gələcəkdə uğur arzulayıblar.