Mingəçevirdə “Biz sülh istəyirik” sənədli filminin təqdimatı keçirildi-FOTOLAR

2023-cü il sentyabrın 19-da Mingəçevir Media Mərkəzində “Biz sülh istəyirik” sənədli filminin ictimaiyyətə təqdimatı keçirilib.

Film Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Mingəçevir Valideynlər Assosiasiyasının həyata keçirdiyi   “Birgəyaşayış ilə bağlı əhali arasında maarifləndirmə işlərinin aparılması” layihəsi çərçivəsində “ElTV” kanalı ilə əməkdaşlıq şəraitində çəkilib.

Filmin qəhrəmanları Kəlbəcər, Şuşa və Ağdamdan olan köçkünlərdir. Onlar 1988-ci ilə qədər Şuşada, Xankəndidə və Qarabağın digər ərazilərində Azərbaycan əsilli ermənilərlə mehriban qonşuluq şəraitində yaşayıblar. Amma 1988-ci ildə “saqqalıların” peyda olması və rus silahlılarının havadarlığı ilə münaqişə, sonra isə müharibə baş verib. Nəticədə bir milyon köçkün 30 il ərzində dədə-baba yurdlarından uzaqda məskunlaşmağa məcbur olub. Onları filmdə təmsil edən şəxslər bütün məşəqqətlərə baxmayaraq, belə hesab edirlər ki, gələcəkdə birgəyaşayış mümkündür və bunun üçün etibarlı sülh lazımdır.

Mingəçevir Valideynlər Assosiasiyasının və layihənin rəhbəri Fərman Nəbiyev, filmin ssenari müəllifi Elgiz Mahmudov, filmin qəhrəmanlarından Roza Rüstəmova və Gəray Həşimov, İcra hakimiyyəti yanında İctimai Şuranın üzvü Rizvan Mikayıllı,  “Abral” tədris mərkəzinin müəllimi Aynur Quliyeva, ELTV-nin aparıcı-redaktoru, “Kanal32”-nin rəhbəri İnqilab Şirinli,  Dini Qurumların İşi üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Əlisa Fərəcəov, “Azərbaycan Bələdiyyəsi” qəzetinin bölgə müxbiri İxtiyar Həsənli filmin nümayişindən sonra fikkirlərini bölüşüblər. Onlar bildiriblər ki, 30 ilin fraqmentləri ustalıqla ideya ətrafında birləşdirilib və yaradıcı heyət birgəyaşayışa köklənən uğurlu film ərsəyə gətirib. Birgəyaşayışa səsləyən filmdə keçmişin dərslərini unutmamaqla sülh çağırışlarının təqdir edilməsi Azərbaycanın bu günkü siyasəti ilə üst-üstə düşür və geniş auditoriya üçün ciddi mesajlar verir. Hətta təklif edilib ki, gələcəkdə bu ideyanı davam etdirmək, filmi başqa dillərə, o cümlədən ingilis və erməni dillərinə çevirməklkə ictimaiyyətə çatdırmaq məqsədəuyğun olardı.

2023-cü il iyulun 1-dən sentyabrın sonunadək həyata keçirilən  layihə çərçivəsində Yevlax rayonunun 32-ci məhəllə, Mingəçevir şəhərinin  “Yeni həyat” və Bərdə rayonunun 866 saylı  məcburi köçkün qəsəbələrindəməskunlaşan şəxslərlə fokus-qrup müzakirələri və birgəyaşayışla bağlı araşdırma aparılıb.

 

mi-news.az