Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (DMA) həyata keçirdiyi “PeşəFest-2026” layihəsi bu dəfə Mingəçevir şəhərində baş tutub.
“Peşə öyrən, gələcəyini qur!” devizi ilə təşkil olunan festival şagird, tələbə və onların valideynlərini əmək bazarında aktual olan peşələr barədə məlumatlandırmaq və gənclərin peşə seçiminə dəstək olmaq məqsədi daşıyır.
KANAL32.az agentliyin məlumatına istinadla xəbər verir ki,tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı İlham İsmayılov, Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov, DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov, ayrı-ayrı dövlət və özəl təşkilatların rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
ŞİH başçısı İ.İsmayılov çıxışında əmək bazarında baş verən dəyişikliklərə uyğun olaraq gənclərin peşə və bacarıqlarının inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. O, “PeşəFest”in bu istiqamətdə maarifləndirmə işlərinin aparılması və gənclərin peşə imkanları barədə məlumatlandırılması baxımından əhəmiyyətli platforma olduğunu qeyd edib.
Mingəçevir Dövlət Universitetinin rektoru A.Eminov isə peşə bacarıqlarının inkişaf etdirilməsinin gənclərin gələcək karyera imkanlarının genişləndirilməsində mühüm rol oynadığını qeyd edib. O, “PeşəFest”in ali və peşə təhsili arasında əlaqələrin gücləndirilməsi, eləcə də tələbə və gənclərin əmək bazarına hazırlığının dəstəklənməsi baxımından əhəmiyyətini vurğulayıb.
Festival çərçivəsində peşəkarlar öz ixtisaslarına uyğun təqdimatlarla çıxış edib, təmsil etdikləri peşələrin xüsusiyyətlərini diqqətə çatdırıblar. Onlar festival iştirakçılarına peşə seçimi ilə bağlı tövsiyələr veriblər.
Qeyd edək ki, növbəti “PeşəFest-2026” sentyabr ayının 30-da Gəncə şəhərində İcra Hakimiyyətinin binası qarşısında keçiriləcək. Beləliklə, Festivalın növbəti dayanacaqları:
Gəncə – 30 sentyabr
Qazax – 2 oktyabr
Bərdə – 5 oktyabr
Saatlı – 7 oktyabr
Masallı – 9 oktyabr
Naxçıvan – 13 oktyabr
Ordubad – 15 oktyabr
Bakı – 22 oktyabr
“PeşəFest-2026”da əmək bazarında xüsusi aktuallıq kəsb edən 11 peşə və ixtisas üzrə maarifləndirici tədbirlər təşkil olunur. Bunlar barista, bərbər, tibb bacısı/tibb qardaşı, dənizçi, əşyaların interneti (ağıllı texnologiyaların internet vasitəsi ilə məlumat mübadiləsi – IoT) üzrə mütəxəssis, uçuş mühəndisi, geyim üzrə dizayner, silah mühəndisi, SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) mütəxəssisi, kibertəhlükəsizlik mütəxəssisi və UI/UX dizayner (sayt, tətbiq dizayneri) istiqamətləridir.
Festival iştirakçıları bu peşələrin özünəməxsusluqları və tələb olunan bacarıqlar barədə faydalı məlumatlar əldə etmək, mütəxəssislərlə ünsiyyət qurmaq imkanı qazanırlar.
Festivalda iştirak ödənişsizdir. Peşə seçimi ilə maraqlanan hər kəsi “PeşəFest-2026”da fəal iştiraka dəvət edirik.