Mingəçevirdə “Şəhərsalma və Memarlıq ili” çərçivəsində konfrans keçirilib-FOTOLAR

Martın 4-də Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Şəhərsalma və Memarlıq ili” çərçivəsində elmi-nəzəri konfrans keçirilib.
KANAL32.az-a verilən məlumata görə,tədbir öncəsi Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyularaq ehtiram ifadə olunub. Mərkəzin foyesində MDU-nun və təhsil müəssisələrinin təşkil etdiyi sərgiyə baxış keçirilib. Şəhər rəsmilərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və dövlət müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş film nümayiş etdirilib.
Tədbiri açan İcra Hakimiyyətinin başçısı İlham İsmayılov geniş məruzə ilə çıxış edərək bildirib ki, ölkə Prezidenti İlham Əliyev 22 dekabr 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2026-cı ili “Şəhərsalma və Memarlıq ili” elan etmiş, Sərəncama uyğun olaraq Tədbirlər Planı təsdiq edilmişdir. Həmin Tədbirlər Planına müvafiq olaraq Mingəçevir şəhər İcra Hakimiyyətinın 26 fevral tarixli sərəncamı ilə Təşkilat komitəsi yaradılmış, Tədbirlər Planı təsdiq edilmiş, şəhərin idarə, müəssisə və təşkilatlarına göndərilmişdir. Şəhərimizdə il ərzində konfranslar, forumlar, dəyirmi masalar, seminarlar, müsabiqələr, müxtəlif mədəni kütləvi tədbirlər, ağacəkmə aksiyalarının keçirilməsi nəzərdə tutulur.
İcra başçısı qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illər Azərbaycan şəhərsalma və memarlığının inkişafında xüsusi mərhələ təşkil edir. Tarixən təşəkkül tapmış Azərbaycan şəhərlərinin və bütöv şəhərsalma sistemlərinin qorunması ilə bağlı həmin illərdə Ulu Öndərin təşəbbüsü əsasında vacib qərarlar qəbul edilmiş, tədbirlər həyata keçirilmiş, memarlıq abidələrinin bərpası üzrə planlı iş aparılmış, memarlıq və şəhərsalma fəaliyyətinin davamlılığını təmin edən təsisatlar qurulmuşdur. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra şəhər quruculuğu sahəsindəki yeni təzahürlər ölkədə inşa edilən monumental komplekslərin memarlıq həllində özünü qabarıq büruzə vermişdir.
Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev hakimiyyətinin ilk illərindən başlayaraq bu məsələyə xüsusi diqqət yetirir, paytaxtda və regionlarda yeni və müasir memarlıq incilərinin tikintisinin reallaşmasına nail olur. Uzun illər işğal altında qalan və viran qoyulan ərazilərimizdə 44 günlük Vətən müharibəsindəki Zəfərin ardınca həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycan dövlətinin memarlıq və şəhərsalmaya müfəssəl baxışını aydın nümayiş etdirir. Böyük Qayıdışa dair I Dövlət Proqramına müvafiq qaydada “Yaşıl enerji” zonası elan edilmiş bu ərazilərdə 2020–2025-ci illərdə – dünya memarlıq-inşaat təcrübəsində az rast gəlinən qısa bir müddətdə 100-dən artıq yaşayış məntəqəsi, o cümlədən 12 şəhər üzrə planlaşdırma sənədləri hazırlanmış və quruculuq işlərinə başlanılmışdır. Azərbaycanın mədəniyyət paytaxtı, xalqımızın qürur mənbəyi Şuşa şəhərinin əvvəlki memarlıq mühiti və əsl tarixi siması bərpa edilməklə dirçəldilməsi isə milli iradənin təzahürüdür.
2026-cı ildə “Dünya Şəhərsalma Forumu”nun Bakıda keçirilməsi Azərbaycanın qlobal urbanizasiya gündəliyinin formalaşmasında artıq fəal iştirakçı və etibarlı tərəfdaş kimi çıxış etdiyini təsdiqləyir.
Mingəçevirin tarixinə və quruculuq işlərinə diqqət yönəldən İlham İsmayılov 11 noyabr 1948-ci ildə şəhər statusu almış, ərazisi 139 kvadrat kilometr olan Mingəçevir şəhərinin Azərbaycan memarlıq tarixində mühüm əhəmiyyəti olduğunu vurğulayıb. Ulu Öndərin hakimiyyəti dövründə Mingəçevirdə böyük quruculuq işlərinin həyata keçirilməsindən, Energetiklər yaşayış massivinin salınmasından bəhs edərək təhsil, səhiyyə, mədəniyyət və digər müəssisələrin tikilib istifadəyə veridiyini də diqqətə çatdırıb.
Şəhər rəhbəri qeyd etdi ki, Cənab Prezident İlham Əliyev Ulu öndərin ənənəsinə sadiq qalaraq Mingəçevir şəhərini daim diqqət mərkəzində saxlayır. “Mingəçevir şəhərinin Azərbaycanın və nəinki Azərbaycanın, bütün Qafqazın energetika mərkəzi kimi yeni dövrü başlayır” deyən İlham Əliyev Mingəçevirdə yeni bir 1880 meqavat gücündə “8 Noyabr” Elektrik Stansiyanın tikilib istifadəyə verilməsində öz töhfəsini verib. Məhz bu dövrdə Mingəçevirdə yeni müəssisələr, muzeylər, mədəniyyət mərkəzləri, ali və orta məktəblər, otellər, sənaye müəssisələri tikilib istifadəyə verilib ki, bu da insanların yeni işlə təminatına imkan yaradıb.
Fərəhlə qeyd olunmalıdır ki, Mingəçevir Su anbarı ətrafında 367,66 ha ərazidə “Mingəçevir Turizm və Rekreasiya Zonası”nın yaradılması planlaşdırılmışdır ki, onun da 191,45 ha ərazisi turizm üçün nəzərdə tutulmuşdur. “Şəhərsalma və Memarlıq ili” ilə bağlı Prezidentin sərəncamı qarşımıza yeni vəzifələr qoyur. Memarlıq baxımından yeni işlər görülməli, müasir layihələr icra olunmalıdır. Bu o deməkdir ki, hər birimizin üzərinə böyük məsuliyyət düşür və vəzifələrimizin yerinə yetirilməsində bütün qüvvələrimizi səfərbər etməliyik.
Tədbirdə Mingəçevir Dövlət Universitetinin müəllimi, Mingəçevir Bələdiyyəsinin üzvü Xədicə Süleymanlı “Azərbaycanda şəhərsalmanın inkişafı və memarlıq abidələrinin qorunması dövlət siyasətində prioritet sahədir”, İHB aparatının Tikinti və memarlıq sektorunun müdiri- Baş memar Etibar Abdullayev “2026-cı ildə Mingəçevir şəhərinin inkişaf istiqamətləri və qarşıda duran vəzifələr”, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin müdiri vəzifəsini icra edən Tərxan Tahirli “Mingəçevir şəhərində tarixi mədəniyyət abidələri və onların qorunması vəziyyəti”, YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev “Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işləri Azərbaycanda şəhərsalma və memarlığın inkişafına böyük töhvədir” adlı məruzələrlə çıxış etmişlər. Çıxışlarda yeni inkişaf mərhələsinə qədəm qoyan ölkəmizin müxtəlif bölgələrində, azad olunan ərazilərdə və şəhərimizdə olan memarlıq abidələrinin qorunmasından, mühafizəsindən, icra olunan yeni layihələrin zənginliyindən bəhs olunub.
 
Mingəçevirdə “Şəhərsalma və Memarlıq ili” çərçivəsində konfrans keçirilib-FOTOLAR