Brilyant Əhmədova: “Mən vəzifə ilə ucalmaq istəməmişəm”.
Mingəçevir təhsilinin inkişafında xüsusi xidmətləri olan dəyərli ziyalılarımızla maraqlanarkən,təqaüddə olmasına baxmayaraq bu günün özündə də adı çəkiləndə həmişə böyük hörmətlə xatırlanan qabaqcıl maarif işçisi ,”Şöhrət” ordenli Brilyant Əhmədovanı deyirlər.
Brilyant Əhmədova Mingəçevir təhsilinə verdiyi töhfələrlə iz buraxmış pedaqoqdur. 83 yaşlı müəllimə öz dövrünün ən dəyərli,ən savadlı və peşəsini sevən,şagirdləri sevən müəllimlik peşəsində şərəf və ləyaqətlə çalışan pedoqoq olub.
Bu gün-martın 21-i Brilyant müəllimənin doğum günüdür. Onunla elə bu özəl gündə görüşüb həmsöhbət olduq. Xanım-xatun müəllimənin bu görüşdən çox məmnun olduğunu gördük.Belə şərəfli müəllim ömrü yaşamış kamil insanlarla görüşmək özü böyük savabdır, desək yanılmarıq.
Brilyant müəllimə zəhmətkeş müəllim, təcrübəli pedaqoq olmaqla yanaşı, həm də çox işgüzar, yardımsevər, qohumcanlı, yaxşılıqlara dolu bir xanımdır. Həm də mütaliə etməyi də çox sevir. Özünün balaca kitabxanası var. Hərdən boş vaxtlarında da kitab oxuyur.
Brilyant müəllimə deyir ki,atasının arzusu ilə müəllimlik peşəsinə yiyələnib.Belə demək mümkünsə Brilyant müəllimə ömrünü adı kimi yaşayıb. Müəllimə deyir ki,bu sözü deməsəm olmaz:” Atamın müəllimlik peşəsindən çox xoşu gəlirdi. Onun arzusu mən oxuyub müəllim olmağımı istəyibmiş.Atamızı çox erkən itirdik.O,məni müəllim kimi görə bilmədi.Ona görə də demək istərdim ki,bu cığırı mənim həyatıma atam saldı.Mən də müəllim ömrünü bir çırağa bənzədirəm”.
-Sizi mingəçevirlilər necə tanıyır?
-Məni Mingəçevirdə hamı bioloq kimi tanıyır. O vaxtkı H.B.Zərdabi adına Kirovabad Pedoqoji İnstitutunun Kimya- Biologiya və Kənd Təsərrüfatı əsasları fakultəsini bitirmişəm. Bədii ədəbiyyatı çox sevmişəm. Ədəbiyyatçı olmaq istəmişəm. Amma Yetər adlı kimya müəlliməmi o qədər çox sevmişəm ki,o,mənim idealım idi ona görə də o fənni çox sevdim və bir kimyaçı kimi yetişdim.
-Bəs əsl müəllim ilk növbədə hansı meyarların daşıyıcısı olmalıdır?
-Birinci növbədə müəllim sadəliyi ilə seçilməlidir. Müəllimin zahiri bər-bəzəyi elə olmalıdır ki, şagirdlərin diqqətini dərsdən yayındırmasın, onları əsas mətləbdən uzaqlaşdırmasın. Müəllimliyi ən müqəddəs peşə kimi hər zaman ucada saxlamaq lazımdır. Qocaman müəllim kimi istəyirəm ki,gənc müəllimlər də belə görsün. Əgər adımız öyrətməndirsə, öyrədəndirsə, deməli, o, şagirdlərinə hər zaman anlayışlı, səmimi və xeyirxah hisslərlə yanaşmalıdır. Ümumiyyətlə, bu günün şagirdini təbəssümlə, sevgi ilə ələ almaq, qəlbinə yol tapmaq lazımdır.
-Yetirmələrinizlə görüşürsünüzmü?
-Qeyd edim ki, müəllim şagirdini sevməsə, özünü də sevdirə bilməz. Əvvəl sevgi- sonra tələbkarlıq, düzgün istiqamətə yönəltmək, məsuliyyət hissini artırmaq, dərin biliyə nail olmağı aşılamaq- bu kimi meyyarlarla yaxşı nəticə əldə etmək mümkündür. Allaha çox şükür edirəm ki,tanrı mənim əlimdən tutub arzularıma doğru aparıb. Ürəyimə yalnız xeyirxah hisslər doldurub. Mən həyatı və insanları- xüsusən də uşaqları çox sevirəm. İstəyirəm ki, onlar hər zaman xoşbəxt olsunlar. Belə olmasaydı bəlkə mən müəllim ola bilməzdim. İndi yetirmələrim məni görəndə elə qürur fərəhlə deyirlər ki,Brilyant müəllimə mənim müəllimim olub. Bax,bunlar mənim yaşama səbəbimdir.İndi fəxrlə deyə bilərəm ki,yetirdiyim həkimlərin səsi uzaq eldən-obadan gəlir.Saysız hesabsız olimpiya qaliblərim olub,qızıl medal alan şagirdlərim olub. Mingəçevirdə tanınmış həkimlərdən Anar , Mayılov İlham, Mayılov Tahir,Azin,Azad həkimlər mənim yetirmələrimdir.Hətta Bakıya xəstəxanaya gedəndə də orada yetirmələrimlə rastlaşıram. Düzdür, mən onları tanıya bilməsəm də, onlar məni tanıyırlar və gəlib qucaqlayıb öpürlər.
-Necə oldu ki,sizə “Şöhrət”ordeni verdilər? Məncə,Mingəçevirdə “Şöhrət”ordeni alan ilk və tək müəllim olmusunuz.
-1986-cı il idi. Bizi Təhsil Nazirliyinə çağırdılar. İqor Petroviçi,Məhbubə müəlliməni,Ofelya Mənsurovanı və məni dəvət etmişdilər. Onların üçünə medal verdilər mənə isə “Şöhrət”ordeni.
-Siz dövlətimizin ən yüksək mükafatlarından birinə layiq görülmüsünüz. Bu sizin çoxilllik pedaqoji fəaliyyətinizlə bərabər şəxsiyyətinizə də verilən dəyərdir. Bu şad xəbəri eşidəndə hansı hissləri keçirdiniz?
-Heç ağılıma gəlməzdi ki,bizi nazirliyə orden,medal vermək üçün çağırıblar.Amma bu məni arxayın salmadı:” Mən yenə öz işimlə gücümlə oldum.Yəni arxayınlaşmadım.Ondan sonra fəxri fərmanlar,qabaqcıl maarif işçisi döş nişanı və s.ilə əməyimə qiymət veriblər.Daha sonralar məni müxtəlif vəzifələrdə işləməyə dəvət etdilər. Amma mən öz sevimli müəllimlik peşəsindən əl çəkmədim.Mən vəzifə ilə yox,öz peşəmlə ucalmaq istəmişəm”.
– Həyat ötən günlərlə yox, yadda qalan günlərlə daha maraqlı olur. Dövrümüz üçün 83 yaş da az ömür deyil. Bu baxımdan, ömür payınızdan razısınızmı?
-Tanrının bəxş etdiyi ömür payımdan yetərincə razı qalmışam. İstədiklərimə nail ola bilmişəm. Bu gün şəhərimizin hansı tərəfində oluramsa, ötən illərdə dərs dediyim şagirdlərimlə qarşılaşıram. Müəllim üçün bundan böyük xoşbəxtlik olarmı? Həm də mən ailə həyatı quranda 10 il övladım olmadı.Heç pis olmurdum Deyirdim ki,şagirdlərim mənim övladlarımdır. 10 ildən sonra Tanrı mənə 3 övlad verdi. İndi 6 nəvəm də var. Tanrıma çox şükür edirəm .Heç nədən şikayətlənməmişəm,şükranlı olmuşam istədiklərimə öz gücümlə, bacarığımla nail olmağa çalışmışam. Deyərdim ki, ömür yolumda müvəffəq ola bilmədiklərim yoxdur.
-Müəllimə, maraqlı müsahibə üçün təşəkkür edirəm və sizə bundan sonra da sağlıqlı ömür arzulayıram.
-Çox sağ olun ki,məni unutmamısınız.
Esmira Hidayətova,
Mingəçevir