Oğuz rayonunda sakinlər susuzluğa görə etiraz etdi-VİDEO

Oğuz rayonunun Xaçmaz kəndində su qıtlığı yaşanır. Rayon içməli su ilə tam olaraq təmin olunsa da, kənddə bir neçə şəxs həyətinə qeyri-qanuni şəkildə əlavə su borusu çəkdirib. Bu səbəbdən suyun təzyiqi azalıb, nəticədə digər sakinlər susuz qalıb.

Bu barədə media nümayəndələrinə kənd sakinləri məlumat verib.

Bildirilib ki, burada ümumilikdə 8 min nəfərə qədər sakin yaşayır. Kənddə 8 şəhid ailəsi var. Həmin şəhid ailələri də yay ərzində susuzluqdan əziyyət çəkiblər. Əhalinin kənd təsərrüfatına da ciddi ziyan dəyib. 10 gündən çoxdur, kəndin su kəmərinin əsas xətti də qəzalı vəziyyətə düşüb. Lakin su xəttinin təmiri ilə maraqlanan yoxdur. Su İdarəsinin rəisi isə edilən şikayətlərə məhəl qoymur.

Məsələ ilə bağlı saytımıza açıqlama verən “Azərsu”nun mətbuat katibi Anar Cəbrayıllı bildirib ki, Oğuz rayonunun Xaçmaz kəndində baş verən sel və daşqınlarla əlaqədar çay yatağındakı mənbənin bir hissəsi yararsız vəziyyətə gəlib.

“Problemlə bağlı artıq həll planı var. Əlavə işlər görülüb. Çay yatağında baş vermiş qəza aradan qaldırılacaq. Kəndin su təminatı əvvəlki qaydada bərpa olunacaq”, – Anar Cəbrayıllı deyib.

/axar.az/