Naftalanda şəhid ailələrinin və qazilərin müalicəsinə xüsusi diqqət-FOTOLAR

Naftalanda şəhid ailələrinin üzvləri və qazilərin bərpa-müalicəsi uğurla davam etdirilir.

KANAL32-nin məlumatına görə şəhid ailələrinə, qazilərə dövlət və cəmiyyət tərəfindən göstərilən yüksək diqqət və qayğı onların sağlamlığının bərpası istiqamətində həyata keçirilən tədbirlərdə öz əksini tapır. Bu sahədə mühüm fəaliyyət istiqamətlərinə malik olan sağlamlıq müəssisələrindən biri – “Möcüzəli Naftalan Sağlamlıq Mərkəzi”ndə ictimaiyyət fəalları və medianın iştirakı ilə maraqlı tədbir keçirilib.

İştirakçıların diqqətinə çatdırılıb ki, müasir tibbi avadanlıqlarla təchiz olunmuş, peşəkar və yüksək ixtisaslı həkim kollektivi ilə fəaliyyət göstərən bu sağlamlıq mərkəzi Şəhid ailələrinin üzvləri, Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi iştirakçılarının reabilitasiyası sahəsində ixtisaslaşmış aparıcı müəssisələrindən sayılır. Burada döyüşlər zamanı yaralanmış və müxtəlif xəsarətlər almış qazilərin, digər imtiyazlı şəxslərin sağlamlıqlarının bərpası istiqamətində müasir tibbi yanaşmalar əsasında effektiv müalicə və reabilitasiya xidmətləri göstərilir.

Qeyd olunub ki, hazırda sağlamlıq mərkəzində hazırda 200 nəfərə yaxın şəxs müalicə alır. 2026-cı ilin əvvəlindən indiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göndərişi ilə qəbul olunan 1400-dən artıq şəhid ailəsinin üzvü və qazi əvvəlcə hərtərəfli tibbi müayinədən keçirilib, daha sonra onların sağlamlıq vəziyyətinə uyğun fərdi müalicə və reabilitasiya proqramı müəyyən edilib. Cari ilin sonunadək bu prosesin davam etdirilməsi nəzərdə tutulub. Qeyd etmək lazımdır ki, burada müalicə kursu 14 gün davam edir.

Mərkəzdə əsasən dayaq-hərəkət sistemi, oynaq və digər əlaqəli xəstəliklərdən əziyyət çəkən şəxslərin müalicəsi həyata keçirilir. Müalicə proqramına masaj, müalicəvi bədən tərbiyəsi, fizioterapiya, iqlaterapiya, ozonoterapiya, hidrokolonoterapiya, eləcə də müalicəvi təsiri ilə tanınan Naftalan neft vannaları daxildir.

Sağlamlıq Mərkəzində həyata keçirilən reabilitasiya tədbirləri pasiyentlərin funksional imkanlarının bərpasına, gündəlik həyat fəaliyyətinə qayıtmalarına və həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

 

Ehtiram Muradov

Naftalanda şəhid ailələrinin və qazilərin müalicəsinə xüsusi diqqət-FOTOLAR