Misir-Azərbaycan Dostluq Cəmiyyətində tələbələrə diplomlar təqdim edilib

Misir-Azərbaycan Dostluq Cəmiyyətində müxtəlif fənlər üzrə ödənişsiz əsasda təhsil alan tələbələrə diplomların təqdimatı mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə müxtəlif ölkələrdən olan tələbələrə 73 diplom və sertifikat təqdim olunub.

Tədbirdə çıxış edən Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Azərbaycanın Misir və digər ərəb ölkələri ilə əlaqələrinin tarixindən və hazırkı yüksək səviyyəsindən bəhs edib.

O qeyd edib ki, 2014-cü ildən fəaliyyət göstərən Cəmiyyətdə indiyədək 40 ölkədən 1500-ə yaxın tələbə təhsil alıb və hazırda 35 ölkədən 400-dən çox gənc ödənişsiz əsasda təhsilini davam etdirir.

S.Nəsirov vurğulayıb ki, Cəmiyyətin fəaliyyətinin əsas məqsədi xalqlar arasında dostluğun möhkəmlənməsi, elm, mədəniyyət və din sahələrində əlaqələrin inkişafı, habelə tələbələrə sosial xidmətlərin göstərilməsidir. Burada Azərbaycan və ingilis dilləri, “Qurani-Kərim”in qiraəti, ərəb dilinin qrammatikası və ədəbiyyat, bəlağət və məntiq elmi, xəttatlıq, dekorasiya fənləri tədris olunur.

Diplomların təqdimatı mərasimi Misir, Səudiyyə Ərəbistanı, İraq, Livan, Əlcəzair və digər ərəb ölkələrinin mətbuatında geniş işıqlandırılıb.