Qahirədə Misir-Azərbaycan Dostluq Cəmiyyətinin rəsmi açılış mərasimi keçirilib. Mərasimdə Misirdə səfərdə olan Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyevin başçılıq etdiyi nümayəndə heyətinin üzvləri, Azərbaycanın Misirdəki səfiri Tural Rzayev və səfirliyin əməkdaşları, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin üzvü, parlamentin Din Komissiyasının sədri Şeyx Əli Cuma, bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər.
Açılışı bildirən qırmızı lent kəsildikdən sonra mərasim iştirakçıları cəmiyyətin binası, buradakı sinif otaqları və Azərbaycan dili bölməsi ilə tanış olublar.
Azərbaycanın və Misirin dövlət himnləri səslənib.
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov cəmiyyətin fəaliyyət istiqamətlərinin xalqlar arasında dostluq əlaqələrini möhkəmləndirmək, elmi, mədəni və dini fəaliyyətlər, sosial yardımlar göstərmək, yoxsul ailələrin sosial rifahının yüksəltməkdən ibarət olduğunu qeyd edib. O əlavə edib ki, Misirdə 2014-cü ildən bəri fəaliyyət göstərən diaspor mərkəzi bundan sonra öz fəaliyyətini yeni qurulmuş dostluq cəmiyyətinin nəzdində davam etdirəcək. Bu günədək mərkəzdə dünyanın 40-dan çox ölkəsindən olan 1500-dən çox tələbə Azərbaycan dili başda olmaqla, müxtəlif fənlər üzrə ödənişsiz təhsil alıb. Cəmiyyətin hədəfləri hazırda dünyanın 35 ölkəsindən olan 400-dən çox tələbəyə ödənişsiz təhsil vermək, eyni zamanda, daha çox tələbəni tədris prosesinə cəlb etməkdir. Burada təhsil almaq istəyən gənclərin sayı getdikcə artır və 40 nəfərdən artıq tələbə müxtəlif fənlər üzrə siyahıya alınıb. Son 3 ay ərzində 40-dan çox tələbə Azərbaycan dilini öyrənmək üçün müraciət edib və yaxın günlərdə onlar üçün də yeni kurslar təşkil olunacaq.
Tədbirdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev komitənin fəaliyyəti barədə məlumat verib. O, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin iki dost ölkə arasında münasibətlərin inkişafında yeni mərhələ adlandırıb. E.Əliyev vurğulayıb ki, Misirdə yaşayan azərbaycanlıların sayı çox olmasa da, diaspor təşkilatı səmərəli fəaliyyət göstərir. Diaspor mərkəzində dünyanın müxtəlif ölkələrindən olan tələbələr Azərbaycan dilini öyrənir, xalqımızın mədəniyyəti, ədəbiyyatı və müasir həyatı ilə yaxından tanış olurlar.
Şeyx Əli Cuma Misir-Azərbaycan Dostluq Cəmiyyətinin təsis edilməsini əlamətdar hadisə kimi qiymətləndirərək bildirib ki, cəmiyyətin nəzdində fəaliyyət göstərən kurslarda Azərbaycan və ərəb dillərinin tədrisi, həmçinin Quran və xəttatlıq dərslərinin keçirilməsi təqdirəlayiqdir. O əlavə edib ki, Misir parlamentinin komissiya sədri kimi bu fəaliyyətlərə hər cür dəstək verməyə hazırdır.
Sonda misirli və digər ölkələrdən olan tələbələr Azərbaycan dilində şeirlər söyləyib, Dövlət Himnimizi ifa ediblər.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə