Norveç qəzeti Azərbaycan əsilli modelyerin yeni kolleksiyasından yazıb

Norveçdə çıxan “Utrop” qəzeti Azərbaycan əsilli moda dizaynerinin yeni kolleksiyasından yazıb.

AZƏRTAC xəbər verir ki, “Utrop” qəzetində dərc olunmuş “Norveçli geyim dizayneri “Antalya 2021 Moda Həftəsi”ndə modaların rəqəmsal nümayişi zamanı öz yeni kolleksiyasını təqdim edir” sərlövhəli məqalədə Şervin Nəcəfpurun yeni əl işlərindən söhbət açılır.

Məqalədə vurğulanır ki, Oslo sakini Şervin Nəcəfpur yumşaq rəng qammasında geyimlərin yer aldığı yeni kolleksiyası ilə Türkiyə və Azərbaycan tamaşaçılarını yenə də valeh edib. Kolleksiya davam edən pandemiya ilə əlaqədar onlayn formatda keçirilən Rəqəmsal Moda Həftəsində təqdim olunub. Türkiyənin Antalya şəhərində keçirilən moda nümayişi Şervinin əl işlərinin təqdim olunduğu üçüncü tədbirdir.

Şervin Nəcəfpur jurnalistə müsahibəsində özünün moda aləminə gedən yolundan danışıb. Onun sözlərinə görə, əl işlərini yaradarkən güclü qadın modelyerlərdən və türk mədəniyyətindən ilham alır. Koko Şanel Şervin üçün kumirdir, lakin soy-kökü Türkiyə və Azərbaycana bağlı olan rəssam üçün türk mədəniyyəti elementləri ilə Skandinaviya minimalizm üslubunu birləşdirmək tamamilə təbiidir.

Həmçinin diqqətə çatdırılır ki, builki kolleksiyaya daxil olan paltarların əksəriyyətində nadir səhləb çiçəyini – “Xarıbülbül”ü görmək mümkündür. Məqalədə deyilir: “Türkiyə və Azərbaycanın mədəniyyəti və tarixi ilə tanış olmayan insanlar düşünə bilərlər ki, bu güllərin həmin geyimlərə əlavə edilməsi estetik zövqlə bağlıdır. Əslində, “Xarıbülbül” sevgi rəmzidir, bu yaxınlardakı müharibədən sonra isə bu çiçək xilaskarlıq rəmzinə, həmçinin həlak olan dinc sakinlərin və əsgərlərin xatirəsinə çevrilib. 30 il işğal altında qalmış Qarabağın azad olunmasına həsr edilmiş bu əlamətdar kolleksiya doğma ocaqlarını qoyub çıxmaq məcburiyyəti ilə üzləşən insanları birləşdirməyə qadir olan sevginin gücünə ümid rəmzidir”.