7 aprel 2026-cı il tarixində Mingəçevir Turizm Kollecində Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü, “Kanal32” Media Şəbəkəsinin təsisçisi, politoloq İnqilab Şirinlinin təşəbbüsü ilə tələbələr üçün “İnformasiya təhlükəsizliyi,saxta informasiyalara qarşı mübarizə və media savadlılığı” mövzusunda maarifləndirici seminar keçirilib.
Tədbirin əsas məqsədi tələbələrin informasiya savadlılığını artırmaq, onları saxta xəbərlərdən qorunma yolları ilə tanış etmək və rəqəmsal mühitdə düzgün davranış qaydaları barədə məlumatlandırmaq olub.
Seminar zamanı İnqilab Şirinli dövlətimizin Milli Təhlükəsizlik Konsepsiyasının tərkib hissələrindən olan informasiya təhlükəsizliyinin müasir dövrdə əhəmiyyətindən bəhs edərək, xüsusilə sosial şəbəkələrdə yayılan saxta informasiyaların cəmiyyətə mənfi təsirlərini diqqətə çatdırıb. Çıxış zamanı saxta informasiya anlayışı izah olunub, dezinformasiyanın məqsədi, təsir dairələri və yayılma formaları barədə ətraflı məlumat verilib.
Bununla yanaşı, seminar çərçivəsində kiber təhlükəsizlik mövzusuna da toxunulub. Tələbələrə internet mühitində təhlükəsizliyin qorunması, şəxsi məlumatların mühafizəsi, güclü şifrələrin seçilməsi, şübhəli link və mənbələrdən uzaq durmaq kimi vacib məqamlar izah edilib.
Bildirilib ki,hazırda dünyada ən böyük təhdidlərdən biri məhz saxta məlumatlar, dezinformasiyalar və informasiya manipulyasiyalarıdır. Saxta xəbərlər cəmiyyətin mənəvi-psixoloji durumuna təsir edir, ictimai etimadı sarsıdır, hökumət qurumlarına qarşı inamsızlıq yaradır və bəzən ciddi sosial qarşıdurma risklərini artırır.Bu baxımdan
düzgün informasiya seçimi, rəsmi mənbələrə istinad və rəqəmsal təhlükəsizlik qaydalarına riayət olunması hər bir istifadəçi üçün mühüm əhəmiyyət kəsb edir.
Seminarın sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.
KANAI32.az