Mingəçevir STEAM Mərkəzinin və Mingəçevir Gənclər Evinin birgə təşkilatçılığı, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin dəstəyi ilə robototexnika sahəsində uğur qazanan şagirdlərlə görüş və təltifetmə mərasimi keçirilib.
KANAL32.az-a verilən məlumata görə,tədbirdə Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, Azərbaycan Müəllimi qəzetinin region nümayəndəsi Aynur Arazqızı, Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü,teleparıcı İnqilab Şirinli və Mingəçevir Dövlət Universitetinin müəllimi Şəbnəm İslamova,məktəb direktorları və müəllimlər iştirak ediblər.
Tədbirin açılış nitqini Mingəçevir STEAM Mərkəzinin koordinatoru Müşfiq Tariverdiyev edib. Çıxışlarda regionda STEAM təhsilinin inkişafı, gənclərin texnologiyaya marağının artırılması və gələcək hədəflər haqqında fikirlər səsləndirilib.
Tədbirdə çıxış edən Azad Gözəlov region gənclərinin beynəlxalq robototexnika yarışlarında qazandığı nailiyyətləri yüksək qiymətləndirərək bu uğurların sistemli fəaliyyətin və məqsədyönlü dəstəyin nəticəsi olduğunu diqqətə çatdırıb. O, gənclərin elm və texnologiya sahəsində inkişafının prioritet istiqamətlərdən biri olduğunu qeyd edib və qalib komandaları təbrik edib. Həmçinin, regional idarə tərəfindən VEX IQ Competition, VEX V5 Robotics Competition və First Lego League Respublika yarışlarında yüksək nəticə göstərən komandalar rəsmi şəkildə təltif olunub.
Çıxış edən digər qonaqlar Mingəçevirin özünəməxsus təhsil ənənlərindən danışıblar, şagirdlərin çağdaş təhsil trendlərindən geri qalmaması üçün daha çox çalışmalarını və beynəlxalq arenada qazandığı uğurları xüsusi vurğulayıblar.
Eyni zamanda tədbir çərçivəsində Mingəçevir STEAM Mərkəzinin fəaliyyəti və gələcək layihələri haqqında təqdimat keçirilib, şagirdlərin hazırladığı robotlar nümayiş olunub.
Bu uğur sadəcə medal deyil.Bu, regiondan dünyaya açılan texnologiya mesajıdır.