“Normallaşma” İllüziyası: Ermənistan reallıq qarşısında, Azərbaycan oyunun qaydalarını yazır

Cənubi Qafqazda son dövrlərdə baş verən proseslər zahirdə “normallaşma” kimi təqdim olunsa da, əslində bu, regionda formalaşmış yeni güc balansının diktə etdiyi reallığın qəbul etdirilməsi mərhələsidir. Türkiyə ilə Ermənistan arasında intensivləşən diplomatik və iqtisadi təmaslar, xüsusilə 2026-cı ildə birbaşa ticarətə qoyulan məhdudiyyətlərin aradan qaldırılması bu prosesin yeni mərhələsi kimi təqdim olunur. Lakin məsələyə Azərbaycan prizmasından baxdıqda bu “normallaşma” anlayışının mahiyyəti tamamilə fərqli görünür.

Bu, bərabər tərəflər arasında barış deyil. Bu, məğlub tərəfin yeni reallığa uyğunlaşmaq məcburiyyətidir.

2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi regionda güc balansını köklü şəkildə dəyişdi. Azərbaycan hərbi və siyasi üstünlük əldə edərək ərazilərinin böyük hissəsini geri qaytardı və bununla da Ermənistanın onilliklər boyu qoruduğu status-kvo faktiki olaraq dağıldı. Bu reallıq Ermənistanı seçim qarşısında qoydu: ya yeni vəziyyətə uyğunlaşmaq, ya da dərin və uzunmüddətli təcridə sürüklənmək.

Bu gün Türkiyə ilə “normallaşma” cəhdləri məhz bu məcburiyyətin nəticəsidir.

Azərbaycan isə bu prosesə qarşı çıxan tərəf deyil. Əksinə, Bakı artıq faktiki olaraq Ermənistanla müəyyən iqtisadi əlaqələrin mövcudluğuna imkan yaradır. Ermənistana neft məhsullarının və yanacağın ötürülməsi, eyni zamanda Rusiya və Qazaxıstan taxılının Azərbaycan ərazisindən tranzitlə Ermənistana çatdırılması bunu açıq şəkildə göstərir. Bu faktlar onu sübut edir ki, Azərbaycan regionda iqtisadi blokadanın tərəfdarı deyil və məhdud da olsa əməkdaşlığa açıqdır.

Eyni yanaşma Türkiyə-Ermənistan münasibətlərinə də şamil olunur.

Azərbaycan Türkiyə ilə Ermənistan arasında müəyyən səviyyədə iqtisadi əlaqələrin qurulmasına prinsipial etiraz etmir. Lakin Bakı üçün əsas məsələ iqtisadi deyil, siyasi və hüquqi əsaslardır. Ermənistan köklü dəyişikliklər etmədən regiona tam reinteqrasiya oluna bilməz.

Bu dəyişikliklərin mərkəzində isə Ermənistan Konstitusiyası dayanır.

Mövcud Konstitusiyada həm Azərbaycana, həm də Türkiyəyə qarşı dolayı ərazi iddialarını ehtiva edən müddəalar mövcuddur. Belə bir hüquqi baza ilə real və davamlı sülh mümkün deyil. Əgər bir dövlət rəsmi sənədində qonşularının ərazi bütövlüyünü şübhə altına alan yanaşmanı saxlayırsa, bu, gələcək münaqişənin hüquqi zəmininin qorunması deməkdir.

Azərbaycanın mövqeyi bu məsələdə birmənalıdır: Ermənistan Konstitusiyasından ərazi iddiaları çıxarılmalıdır. Yalnız bundan sonra Azərbaycanla Ermənistan arasında rəsmi sülh müqaviləsi imzalana bilər. Bu mərhələdən sonra isə Türkiyə ilə Ermənistan arasında münasibətlərin tam normallaşması real və dayanıqlı xarakter ala bilər.

Əks halda baş verənlər yalnız kosmetik dəyişikliklərdən ibarət qalacaq.

Son dövrlərdə Ermənistan tərəfindən müəyyən simvolik addımların atıldığı da müşahidə olunur. Məsələn, dövlət atributlarında Ağrı dağının istifadəsinin məhdudlaşdırılması kimi addımlar ritorikanın qismən yumşaldılması kimi təqdim olunur. Lakin bu addımlar hələ də kifayət etmir.

Çünki Ermənistan cəmiyyətində və ictimai məkanında anti-türk ideologiyası açıq şəkildə qalmaqdadır.

Bunun ən bariz nümunələrindən biri Şirak vilayətinin Maralik qəsəbəsində 2015-ci ildə ucaldılmış Soqomon Teyliryanın heykəlidir. Bu heykəldə Teyliryan qəhrəman kimi təqdim olunur, lakin əsas diqqətçəkən detal onun ayağının altında təsvir olunan fiqurdur — Osmanlı dövlət xadimi Tələt Paşanın kəsilmiş başı.

Bu artıq sadəcə simvolika deyil.

Bu, açıq ideoloji mesajdır.

Bir dövlət xadiminin başının “qəhrəmanlaşdırılmış qatilin” ayaqları altına qoyulması yalnız tarixi interpretasiya deyil, bu, birbaşa düşmənçiliyin legitimləşdirilməsidir. Bu cür abidələr cəmiyyətə ötürür ki, düşmən obrazı təkcə yaddaşda saxlanmır, həm də qəhrəmanlıq səviyyəsinə qaldırılır.

Üstəlik, bu heykəl təsadüfi şəkildə deyil, 2015-ci ildə qondarma “erməni soyqırımı”nın 100 illiyi çərçivəsində planlı şəkildə ucaldılıb. Hətta ilkin mərhələdə bəzi detallar beynəlxalq reaksiyalardan ehtiyat edilərək gizlədilsə də, sonradan abidə yenidən əvvəlki radikal formasına qaytarılıb.

Bu isə göstərir ki, problem keçmişlə bağlı deyil.

Bu, davam edən ideoloji xəttdir.

Belə bir fonda “normallaşma” ritorikası ciddi suallar doğurur. Çünki bir tərəfdən diplomatik yaxınlaşmadan danışılır, digər tərəfdən isə ictimai məkanda qarşı tərəf alçaldılmış formada təqdim olunur. Bu ziddiyyət aradan qaldırılmadan real etimad mühiti formalaşa bilməz.

Regionda formalaşan yeni güc balansı artıq beynəlxalq aktorların davranışına da təsir edir. Fransa prezidenti Emmanuel Makronun İrəvandan Türkiyəyə quru yolu ilə keçmək istəməsi və bu səfərin baş tutmaması göstərdi ki, regionda qərarlar artıq yeni geosiyasi koordinasiyaya uyğun verilir. Bu koordinasiyanın mərkəzində isə Azərbaycan-Türkiyə tandemi dayanır.

Bütün bu proseslərin taleyini müəyyən edəcək əsas amillərdən biri isə Ermənistanın daxili siyasi vəziyyətidir. Baş nazir Nikol Paşinyanın hakimiyyətdə qalması normallaşma prosesinin davamı üçün kritik əhəmiyyət daşıyır. Əks təqdirdə, radikal qüvvələrin geri dönüşü regionda gərginliyi yenidən artıracaq və müharibə ehtimalını yüksəldəcək.

Nəticə etibarilə, bu gün “normallaşma” kimi təqdim olunan proses əslində dərin geosiyasi transformasiyanın tərkib hissəsidir. Ermənistan reallığı qəbul etməyə məcburdur, Azərbaycan isə bu reallığın şərtlərini müəyyən edən əsas aktor kimi çıxış edir.

Bu proses yalnız bir halda uğurlu ola bilər: Ermənistan həqiqətən dəyişməlidir. Zəngəzur dəhlizi açılmalı, hüquqi və ideoloji baryerlər aradan qaldırılmalıdır. Əks halda region yenidən qarşıdurma mərhələsinə qayıdacaq.

Elbəyi Həsənli, Sürix

“Normallaşma” İllüziyası: Ermənistan Reallıq QarşısındaAzərbaycan Oyunun Qaydalarını Yazır