Mənim fikrimcə, insan Tanrının sübutudur, Tanrı isə insan idrakının axtardığı həqiqətdir. Bu iki cümlə bir-birinə söykənir. Birini götürsən, o biri yarımçıq qalar.
Bunu anlamaq üçün uzağa getmək lazım deyil. İnsanın özünə baxması kifayətdir.
Təbiət insanda özünü tanıyır
İnsan öz bədəninə diqqətlə baxanda orada bütün təbiəti görür. Bizdə axan su çaylardakı sudur. Sümüyümüzdəki mineral dağın daşındakı mineraldır. Biz təbiətə qonaq gəlməmişik, onun içindən çıxmışıq.
Amma insanda bir şey də var ki, onu daşda, suda görmürük: insan düşünür. Su axdığını bilmir, dağ uca olduğundan xəbərsizdir. İnsan isə həm yaşayır, həm də yaşadığını bilir.
Mənim üçün ən heyrətli məqam budur: maddə insanda özünə baxmağa başlayır. Təbiət insanı meydana gətirir, insan isə idrakı ilə təbiəti yenidən kəşf edir. Belə çıxır ki, təbiət insanın simasında özünü tanımağa yol açıb.İnsan anladığını içində saxlamır. Onu sözə, elmə, fəlsəfəyə, mənəvi dəyərə çevirir. Mövcudluğu ilə varlığın bir parçasıdır, idrakı ilə onu anlayır, ifadəsi ilə anladığını dilə gətirir.
Bəs Tanrı haradadır?
Mən Tanrını göyün uzaq bir qatında axtarmıram. Onu təbiətin ahəngində, varlığın bütövlüyündə və insanın həqiqəti bilmək istəyində görürəm.Burada məni düşündürən bir uyğunluq var. Kainat müəyyən qanunlarla işləyir, insan ağlı isə məhz bu qanunları anlaya bilir. Onları öyrənir, riyazi dilə çevirir, sonra bu biliyin üzərində yeni kəşflər edir. Dünyanın quruluşu ilə onu dərk edən ağlın görüşdüyü bu yerdə insan heyrətlənməyə bilmir.
Gözəllik də belədir. Dağ öz ucalığında, çay öz axarında, ağac öz böyüməsində, insan isə öz düşüncəsində təbiətin ahəngini ifadə edir. Təbiətin gözəlliyi onu duyan baxışla mənəvi məna qazanır. Təbiət insanın içində təkcə maddə kimi yaşamır, hiss, düşüncə və məna kimi də yaşayır. Təbiət insanda özünü göstərir, insan isə idrakı ilə təbiətin mənasını açmağa çalışır.
Üçünün vəhdəti
Bu qarşılıqlı bağ dərinləşəndə insan gözəlliyi təkcə görmür, onun arxasındakı nizamı da anlamaq istəyir. Gözəllik göz oxşayan mənzərədən ibarət deyil. O, uyğunluqdur, tarazlıqdır,müxtəlifliyin içindəki birlikdir. İnsan bu birliyi içində duyanda mən bunu Tanrının təcəllisi kimi mənalandırıram.
Burada səmimi olmalıyam: bu, laboratoriyada təsdiqlənən sübut deyil. Elm təbiətin qanunlarını araşdırır. Fəlsəfə bu qanunların mənasını soruşur. İnanc isə həmin mənanı Tanrı ilə bağlayır.
Mənim dediyim elmin yerini tutmur. Bu, insanın varlığa, təbiətə və öz idrakına baxıb verdiyi fəlsəfi və mənəvi izahdır. “Sübut” sözünü də bu mənada işlədirəm: insan Tanrını ölçüb göstərmir, öz varlığı ilə ona şahidlik edir.
İnsan təbiətə kənardan baxan tamaşaçı deyil. O, təbiətin içində yaranıb, onu anlamağa çalışır və idrakı ilə ona məna verir. Tanrını varlığın mənbəyi kimi qəbul edəndə insan bu varlığın özünü dərk etməyə çalışan təzahürlərindən biri olur. Ona görə də insanın özünü tanıması təbiəti tanımaqdan, təbiəti tanıması isə varlığın mənası haqqında düşünməkdən ayrılmır.Varlıq mövcuddur, təbiət onu ifadə edir, insan isə onu dərk edib sözə çevirir.
Beyindəki fırtına
Bəs insan dərk etməyə haradan başladı? Mənim fikrimcə, elm də, fəlsəfə də sakit bir otaqda doğulmayıb. Onların kökü qorxudadır. Təbiət hadisələri insanda təəccüb, həyəcan və qorxu yaratdı. İldırım çaxdı, insan qorxdu. Qorxdu, gizləndi.
Sakitləşəndən sonra isə özündən soruşdu: bu nə idi?
Qorxudan qorunma doğdu, qorunandan sonra isə insan baş verənə məna verməyə başladı. Həmin sual artıq çöldə yox, insanın içində qopan fırtına idi. Təbiətdəki fırtınadan sonra insan beynində fırtına yarandı. Bugünkü elmin və fəlsəfənin əsası insan beynindəki bu fırtınalardır.Göydəki fırtına keçib gedir. Beyindəki fırtına isə dayanmır. Biz hələ də axtarırıqsa, o fırtına hələ də davam edir.
Bitməyən fikir
Tanrını görmək üçün göyə baxmağa ehtiyac yoxdur. Bir fikrin içindən başqa bir fikrin necə doğulduğuna baxmaq kifayətdir.Bitməyən fikir sonsuzluğu, hər fikirdən yeni bir fikrin doğuşu Tanrıdır.İnsan bir şeyi anlayan kimi qarşısında yeni bir sual açılır. Bir kəşf o birinə qapı olur. Bu zəncirin son halqasını hələ heç kim görməyib.Hər bir elmi fikir, fikirdən doğan kəşf və o kəşfdən doğan yeni kəşf Tanrının sonsuzluğunun sübutudur.
Ali şüurun ətaləti
Bu sonsuz zəncirin bu günkü halqası süni intellektdir.Süni intellekt milyon illər boyu insanın dünyanı, özünü və Tanrını dərk etməsinin toplanmış nəticəsidir. O, şüurun dünyanı dərk edib dünyaya hakim olduğunu insana sübut edir.Amma burada bir dairə qapanır. İlk insan nə özünü, nə dünyanı dərk edirdi. Göy guruldayanda, yer titrəyəndə donub qalırdı. Sonra şüuru ilə dünyanı kəşf etdi və ona hakim oldu. İndi isə öz kəşfinin qarşısında dayanıb və yenə donub qalır.
İbtidai şüur təbiət qarşısında ətalət yaratdığı kimi, ali şüur da elm və süni intellekt qarşısında ətalət yaradacaq.
İnsan nə qədər çox bilsə, bilmədiyi də bir o qədər böyüyür.İnsan idrakının da, idraksızlığının da quludur.Mən bunu zəiflik saymıram. İdrak nə qədər yüksəlsə də, ondan yuxarıda həmişə nəsə qalır. Bu, Tanrının dünyanı idrakının möcüzəsidir və Tanrının böyüklüyünün sübutudur.
Təbiiyə qayıdış
Eyni dairəni insanın gündəlik həyatında da görürəm.Qədim və orta əsrlərdə insan təbiətdən aldığı qidanı təbii şəkildə istehsal edir və təbii şəkildə yeyirdi. Bu, seçim deyildi, sadəcə həyat tərzi idi.Müasir dövrdə kimyəvi maddələrin və sintetik qatqıların kəşfi çox şeyi süniləşdirdi. Məqsəd məhsulun daha uzun qalması idi, nəticədə isə süfrəmiz təbiətdən uzaqlaşdı.
İndi insan yenə təbii məhsul, təbii həyat axtarır. Fərq ondadır ki, keçmişdə ibtidai şəkildə yaşadığı bu həyatı bu gün rahat yaşamaq üçün ona maddi güc lazımdır.Demək ki, insan yenə təbii həyata dönmək istəyir, sadəcə daha rahat şəraitdə.İnsan təbiətdən çıxıb, təbiəti dərk edib və sonda yenə ona qayıdır. Bu dəfə şüurlu şəkildə.
Dərk edənin məsuliyyəti
Bütün dediklərimi üç fikirdə toplaya bilərəm. Təbiət insanın varlığının mənbəyidir. İnsan idrakı təbiətin özünü anlamaq imkanlarından biridir. Tanrı anlayışı isə insanın təbiətdəki ahəngə, bütövlüyə və varlığın mənasına verdiyi ən dərin mənəvi izahlardan biridir.
Təbiətin harmoniyası insanda, insanın idrakı isə təbiətin anlaşılmasında tamamlanır. Tanrı bu vəhdətin mənası kimi dərk olunur.Bu baxış insanı təbiətdən ayırmır, onu təbiətin bir parçası kimi öz yerinə qoyur. Amma çiyninə bir yük də qoyur. Dərk edən varlıq dərk etdiyinə görə cavabdehdir. İnsan anladığını əxlaqi məsuliyyətlə ifadə etməyə borcludur.
Müəllif: Namiq Tofiqoğlu
KANAL32.az