Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Mingəçevir şəhərində ağacəkmə aksiyaları davam etdirilir.
Kanal32.az xəbər verir ki,növbəti ağacəkmə aksiyası Mingəçevir Mənzil Kommunal Təsərrüfatı və Abadlaşdırma idarəsinin təşəbbüsü ilə baş tutub.
Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul şəxsləri,YAP Mingəçevir şəhər təşkilatı, idarə, müəssisə və təşkilatların rəhbər heyəti və təmsilçiləri, şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin, Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin kollektivləri, mətbuat və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qabaqcadan ərazidə ağacların əkimi üçün çalalar qazılmışdır. Əraziyə gətirilmiş ağaclar əsasən Eldar şamlarından ibarət olub. Belə ki, hazırda planetar miqyasda baş verən qlobal iqlim dəyişmələri səbəbilə son vaxtlar Mingəçevir şəhər landşaftının formalaşdırılmasında əsasən yerli şəraitə uyğunlaşan və bol oksigen hasil edən ağacların əkilməsinə daha üstünlük verilir. Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov tədbir iştirakçılarını salamladıqdan sonra il ərzində ağacəkmə aksiyasının ardıcıl olaraq, şəhərin müxtəlif ərazilərində davam etdiriləcəyini diqqətə çatdırıb. Qeyd etmək yerinə düşər ki, il ərzində şəhərin müxtəlif ərazilərində 500 ədədə yaxın ağac tinglərinin əkilməsi nəzərdə tutulub. Start verilən ərazidə isə aksiya iştirakçıları 150 ədəd Eldar şamı əkib, suvarıb.
Qeyd edək ki,Ümummilli lideri Heydər Əliyev respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizdə ekoloji sabitliyin qorunması və ətraf mühitin mühafizəsi məsələlərinə xüsusi diqqətlə yanaşmış, paytaxt Bakı şəhərində və regionlarda yaşıllaşdırma işlərinə, yeni yaşıllıq sahələrinin yaradılmasına xüsusi əhəmiyyət vermişdir. Ulu öndərin bu mütərəqqi yanaşması, ekologiyaya olan diqqət və qayğı bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.
Mingəçevir