Mingəçevirdə baş verən kütləvi zəhərlənmələrin səbəbləri nədir?-FOTO

Ötən gün Mingəçevir şəhərində baş verən kütləvi zəhərlənmələrin səbəbləri araşdırılır. Fərqli iddialar, fərqli fərziyyələr səsləndirilsə də hələ ki, səbəblər məlum deyil.

Aprelin 3-ü axşam saatlarında  Mingəçevirdə 15 nəfərin zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi, kütləvi zəhərlənmə məsələsini gündəmə gətirib. Amma xəstəxanaya gətirilən insanların qidadan yox məhz məlum olmayan qazdan zəhərlnənməsi eləcə də xəstəxanaya gətirilənlərin aşağı-yuxarı eyni saatda zəhərlənməsi məsələnin ciddiyyətini artırır. Bildirək ki, kütləvi zəhərlənənlər şəhərin fərqli ünvanlarında, şəhərin Maqomayev, Ü. Hacıbəyov, 20 Yanvar, Füzuli, Xətai, Nərmənov, M. Hüseyin, H. Əliyev, Nəcəf Bəy Vəzirov küçələrinin sakinləridir. Əslində fərqli ünvanlarda yaşayan insanların təqribi eyni saatda və eyni qiaqnozla zəhərlənməsi bizi də təcübləndirdi.

Faktı yoxlamaq üçün bir neçə ünvanda olduq.

Elmira Qədirova-zəhərlənən: “ Uşaqları çimdirən vaxtı, hamamda gördüm su qızmır, bir az gur gəlir, sonra iyi gəlir. Bağladım bir də açdım ki bəlkə düzələr də nəsə gur gəlirdi amma su qızmırdı. Sonra xodunu aldım sonra bilmirəm. Uşaqlarla hamamda elə üçümüz də orada nə oldu bilmirəm. Bir onu bilirəm qapını açmışam uşaqların səsinə qonşular gəlib”.

Nicat Zöhrabzadə-şəhər sakini “ Anam qapını qırıb. Mən işdəydim mən gələnə qədər qonşular kömək edib təcili yardımla aparıblar. Gəlib deyirlər ki,tüstü bacasındandır.Yaxşı tüstü bacası bircə məndə olsun hamıda eyni vaxtı olmur ki. Dünən elə bil yaralı daşıyırdılar xəstəxanaya 15 idi 16 idi adam gətirdilər. Bacadan deyil. Axşam prokurorluqdan, qaz idarəsindən gəldilər yandırdılar yoxladılar çəkirdi. Mənim fikrimcə qaza nəsə qatılıbdır. Niyə sırağagün olmurdu. Yaxşı məndə olsun, bir nəfərdə də olsun. Bəs eyni anda 15 adamda olmağı nədir sizcə”. Bəli qaza nəsə qatılır. Amma nə?

Qaza qatılan maddə haqqında elə Azəriqazın nümayəndəsi özü danışdı.

İlqar Cəfərov — Tərtər regional Qaz İstismarı idarəsinin Mingəçevir xidmət sahəsi üzrə Qəza dispeçer xidmətinin rəisi: “Qazın tərkibinə qış mövsümündə 1000 kub metr qaza 16 qram adanant əlavə olunur. Yay mövsümündə həmin miqdar 8 qram təşkil edir. Bu da abonentlərin qaz sızmasını bu iy qox bu zəhərli bir maddə deyil o hiss etdirmək üçündür, onları xəbərdar etmək üçündür”. Bəs qaz zəhərlənməsinin nə səbəbdən baş verdiyini soruşanda mütxəsis tüstü bacalarının təmiz olmamasından tutmuş su isidicilərin tam texniki şərtlə istismar olunmamasına qədər çoxlu sayda arqument gətirdi.

Amma…. İlqar Cəfərov — Tərtər regional Qaz İstismarı idarəsinin Mingəçevir xidmət sahəsi üzrə Qəza dispeçer xidmətinin rəisi deyir ki, bu qaz idarəsinə aid deyil:”2016-cı ildən müvafiq əmrə əsasən texniki baxış keçirilməsi FHN-nə alınıb verilmişdir. Azərqaz bu baxışları keçirmir. Həm də sizə bir məlumat da verim ki sayğacdan sonra bütün məsələlər, yəni tüstü bacalarının təmizlənməsi, qaz açarının hamar olması, işlədicilərin normal olması hamısına abonent cavabdehdir”. Beləliklə, hörmətli abonentlər hamamda isidicilərin quraşdırılması qadağandır. Problemi yaradan isə tüstü bacalarıdır deyib mövzunu bağlamaq istəyəndə, məlum oldu ki, qazdan zəhərlənənlər arasında olan bir ailənin hamamda yox, mətbəxdə halı pisləşib. Şəhərin 20 Yanvar 18, mənzil 10 ünvanında yaşayan ailə də zəhərlənənlər sırasında olub.

Digər -zərərçəkən: “ Hamamda bizim “pitiminutka” yoxdur. Dolubsa buradan dolub. Qaz yanırdı heç bir iyi yox idi amma rəngində problem var idi. Hiss edirdin ki fərqlidir, qırmızı yanırdı, hərdən bir göy rəng. İyi olsa bilərdik. Baş gicəllənmə, ürək bulanma, uşaq qaytardı, özüm qaytardım”. Zərərçəkən xanım iki azyaşlı qızı ilə zəhərlənərək xəstəxanada yardım alıb. Deyir ki 12 ildir bu binada yaşayır amma hələ bir dəfə hansısa bacanın təmizləndiyinin şahidi olmayıb. Bizim üçün də qaranlıq qaldı ki, bu zəhərlənmə nə səbəbdən baş verib? Bacadan yoxsa bilmədiyimiz səbəbdən.

Amma Mingəçevir şəhər prokurorluğunda məsələ ilə bağlı araşdırmalara başlanılıb. Yəqin ki, yaxın zamanlarda kütləvi zəhərlənmə məsələsinin hansı səbəbdən baş verdiyi aşkar ediləcək.

Esmira Hidayətova,

Mingəçevir