Namiq Tofiqoğlu yazır: İçimizdə Susmayan Səs

Gecə hər şey susanda belə insan tam sükutu eşitmir. Ürəyin döyüntüsü, uzaqdan gələn külək, içimizdə dolaşan bir fikir… Səs bizi heç vaxt tərk etmir. Bəlkə də ona görə ki, biz səsdən doğulmuşuq.

Təbiət danışdı, insan dinlədi

İnsan hələ söz bilmirdi, amma eşidirdi. İldırımın gurultusu onu qorxudur, suyun şırıltısı sakitləşdirir, küləyin uğultusu düşündürürdü. Qarın xırçıltısında, dolunun daşa dəyməsində, heyvanların nərəsində dünya özünü ona tanıdırdı. İnsan bu səslərə cavab verdi: əvvəl çığırtı ilə, sonra təqlidlə, daha sonra sevincini və qorxusunu adlandıran sözlərlə.

Təbiət danışdı, insan onu təkrarladı, təkrardan söz doğdu…

Bu yol hər birimizdə yenidən keçilir. Körpə dünyaya gözünü açmamış, hələ ana bətnində səsləri eşitməyə başlayır. İnsan dünyanı əvvəl qulağı ilə tanıyır.

Daşdan neyə

Sonra insan səsi təkrarlamaqla kifayətlənmədi. Ağacı ağaca, daşı daşa vurdu və anladı ki, səs onun öz əlindən də doğa bilər. Mağaranın boşluğuna səsləndi, səs ona geri döndü. Öz səsinin özünə qayıtmasını heyrətlə dinlədi, təkrar-təkrar oyatdı. Bu təkrardan ov ayinləri, mərasim rəqsləri doğdu. Qobustandakı Qavaldaş bunun canlı yadigarıdır: ona daşla vuranda qaval kimi səslənir, yanındakı qayalarda isə əl-ələ verib rəqs edən insanlar həkk olunub.

Zaman keçdikcə insan idrakı böyüdü, səs də onunla birlikdə böyüdü. Daşın səsi sümük tütəyə, tütək neyə, ney saza, tara, kamançaya, sonra orqana və skripkaya çevrildi. Səs özünə sənətkar tapdı: aləti düzəldən usta, onu dilləndirən ifaçı, səsləri ahəngə düzən bəstəkar, səsi ürəyə çatdıran müğənni.

Ruhun səsi yenidən, bu dəfə musiqinin dili ilə ifadə olundu…

Mövlana «Məsnəvi»ni sözlə yox, neyin səsi ilə başlayır: ney qamışlıqdan ayrı düşdüyü üçün inləyir. Məncə, insan da elə buna görə oxuyur. Kökündən ayrı düşüb və ömrü boyu ilk eşitdiyi o səsə qayıtmaq istəyir.

İçimizdəki tərəzi

Bütün bu səslərin ən dərini isə içimizdədir. Russo vicdanı «ilahi instinkt, ölməz və səmavi səs» adlandırırdı. Mən də düşünürəm ki, vicdan insanın içindəki Tanrının səsidir.

İnsanı hərəkətə gətirən altı qüvvə var. Zəka, nəfs və eqo şeytani üçlükdür: zəka hiylə qurar, nəfs istəyər, eqo «mən» deyər. Ağıl, vicdan və ruh rəhmani üçlükdür: ağıl haqqı seçər, ruh bağlayar. Vicdan isə tərəzidir, bu iki üçlük arasında son sözü o deyir. Hamımız o anı tanıyırıq: hamı susanda belə içimizdə susmayan bir səs olur.

Vicdan tərəzidir, Rəhmanidir və Tanrının səsidir…

Söz fərqli, məna bir

İldırım Bakıda da, Tokioda da eyni gurlayır. Təbiətin səsi hər yerdə eynidir, ondan doğan sözlər isə fərqlidir. Bir xalqın muğamı, o birinin simfoniyası, başqasının dəf ritmi bir-birinə bənzəmir. Amma bir-birinin dilini bilməyən iki insan bir-birinin göz yaşını tərcüməçisiz anlayır. Coğrafiya fərqlidir, ruh, cism və düşüncə isə eynidir.

Fərqli səs fərqli idrakdan doğur, amma anlamı birdir…

Bəlkə də ona görə insan susanda belə dinləyir. Çünki dinlədiyi təkcə dünya deyil, öz içidir. Orada ildırımın da, neyin də, vicdanın da səsi bir yerdə danışır.

Səs vicdandır, səs Tanrıdır. Səs təbiətdir. Səs insanla kainatın vəhdətidir…

 

Müəllif: Namiq Tofiqoğlu

Namiq Tofiqoğlu yazır: İçimizdə Susmayan Səs