Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun vətəndaşlarla növbəti səyyar görüşü fevral ayının 13-də keçirilib.
Kanal32.az-a verilən məlumata görə Texniki humanitar liseydə keçirilən görüşdə İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, polis şöbəsinin rəisi, şəhərin ayrı-ayrı küçə və məhəllələrindən, fərdi evlərdən gələn sakinlər, idarələrin, kommunal xidmət müəssisələrinin rəhbərləri və təmsilçiləri, mətbuat işçiləri iştirak ediblər.
Şəhər rəhbəri İlham İsmayılov çıxış edərək ölkəmizdə və Mingəçevirdə həyata keçirilən tədbirlər haqqında məlumat verdi. Bildirdi ki, ölkə rəhbərinin tapşırığına müvafiq olaraq Mingəçevirdə abadlıq-quruculuq işləri səngimir. Sakinləri narahat edən problemlərin həlli istiqamətində əməli işlər görüldüyünü qeyd etdi.
Sonra görüşdə iştirak edən vətəndaşlar çıxış edərək mingəçevirlilərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və şəhər İcra Hakimiyyətinə minnətdarlıqlarını bildirdilər.Sakinlər bəzi ərazilərdə ağacların budanması, binaların qarşısına suvarma xəttinin çəkilməsi, kanalizasiya sisteminin təmir olunması, abad məhəllərinin salınması, çoxmənzilli yaşayış binalarının təmiri, mənzil təminatı və digər məsələlərin həllinə köməklik göstərilməsini xahiş etdilər. Sakinlər eyni zamanda bildiriblər ki, şəhərin Qurbani küçəsində bir vaxtlar zibilliyə çevirilmiş dairə indi yüksək səviyyədə abadlaşdırılıb və ərazidə park salınıb.
Qəbul zamanı sakinlərin problem və təkliflərini dinləyən şəhər rəhbəri mövcud problemlərin həlli ilə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıqlarını verdi.