Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2024-cü il 7 fevral tarixində ölkəmizdə növbədənkənar prezident seçkilərinin keçirilməsi mühüm siyasi hadisə kimi tariximizə yazılacaq. Azərbaycanda ilk dəfə olaraq bütün şəhər və rayonlarda seçki məntəqələri qurulacaq və səsvermə hüququ olan hər kəs bu prosesdə iştirak edə biləcək. Yeni reallıqların diktə etdiyi hədəflərin müəyyənləşdirilməsi fonunda keçiriləcək bu seçkilər ölkəmizin demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə təsdiqlədiyini bir daha nümayiş etdirəcək. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra başlanan davamlı inkişaf, yaradılan möhkəm təməl bugünkü reallıqlarımızda öz sözünü deyir. Azərbaycan Ulu Öndərin düşünülmüş siyasəti nəticəsində qısa müddətdə sabitlik və böyük investisiyalar məkanına çevrildi. Ölkəmizdə iqtisadi və siyasi islahatların vəhdəti uğurlarımızın davamlılığını şərtləndirdi. Azərbaycan ilk gündən demokratik, hüquqi dövlət quruculuğu yolunu tutaraq bu istiqamətdə mühüm addımlar atır. Azərbaycanın demokratiya təcrübəsi dünyaya nümunə göstərilir. Bu baxımdan deyə bilərik ki, növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qərar həm Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin edildiyi, həm də ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonrakı dövrə təsadüf edir. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Bu yanaşma ölkədə ədalətli rəqabət mühitinin təmin edildiyinin bariz nümunəsidir. Potensialı və elektoratı olan bütün siyasi qüvvələr üçün seçkilərin keçirilməsi faktı universal fürsətdir. Bu mənada seçkilərin keçirilməsi ilə bağlı olan istənilən narazıçılıq yalnız qərəzli mövqeyin və məhdud potensialın təcəssümü kimi dəyərləndirilməlidir. Seçki Məcəlləsinə əsasən bütün namizədlər bərabər hüquqa malikdirlər və bərabər öhdəliklər daşıyırlar, namizədlərin hamısına seçkiqabağı fəaliyyət üçün bərabər şərait təmin edilir, o cümlədən təşviqat aparılması üçün mediadan bərabər istifadə şərtləri müəyyənləşdirilir.
7 fevral 2024-cü il tarixdə Azərbaycan bir daha dünyanın diqqətini demokratik inkişafının əsas göctəricilərindən olan azad, şəffaf və beynəlxalq standatlara cavab verəcək prezident seçkilərinə yönəldəcək. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz seçkilərin nəticələrinə təsirsiz ötüşməyəcək. Azərbaycan vətəndaşlarının seçkilərə münasibətində Qarabağ, ərazi bütövlüyü amili hər zaman önəmli rol oynayıb. Hər bir seçkidə möhtəşəm uğurlarımızın fonunda qarşıdakı dövrdə görüləcək işlər, hədəflər açıqlanarkən Qarabağ münaqişəsinin həlli, soydaşlarımızın dogma yurd-yuvalarına qayıdışı xüsusi qeyd olunurdu. Azərbaycanın xarici siyasətinin prioritet məsələsi olan Qarabağ münaqişəsinin həllində diplomatik mübarizənin əsas olduğu önə çəkilərək bu istiqamətdə səylərin artırılması əsas çağırış kimi qeyd edilirdi. Bu gün üçün hədəflərimizdə də fərqlilik mövcddur və bundan böyük qürur hissi keçiririk. Əsas hədəf işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin sürətini daha da artırmaq, soydaşlarımızın bu məkanlara tam qayıdışını təmin etməkdir. Sıfırdan yeni şəhərlər və kəndlər inşa edilir. İlkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpa edilməsi nəzərdə tutulur. Keçmiş məcburi köçkünlər Böyük Qayıdış Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar.
2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq. Dövlət başçısı İlham Əliyev daim çıxışlarında bildirir ki, 2003-cü ildə ilk dəfə Azərbaycan xalqı mənə etimad göstərəndə seçkilərdən əvvəl demişdim ki, əgər siz mənə bu inamı, etimadı göstərsəniz, Heydər Əliyev siyasətinə sadiq olacağam, bütün istiqamətlər üzrə onun yolu ilə gedəcəyəm: «Şadam ki, sözümə sadiq oldum, sözümü tutdum. Bu gün Azərbaycanın sürətli və uğurlu inkişafı, beynəlxalq müstəvidə böyük hörmətə malik olması, ölkə daxilində sosial, iqtisadi, digər problemlərin həlli, böyük layihələrin həyata keçirilməsi, əlbəttə ki, Heydər Əliyev yolunun davamıdır. Təbii ki, dünya dəyişir. Dünyadakı güclər nisbəti də dəyişir. Bugünkü dünya 2003-cü ildəki dünya ilə əlbəttə ki, müqayisə edilə bilməz. Ancaq bizim strateji hədəflərimiz dəyişməz olaraq qalır. O da müstəqilliyi möhkəmləndirmək, müstəqil siyasətə sadiq olmaq, heç vaxt heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək, öz qürurumuzu saxlamaq, qorumaq və ərazi bütövlüyümüzü bərpa etməkdir.”
Qeyd olunan strateji hədəflərin hər biri reallıqda öz əksini tapıb. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin edilməsi fonunda 7 fevral 2024-cü il tarixdə keçiriləcək növbədənkənar prezident seçkiləri ölkəmizin qarşısında geniş üfiqlər açacaq.
Samir Qocayev,
YAP Goranboy rayon təşkilatının sədri