“Vətənpərvər” Misirdəki Azərbaycan Diaspor Təşkilatları Birliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan dili kurslarının müdavimi Fatima Şakir diplomların təqdimatı mərasimində xalqımızın Vətən müharibəsində şanlı Qələbəsini tərənnüm edən şeir söyləyib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanı çox sevdiyini və bu səbəbdən dilimizi öyrəndiyini bildirən misirli tələbə qız ilk dəfə görkəmli şairimiz Səməd Vurğunun “Azərbaycan” şeirini səsləndirib. Onun daha sonra söylədiyi Vahid Əzizin “Qələbəli Azərbaycan” şeiri müxtəlif millətlərdən olan tələbələr tərəfindən alqışla qarşılanıb.