Neft və Sənaye Universitetində tədbir: Xalqa bağışlanan ömür-FOTOLAR

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Nəsimi Rayon Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Xalqa bağışlanan ömür” adlı tədbir keçirilib.

Əvvəlcə ADNSU-nun professor və müəllimləri Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Ulu Öndərin xatirəsi dərin ehtiramla anılıb.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub.

Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib.

ADNSU-da Ulu Öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyulub.

Tədbirdə ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov 1969-cu il iyulun 14-də Ulu Öndər Heydər Əliyevin respublikanın siyasi rəhbərliyinə gəlməsinin əhəmiyyətindən danışıb. O, Ulu Öndərin müstəsna tarixi xidmətlərini vurğulayıb. Qeyd olunub ki, respublikaya rəhbərliyi dövründə Ümummilli Lider Heydər Əliyev iqtisadiyyatın, elmin, təhsilin, mədəniyyətin inkişafına daim xüsusi önəm verib.

1988-1992-ci illərdə ölkəmizin dağılmaq təhlükəsi ilə üzləşdiyini xatırladan V.Əskərov 1993-cü ildə xalqın tələbi ilə dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra respublikamızın həmin təhlükədən sovuşduğunu, böyük inkişaf yoluna çıxdığını bildirib.

Ulu Öndər Heydər Əliyev siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyini söyləyən V.Əskərov ölkəmizin sürətlə inkişaf etdiyini, onun beynəlxalq aləmdə nüfuzunun daha da yüksəldiyini vurğulayıb.

Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən film nümayiş olunub.

YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov Ulu Öndər Heydər Əliyevin şəxsiyyətinin böyüklüyündən, zəngin siyasi irsinin əhəmiyyətindən bəhs edib.

Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva Ümummilli Liderin böyük xilaskarlıq rolundan danışıb, dahi rəhbərin ideyalarının əbədiyaşar olduğunu söyləyib.

ADNSU-nun Tələbə Gənclər Təşkilatının sədri Cavanşir Abdullayev əsası Ulu Öndər tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin əhəmiyyətini vurğulayıb.

Sonra YAP-ın fəal üzvləri təltif olunublar.

 

Kanal32.az