Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev dünya miqyasında tanınan böyük siyasətçi olmaqla yanaşı, eyni zamanda, Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin böyük hamisi idi. Hakimiyyətdə olduğu dövrlərdə məhz onun təşəbbüsü ilə dəfələrlə yerli və beynəlxalq səviyyədə bir sıra görkəmli şəxsiyyətlərin, elm və incəsənət xadimlərinin böyük miqyasda yubiley tədbirləri keçirilmiş, ev-muzeyləri açılmış və əsərlərinin təbliği istiqamətində misilsiz işlər görülmüşdür.
Obrazlı şəkildə belə demək olar ki, dünya liderləri arasında Heydər Əliyev qədər ədəbiyyat və incəsənətə dərindən bələd olan, bu amildən dövlət idarəçiliyinin və siyasi-ideoloji proseslərdə yaradıcı şəkildə istifadə etməyi bacaran dövlət xadimi göstərmək çətindir. Heydər Əliyev dünyada geniş və sistemli ədəbiyyat biliyinə malik olan nadir dövlət xadimidir. Ulu öndərin siyasi dünyagörüşünün formalaşmasında da ədəbiyyat faktoru mühüm yer tutmuşdur. Görkəmli dövlət xadimi Heydər Əliyevin aşağıdakı fikirləri onun taleyində və dünya görüşündə ədəbiyyat amilinin nə qədər mühüm əhəmiyyət kəsb etdiyini əyani surətdə nümayiş etdirir: «Şəxsən mən ədəbiyyatı çox sevən adamam və gənc vaxtlarımdan, hətta uşaqlıqdan, məktəbdə ilk ədəbiyyat nümunələrini oxuyandan ədəbiyyatı sevmişəm.… Mənim bir insan kimi formalaşmağımda, təhsilimdə, əxlaqımda, mənəviyyatımda ədəbiyyatın, mədəniyyətin çox böyük rolu olmuşdur».
Ulu öndər Heydər Əliyev dünya ədəbiyyatı və mədəniyyətinə də dərindən bələd olmuşdur. Belə ki, müxtəli vaxtlarda öz çıxışlarında dünya ədəbiyyatı klassiklərindən Dante, Şekspir, Puşkin, Balzak, Lev Tolstoy, Dostoyevski, Maksim Qorki və başqa bədii dühaların əsərlərindən məqamına görə gətirdiyi sitatlar Heydər Əliyevin ədəbiyyatı nə qədər dərindən mütaliə etdiyini və ondan hansı səviyyədə yerli-yerində istifadə etmək bacarığını nümayiş etdirirdi.
Heydər Əliyev Azərbaycan ədəbiyyatına həyat, müdriklik və mübarizə məktəbi kimi baxmış, ədəbiyyat və incəsənət əsərlərimizdə xalq həyatının bütün dərinliklərinə və genişliyinə qədər əks olunmasına xüsusi diqqət yetirməyi zəruri saymışdır. Dahi şəxsiyyət bu fikirdə idi ki, «Azərbaycan ədəbiyyatı həmişə öz xalqının həyatının ön sıralarında irəliləmişdir. Bu ədəbiyyat xalqımızın qəhrəmanlıq tarixini əbədiləşdirib bizə çatdırmış, bizim qarşımızda bütün əzəməti ilə açmışdır». Bizim ədəbiyyatımız, mədəniyyətimiz xalqımızın milli sərvətidir və intellektual mülkiyyətidir. Bizim ədəbiyyatımızın xalqımıza etdiyi ən böyük xidmət ondan ibarətdir ki, şairlərimiz, yazıçılarımız öz əsərləri ilə Azərbaycanda, xalqımızda, millətimizdə daim milli hissiyyatları oyatmağa çalışmışlar. Milli özünüdərk, milli oyanış, dirçəliş prosesi xaıqımıza birinci növbədə ədəbiyyatdan keçir.”
Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan ədəbiyyatı klassiklərinin: Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Üzeyir Hacıbəyov, Səməd Vurğun, Rəsul Rza, Mirzə İbrahimov, Nəriman Nərimanov, Süleyman Rəhimov, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk və başqalarının xidmətlərini yüksək qiymətləndirmiş, onların ölkəmizdə və dünyada tanıdılması sahəsində dövlət səviyyəsində böyük tədbirlər həyata keçirmişdir.
Onun hələ Azərbaycan Respublikasına birinci rəhbərliyi dövründə (1969-1982) respublika rəhbərinin 6 yanvar 1979-cu il tarixində «Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında» dövlət səviyyəsində xüsusi bir qərarı imzalaması, 1981-ci ildə Nizami Gəncəvinin anadan olmasının 840 illik yubileyinin Sovetlət İttifaqının paytaxtı Moskva və ikinci böyük şəhəri Sankt-Peterburqda geniş miqyasda və yüksək səviyyədə təntənə ilə qeyd olunması, Nizaminin “Xəmsə”sinə daxil olan əsərlərin ayrı-ayrılıqda rus dilində çap olunması, sonrakı dövrlərdə uzaq Sibirdən Hüseyn Cavidin nəşinin qalıqlarının Azərbaycana gətirilməsi və doğma yurdu Naxçıvanda torpağa tapşırılması, 2000-ci ildə Bakıda Gülüstan Sarayında “Kitabi -Dədə Qorqud” dastanının 1300 illik yubileyi şərəfinə keçirilmiş tədbir məhz Heydər Əliyev böyüklüyünün göstəricisidir. Ulu öndərimizin dərin zəkasına yaxından bələd olan dünyanın böyük yazıçılarından biri, nəhəng türk ədibi Çingiz Aytmatov “Heydər Əliyev tarixi, hətta əfsanəvi şəxsiyyətdir” deyirdi.
Ulu öndərimizin bütün sahələrdə, o cümlədən ədəbiyyat, mədəniyyət, incəsənət sahəsində də gördüyü işlər, qoyduğu əməllər bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Nurlan ŞAKİROĞLU,
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşı,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi,
YAP Xətai rayon təşkilatının “Yusif Səfərov 50” ünvanı üzrə ərazi partiya təskilatının üzvü