“Heydər Əliyev və Müstəqil Azərbaycan Konstitusiyası: Gənclərin Düşüncəsilə” layihəsi uğurla yekunlaşıb.
Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə “Müasir Gənclik və Sosial İnkişaf” İctimai Birliyi tərəfindən həyata keçirilən “Heydər Əliyev və Müstəqil Azərbaycan Konstitusiyası: Gənclərin Düşüncəsilə” adlı layihə uğurla başa çatdırılıb.
KANAL32.az-a verilən məlumata görə,layihə Quba, Qusar və Xaçmaz rayonlarını əhatə edərək gənclərin hüquqi maarifləndirilməsi, Konstitusiya dəyərləri və Ümummilli Lider Heydər Əliyevin dövlətçilik ideyalarının təbliği məqsədilə icra olunub. Layihə çərçivəsində gənclərlə görüşlər, seminarlar, interaktiv müzakirələr və maarifləndirici tədbirlər təşkil edilib.
Tədbirlər zamanı gənclərə Azərbaycan Respublikasının Konstitusiyasının əsas prinsipləri, hüquq və vəzifələr, hüquqi dövlət quruculuğunda gənclərin rolu, eləcə də Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin formalaşmasındakı tarixi rolu barədə geniş məlumat verilib. İştirakçılar Konstitusiyanın gənclərin həyatındakı əhəmiyyəti və hüquqi düşüncə tərzinin formalaşdırılması mövzusunda fikir mübadiləsi aparıblar.
Layihə region gənclərinin hüquqi biliklərinin artırılmasına, vətəndaşlıq mövqeyinin gücləndirilməsinə və dövlətçilik ideyalarına bağlılığın möhkəmləndirilməsinə töhfə verib. İştirakçılar layihənin faydalı və maarifləndirici olduğunu vurğulayaraq bu kimi təşəbbüslərin davamlı olmasının vacibliyini qeyd ediblər.
“Müasir Gənclik və Sosial İnkişaf” İctimai Birliyi gələcəkdə də gənclərin hüquqi, sosial və vətəndaşlıq fəallığının artırılmasına yönəlmiş layihələrin həyata keçirilməsini planlaşdırır.