Namiq Tofiqoğlu yazır:Söz bir, məna min…

Yazan bir yazır, oxuyan öz düşündüyünü oxuyur…

Mən yazıramsa yazım, hər kəs öz düşündüyünü oxuyur. Bu fikir məni uzun müddət narahat edirdi. Sonra anladım ki, burada narahat olmalı heç nə yoxdur. Əksinə, sözün ən böyük sirri elə budur.

Hər cümləyə ürəyimdən bir parça qoyuram. Amma söz kağızdan qalxan kimi artıq mənim olmur. Oxucunun yaddaşına, ağrısına, sevincinə toxunur və orada yenidən doğulur. Bir nəfər eyni sətirdə təsəlli tapır, o biri etiraz, üçüncüsü öz unutduğu bir xatirəni.

Mövlana bunu çox əvvəl duymuşdu: hər kəs öz zənninə görə mənə dost oldu, amma heç kim içimdəki sirri axtarmadı. Mən bundan incimirəm. Bir söz deyirəm, dünya min məna eşidir. Söz bir, məna min.

Heyrətdən sözə

Bəs ilk söz necə yarandı? Necə oldu ki, söz insan idrakının səsi oldu?

Təsəvvür edirəm: ilk insan ildırımı görür. Ürəyi titrəyir, heyrətlə qorxu bir-birinə qarışır və boğazından bir səs qopur. Bu səs hələ söz deyil, amma sözün toxumudur. Səsə üz ifadəsi qoşulur, ifadədən söz doğur, sözdən yeni söz. Sonra dərk gəlir, dərkdən kəşf, kəşfdən elm və texnika.

Tanrını dərk də elə bu ilk heyrətdən, bu ilk qorxudan, bu ilk səslərdən başladı.

Milyon illərdir bu yol davam edir. Söz yorulmur və yormur. İfadə edildikcə yeni ifadə doğurur. Və hər dəfə göstərir ki, ağlın almadığı fikirlər belə bir gün gerçəkləşə bilər. Uçmaq da bir vaxtlar nağıl idi.

Nəsimi deyirdi: «Məndə sığar iki cahan, mən bu cahana sığmazam». Mən bunu belə anlayıram: sən bir möcüzəsən və səndə hər an yeni bir möcüzə doğulur. Bitməyən, hər gerçəkləşmədə yeni bir gerçəyə yol açan bu sonsuzluğun adı Tanrıdır.

Eyni kitab, iki baxış

Eyni kitabı iki insan açır. Biri orada nağıl, əfsanə görür. O biri kainata açılan bir pəncərə. Söz dəyişməyib, dəyişən oxuyanın idrakıdır.

Böyük dini və fəlsəfi ideologiyalar da belədir: onlar yeni fikrin doğulduğu torpaqdır. Mənim fikrimcə, Qurani-Kərimdə buyrulan fikirlər də hər idrak sahibi üçün yeni fikrin, fəlsəfənin və elmi kəşfin başlanğıcıdır. Quran özü bunu deyir: çəkdiyi misalları ancaq bilənlər anlayar.

Xurafatçı müqəddəs sözü öz beynində nağıla çevirir. Alim isə fəlsəfi və elmi baxışla onda Tanrının möcüzəsini kəşf edir. Beyin cərrahı İsmail Hakkı Aydının yolu da buna bir nümunədir: o, insan beynini araşdırdıqca təsadüfə yer qoymayan bir nizamla üzləşdiyini deyir. Elm onun üçün imanın rəqibi deyil, eyni həqiqətə başqa qapıdan baxmaqdır.

Bir damla və bir söz

Bir damla suya baxıram. Gözə görünməyəcək qədər kiçikdir, amma içində saysız-hesabsız zərrə var. İnsan da bir damladan başlayır və o bir damlada bütöv bir insanın planı yazılıb. Tanrı insana bu sirri elmlə kəşf etdirdi.

Amma o damlanın özü bir sözlə başlamışdı. Quranda deyilir ki, Allah bir şeyin olmasını istəyəndə ona sadəcə «Ol!» deyir və o, olur.Dünya sözlə başladısa, söz də o damla kimidir: doldurduqca yeni fikir, yeni elm doğur. Damla bitmir, dünya bitmir. Söz bitmir, elm bitmir.

Son söz

Bu dörd fikri yan-yana qoyanda bir dairə görürəm. Söz heyrətdən doğdu. Oxuyanın idrakında min mənaya bölündü. Müqəddəs kitabda kiminə nağıl, kiminə kəşf oldu. Və bir damla kimi, doldurduqca yenidən doğmağa davam edir.

Bəlkə də ona görə yazıram. Bilirəm ki, sözlərim məndən çıxan kimi başqasının olacaq. Amma hər oxucuda yeni bir fikir doğursa, deməli, yazdığım söz yaşayır.

“Ol” əmri ilə başlayan möcüzə sözdə sonsuza qədər davam edir.

Müəllif:Namiq Tofiqoğlu

məna min...Namiq Tofiqoğlu yazır:Söz bir